Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"Karantin təcili ləğv edilməlidir, çimərliklər açılmalıdır" – Professordan çağırış

  • 2020.07.29 13:30
  • 17112 Baxış
"Karantin təcili ləğv edilməlidir, çimərliklər açılmalıdır"   –  Professordan  çağırış


Professor Musa Qəniyev aylardır, davam edən karantin rejimi şəraitində insan orqanizmində baş verəcək geridönməz fəsadlara toxunaraq, koronavirusla mübarizənin taktikası barədə öz təkliflərini verib.


Medicina.az xəbər verir ki, həkim hazırkı şərtlərdən narahatdır və buna əsasları var.

“Mən karantin tədbirlərinin gündəlik yaşam minimumlarına ehtiyacı olan, insanlarımıza vurduğu maddi zərbəni hələlik bir kənara qoyuram. Bu halın yalnız insan orqanizmində törədə biləcəyi geridönməz fəsadlara toxunmaq istəyirəm.

Təbii ki, karantin tədbirləri, istənilən ağır virus infeksiyasının qarşısının alınması və lokallaşdırılmasının ilkin və həlledici şərtidir. Lakin yeganə şərti deyildir.

Digər tərəfdən, istənilən məhdudlaşdırılma tədbirləri, elmi əsasa istinad edilməklə, orqanizmdə törənən fəsli dəyişikliklərə uyğun, insanların şüuruna yeridilməklə aparılmalı və bütün hallarda icrasına ciddi nəzarət olunmalıdır. Əks halda, nəinki gözlənilən nəticəni verməyəcək, hətta yoluxmanın kəckin artımı ilə müşahidə olunacaqdır. Necə ki, iyun ayında bunun canlı şahidi olduq.

İndi isə gəlin, təbiətin yaşam qanunlarına baxaq. Canlı orqanizmin mövcudluğunun təməl əsası, ilin fəsillərinin növbələşməsinə uyğun, orqanizmdə törənən təməl dəyişikliklərdir. Mən digər fəsillərdə insan orqanizmində törənən dəyişiklikləri təhlil edib, vaxt almaq istəmirəm.

Yalnız yay fəslinin son iki ayında törənən bəzi dəyişikliklər üzərində dayanmaq istəyirəm.

İyul, avqust aylarında günəş şüasının spektrində orqanizmdə immunitet aktivliyinin modulyasiyasına təkan verən və onu təmin edən ciddi keyfiyyət dəyişiklikləri baş verir. Bu hal, xüsusən, iyul və avqust aylarında daha intensiv olur.

Biz artıq iyul ayını arxada qoymuşuq. İmmun fəallığın qismən də olsa təmin olunması və orqanizmin müqavimət qüvvəsinin bərpası üçün, yeganə avqust ayının 31 günü qalmışdır və sağlamlığımız naminə ondan maksimum dərəcədə faydalanmalıyıq.

Əks halda, oktyabr və noyabr aylarında xronik xəstəliklərin kəskin aktivləşməsi, digər infeksiyaların kəskin fəallaşması ilə müşahidə olunacaqdır. Bu zaman qarşılaşacağımız ən arzuolunmaz hal, istənilən ağır virus infeksiyasının aparılacaq dərman müdaxiləsinə “farmakofobiya” göstərməsi olacaqdır (biz ilk növbədə bundan sığortalanmalıyıq).

Bunun üçün nə etmək lazımdır? Düşünürəm ki, təxirəsalınmadan aşağıdakı tədbirlər həyata keçirilməlidir:

1. Ciddi nəzarət fonunda, bütün karantin tədbirləri mütləq və qeyri-şərtsiz olaraq aradan götürülməlidir:

a) İnsanların sərbəst hərəkəti, xüsusən rayonlara gedişinə olan bütün qadağalar aradan qaldırılmalıdır.

b) Kontakt məsafələrin saxlanıması şərtilə, insanların çimərliklərə sərbəst çıxışının təmin olunması və bunun üçün hər cür şəraitin yaradılması. İtirilmiş iyul ayına görə, bütün çimərliklərin ödənişsiz olması.

c) Söylədiklərim həm də hazırda insanlar arasında kütləvi şəkil almış, ruhi sarsıntı və dərin stress kimi immuniteti dağıdan halın aradan qalxmasına, ruhi sferada dayanıqlılıga və ali sinir fəaliyyətinin bərpa olunmasına səbəb olar.

d) Bu həm də ölkə iqtisadiyyatının çökməməsi üçün zəruridir. Çünki bizim ölkəmizi 300-400 il dövlətçilik tarixi olan Amerika, Avropa və Rusiya kimi ölkələrlə qarışdırmaq olmaz. Bizim ölkəmiz çoxsaylı daxili və xarici təziqlərə sinə gərə-gərə, hazırda müstəqilliyinin yalnız ilkin kövrək addımlarını atır.

Mən bu sözləri nəyinsə xatirinə söyləmirəm. Dediyim hər bir sözün məsuliyyətini və boynuma qoyduğu ağır yükü çox yaxşı başa düşürəm.

COVİD-19 davam etdikcə insanlara “müasir karantin qaydaları şərtlərinin” şüuraltı aşılanması aparılmalıdır. Mən “müasir karantin qaydaları şərtləri” dedikdə, tək bizim Bakıda deyil, bütün dünyada aparılan kamera nəzarətini nəzərdə tuturam.

Yəni insanlar bilməlidir ki, onlara verilən tam sərbəstlik fonunda, həm də qeydiyyatı aparılan çox ciddi, lakin qərəzsiz nəzarət var.
Bu halda şərt kimi qoyulan gigienik tələblərin pozulması (məs. insanların toplaşdığı qapalı yerlərdə maskasız olmaq, ünsiyyət formalarına ciddi əməl etməmək, kütləvi toplantılarda sosial məsafənin saxlanılmaması və s.) ən ciddi şəkildə cəzalandırılacaq. Bu halın hüquqi əsasa söykənməsi üçün, hətta Milli Məclis virus infeksiyanın davam etdiyi müddətdə, yəni məhdud müddətdə qüvvədə olacaq, belə bir qanun da qəbul edə bilər.

Şübhə etmirəm ki, bu məqaləni səbrlə oxuyub, bu sətirlərə çatan bəzi insanlar, ola bilər ki, məni qınasın. Yəni əvvəlin yaxşı gətirdin, lakin axırın korladın desinlər. Mən belə insanların nəzərinə çatdırmaq istəyirəm ki, hazırda bizim başqa çıxış yolumuz yoxdur. Həm də söylədiklərimə qeyri-şərtsiz əməl olunacağı təqdirdə, hər bir ölkə vətəndaşını əmin edirəm ki, COVİD19-un tam sönməsi, onun məlum inkubasiya dövrü qədər olacaqdır.

Bəli, yaşamaq istəyiriksə, biz buna getməliyik. Təkrar edirəm, bütün karantin məhdudiyyətlərinin götürülməsi şərtilə”.

  • Yazı “Zəka” Ziyalılar Məclisi İctimai Birliyinin Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra etdiyi “COVİD-19 pandemiyası ilə bağlı əhaliyə tibbi və psixoloji informasiya dəstəyinin təşkili” layihəsi çərçivəsində hazırlanıb.