Hər gün psixoloq və psixoterapevtlərə müraciət edən insanların sayı çoxalır. Beynimiz getdikcə daha çox neqativə kodlanır, ruhumuz gündəlik qayğıların əsiridir, qorxular artır.
Psixoterapevt insanın həm keçmişi, həm gələcəyi ilə işləyir.
Tanınmış psixoterapevt Rəna Tağıyeva isə həm hipnoz, həm reqressiv metod, həm də beyin proqramlaşma, eləcə də oblessiv kompulsiv terapiya ilə məşğul olur.
Medicina.az insanın həyatını az qala məhv edən problemlərinin qaynağı və həlli yolları barədə Rəna Tağıyevanın maraqlı yanaşmasını təqdim edir.
Panik atakı yaradan səbəblər – insanın həyatda daim “mən düzgün olmalıyam”
proqramı ilə yaşaması, qəlbinə sevgi və rahatlığı yaxına buraxmamasıdır.
- Rəna xanım, psixoloqla psixoterapevtin fərqi nədədir? Hansı metodlarla işləyirlər və hansı halda kimə müraciət etmək lazımdır?
- Psixoloqlar 2 tipə bölünür. Pedaqoji psixoloqlar intelektlə işləyirlər və tibbi təhsilli olmurlar. İkinci tip, emosional sfera, psixosomatik xəstəliklərlə işləyən psixoterapvetlərdir. Biz dərman təyin etmirik, onu psixiatrlar təyin edir. Biz müəyyən metodlarla xəstənin emosional durumunu, belə deyək qəlbini və ruhunu müalicə etməyə çalışırıq. Psixoterapevtlərin tibbi təhsili olmalıdır.
İnsanın nevroloji problemi, xəstəliyi varsa, ilk öncə psixiatr müalicəsi lazımdır ki, beyin sakitləşsin. Amma intelektual insanlar kateqoriyası var ki, kənardan özünü görür, problemin nədən qaynaqlandığını bilir, səhvlərini təhlil edir, psixoterapevti eşidir və anlayır, onlara dərmandan çox psixoteravtlə işləmək lazımdır.
Bəzi xəstələr var ki, ilk başdan onların psixoterapevt və psixoloqla işləməsi effektsiz olacaq. Onların birinci beyni, şüuru sakitləşməlidir ki, psixoloqu eşidə bilsin. Bunun üçün də dərman terapiyasından keçib, sonra psixoterapevtə müraciət etməlidirlər.
- Azərbaycanda çox geniş yayılan: nevroz və panik atakların səbəbləri nədir?
- Nevrozlar, panik ataklar, vaginizm, qorxular, fobiyalar, daxildəki sıxıntılar, hipertoniya, şəkər xəstəlikləri, bir çox psixosomatik xəstəliklərin emosional səbəbləri var.
Panik atakı yaradan səbəblər – insanın həyatda daim “mən düzgün olmalıyam” proqramı ilə yaşaması, qəlbinə sevgi və rahatlığı yaxına buraxmamasıdır. Ancaq hər şeydə düzgünlük axtarır, özünə qarşı bu prinsipdən tələbləri çox olur. Axı bu dünyada, həyatda 100% düzgün yaşamaq və hamını qane etmək mümkün deyil. Həyatın da öz şərtləri, qanunları var. Hər kəsin özü üçün özünə uyğun düzgünlüyü var. İnsan təşvişlə “düzgün olmalıyam” deyirsə orqanizmdə stress hormonu kortizol çoxalır, beyində serotonin azalır. Bu insanlar rahat, xoşbəxt ola bilmir. Qəlbdə rahatlıq olmur, təşviş, həyəcan artır, panik ataklar günlərin bir günü onu yaxalayır.
- Axı serotonini dərmansız, antidepressantsız yüksəltmək mümkün deyil deyirlər.
- Xeyr. Serotonini dərmansız da artırmaq mümkündür və vacibdir. Bunu psixoterapevtik metodlarla etmək olur.
- Bu gün Azərbaycanda uşaqlar arasında hansı psixoloji emosional problemlər yayılıb və hansı problemlər üzrə müraciətlər çoxdur.
- Ən çox hiperaktivlik. Bu anadangəlmə bir problem deyil. Buna səbəb valideynlərdir. Ana -ata uşağa hazır alqoritmlər verir. Belə otur, belə oxu, belə danış, bunu belə et. Uşaq özü düşünüb hərəkət edə, rəy verə bilmir. Komandaya vərdiş yaranır. Ananın səsi, atanın əmri mütləqdir. O komanda olmayanda, baş işləmir deyə qeyri-ixtiyari hiperaktiv hərəkətlər edir.
Valideynlə uşaq arasında mənəvi ünsiyyət, davranış düzgün qurulmadıqda, böyük psixoloji problemlər yaranır. Valideyn özünü uşağın üzərində qanuni hegemon sayır, onun üzərinə gedir, bu zaman uşağın avtonomiyasını, müstəqil sərhədlərini pozur, onun şəxsiyyətini əzir. Valideynlə uşaq arasında münasibətlər elə ilk başdan yanlış olur, bunun da fəsadları uşağın davranışı, xarakteri və həyatında meydana çıxır.
- O zaman psixoloq yanına övladını gətirən valideyn ilə işləmək lazımdır.
- Bəli, mən birinci bunu edirəm. Valideyn, xüsusən ana dəyişdikcə, özünün daxilindəki energetik maqnetik dalğalarını dəyişəndə , “uşağın səhvini gördüm, özümü sakitləşdirdim” deyib və sonradan siyasətlə ona müraciət edib, məqsədinə sakitliklə çatdıra bilər. Uşaq bu zaman onu eşidir və könüllü olaraq heç bir konflikt yaşamadan ananın istədiyini edir. Ona görə də öncə ana dəyişməlidir, sakitləşməlidir.
- Pandemiya dövründə ən çox hansı problemlər qabardı? İnsanlarımız nədən şikayətlənirlər. Olubmu hətta əvvəlki pasiyentləriniz də yeni şikayətərlə sizə üz tutsun.
Pandemiya qorxu gətirdi. Koronavirusdan, xəstəlikdən, ölümdən qorxan, qaçan, çəkinən və yoluxmamaq üçün hər şey edən insanların 90%-i uşaqlıqda valideynlərindən çəkinən, cəzalanmaqdan qorxan və bu qorxunu indiyə kimi daxillərində yaşadan insanlardır.
Bu o demək deyil ki, valideyn aqressiv olub, uşağı döyüb. Yox. Məsələn, valideynin xoşuna gəlmək və onun gözündə əvəzolunmaz övlad olmaq həvəsində olan və buna uyğun davranan, həyatını quran insanlar koronavirusu bir cəza kimi qəbul edirlər. Uşaq vaxtı mən nəyisə düz etməyəndə cəzalandırılırdım, indi də qorunmasam, qorxmasam xəstələnəcəm, cəzalanacam kimi düşünürlər. Hələ də uşaqlıq qorxularında ilişib qalanların koronavirus qorxusu daha ağır olur və çox zaman da elə onlar yoluxurlar.
Digər halda insan bu günü ilə yaşaya bilər. İstər sakitlik, istər pandemiya, istər müharibə olsun, onun üçün fərq etməməlidir.
Əslində pandemiya özü də bir qorxu və hökmranlıqdır.
Maska nədir, bir yaşmaqdır. Mənası: qorx, çox danışma. Cəzalanarsan.
Pandemiya dövründə bir yerdə evdə çox qalanların ailədaxili konfliktləri qabardı, daha da artdı. Ər arvad arasında, valideynlə uşaq arasında münasibətlər çətinləşdi. Bir birinin mənfi cəhətlərini daha çox gördülər. Gələcək necə olacaq, işsizlik, pulsuzluq, sağlamlıq qorxusu, xoşbəxtliklərini itirmək qorxusu da bir tərəfdən gərginliyi artırdı. Bİr evin içində hər kəsin öz müstəqillik sahəsini, ərazisini qorumaq uğrunda mübarizəsi getdi. Bir birinin sahələrinə girmək emosional gərginlik yaratdı.
Pasiyentlər arasında panik ataklardan, müxtəlif qorxulardan şikayətlər artdı.
Pandemiya davam edərsə, psixiatrik partlayış ola bilər.
İnsanlar rahatlıqlarını itirib, qəlbləri rahat deyil.
Doğru yolu tapmaq üçün mütləq Eqo, mənəm-mənəlik sınmalıdır.
- Bəs nə etməli? Beyinə, qəlbə necə rahatlıq vermək olar?
- Bunu bilmək lazımdır ki, həyat dualdır: səhər külək yağış ola bilər, günorta günəş çıxa bilər. Yəni heç nə eyni əbədi deyil və hər gün bizim istədiyimiz kimi hava ola bilməz.
İnsanlar arasında münasibətlər də elədir. Bir insanla ünsiyyətə girdikdə konfliktə girdikdə sonradan yenidən onları birinci dəfə gördüyümüz kimi güvənməliyik, qəbul etməliyik. Ağlımız artıq o insanla bağlı təcrübəni qazanır, o insan necə insandır, hansı məqamda özünü necə aparacaq.
Beyinə bir proqramı yeritmək lazımdır. rahat və xoşbəxt olmaq istəyirəm.
Hazırda bəşəriyyətdə insanlıq mənəvi cəhətdən döyülür. Nəyə görə? Pisi gördükcə, eqosunu gücləndirir. indi gör mən nə edəcəm. Və özünü həyatının hegemonu hesab edir. ELə bilir ki, özü nəsə edəcək və qalib gələcək. Amma sonra sınanda anlayır ki, səhv yolda idi.
İnsanlar o sınma nöqtəsində artıq bura gəlir, psixoterapevtə müraciət edir. Və mən yol göstərirəm ki, təxəyyülündəkiləri necə canlandıra və əldə edə bilər. Doğru yolu tapmaq üçün mütləq EQO, mənəm-mənəlik sınmalıdır. Bədbin insanlar da sınmalıdır. Çünki bədbin insanlar da manipulyasiya yolu ilə ətrafdakıları özünə tabe etmək istəyir, özünü zəif qurban göstərir. Aqressor da eynilə. Hər kəsdə Eqo müxtəlif cür özünü göstərir. Amma həyat və ya Allah (kim necə düşünürsə), insanı sındırır və göstərir ki, sənin yox, mənim qanunlarım keçərlidir.
Əgər bir insanın düşüncələrini dəyişməyə və düzgün həyata qədəm qoymağa gücü yetmirsə, biz kömək edirik. Amma bir şərtlə ki, özü dəyişmək istəsin. Bu cür yaşamaq ona sərf edirsə, yox, heç bir psixoterapevt kömək edə bilməz. Heç kəsin həyatına, şüuratına, düşüncələrinə onun icazəsi olmadan müdaxilə etmək olmaz. Yetər ki, insan istəsin və addım atsın. Gerisini psixoterapevt həll edə bilər
MEDİCİNA.AZ