Elə bir insan tapılmaz ki, nə vaxtsa dişi ilə bağlı problem yaşamasın. Statistikaya görə, dünya əhalisinin 90%-ə qədəri diş sırasının və dişlərinin düz olmamasından şikayətlənir. Hər üç nəfərdən biri isə ixtisaslaşmış ortodontik müdaxilə tələb edir. Bəzən isə körpə uşaqlarda belə süd dişlərinin əyri çıxması halları müşahidə edilir.
Dişlərin əyriliyi ilə ortodontik stomatoloqlar məşğul olur və bu gün Azərbaycan bu baxımdan inkişaf edib.
Məsələ ilə bağlı Medicina.az-a açıqlama verən stomotoloq Ramil Yusubovun sözlərinə görə, daimi dişlər 12-14 yaşda tam çıxaraq formalaşır. Bu dövrdən 40-45 yaşa qədər insanlarda breketlərdən istifadə edərək diş əyriliyini bərpa etmək mümkündür: "Ancaq bəzi yaşlı insanların damaqlarında diş əti qaçmış və ya dişin 1/3 hissəsinin sümükdə yerləşməsi kimi paradonit hallar olur ki, belə dişlərə breket tətbiq etmək olmur”.
Mütəxəssisin sözlərinə görə, breket qoymaqda məqsəd diş cərgəsində olan problemləri aradan götürməkdir.
"Bəzən erkən yaşlarda çənə-sümük sisteminə də təsir etmək mümkün olur. Çənə-sümük sistemindəki problemlərə proqnatiya, alt çənənin nisbətən önə çıxması(progeniya), üst çənənin inkişafdan geri qalması və s. hallar daxildir. Ancaq sümük formalaşdıqdan, yəni 18-20 yaşdan sonra breket çənə-sümük sisteminə çox da effektiv təsir etmir. Ancaq diş cərgəsini düzəltmək mümkün olur”, - deyə R.Yusubov bildirib.
Stomotoloqun sözlərinə görə, hazırda istifadə edilən breketlər daha keyfiyyətli və daha rahatdır: "Öncələr yalnız uşaqların diş forması düzəldilirdi. Bir az yaş artıqdan sonra bu mümkün olmurdu. Ancaq hazırda 40 yaşlı pasiyentin də diş cərgəsində olan əyrilikləri bərpa etmək mümkündür”.
"Bəzən dişlərin düzəldikdən sonra yenidən əyilmə hallarına rast gəlinir, bu nədən irəli gəlir” sualını da cavablandıran stomotoloq hər bir patoloji prosesin yaranma səbəbinin olduğunu vurğulayıb:
"Dişin əyriliyini yaradan səbəbi aradan götürmədən düzəltsək həm nəticəni gec əldə edəcəyik həmdə dişlər yenidən əyilər. Yəni residiv baş verər.
Məsələn, pasientdə hər hansı burun boşluğundakı problemlərdən yaranan rahat tənəffüs etməmək halları çənədə bir sıra qüsurlara səbəb olur.
Pasient rahat nəfəs üçün ağızla nəfəs alır,bu zaman ağız boşlugundakı hava axını rahat olsun deyə dili yuxarı damağa söykənir, bunun hesabına əng sümüyü irəli doğru inkişaf edir. Vaxtında valideyn bu vəziyyətə müdaxilə etsə, ağız boşluğundakı problemin də qarşısı alınar”.
Bundan əlavə, stomotoloq uşaqlarda dişlərin əyri çıxmasının səbəblərindən də bəhs edib:
"Vaxtında ana südü ilə qidalanmamaq çənənin inkişafına təsir edir. Çənə inkişafdan qalanda dişlər bir cərgədə yerləşmək üçün yer tapa bilmir.
Uşaqları bəd vərdişlərdən kənarlaşdırmaq lazımdır, barmaq sovurmaq, əmzikdən çox istifadə etmək diş sırasında qüsurlar yarada bilər.
16 -25 yaş ərəfəsində ağıl dişi çıxarkən diş cərgəsində ağıl dişinə yer olmadıqda 16 yaşına qədər pasientin diş cərgəsi ideal olsa da sonradan ağıl dişinin təsiri nəticəsində əyilmə baş verir”.
Ramil Yusubov diş əyriliyinin səbəbinin genetik faktorlardan da asılı ola biləcəyini qeyd edərək, uşaqları vaxtında diş müayinəsinə aparmağı tövsiyə edib.
Şəhanə Quliyeva
Xəstənin 16_17 yaş içindədi üsd çənənin dişləri qabagadı
Alt üst çənə ikisi bir yerdə breket neçiyə başa gəlir ?
Dişi cərgəyə salmaq neçəyə başa gəlir