İlk dəfə Afrikada aşkarlanan və dünyada sürətlə yayılan meymunçiçəyi xəstəliyi Böyük Britaniya, ABŞ, Belçika, Fransa, Almaniya, İtaliya, Portuqaliya, İspaniya, İsveç, Danimarka, Kanada, Avstraliya, İsrail, İsveçrə, Avstriya, Sloveniya, Türkiyə də daxil olmaqla 15-dən artıq ölkədə aşkarlanıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, bugünədək dünyada bu xəstəliyə 131 yoluxma faktı qeydə alınıb.
Xəstəliyin daha çox rast gəlindiyi Britaniyanın səhiyyə rəsmiləri yoluxmaların kəskin artacağını proqnozlaşdırırlar.
Xəstəliyə yoluxan şəxslərlə yaxın təmasda olanlar 21 gün ərzində özlərini təcrid etməli, işdən uzaq durmalıdırlar. İmmuniteti zəif olan şəxslər, hamilə qadınlar və 12 yaşdan kiçik uşaqlar belə insanlarla təmasdan çəkinməlidir.
Mövzu ilə bağlı Bakupost.az -a danışan həkim-infeksionist Şəhla Babayeva deyib ki, meymunçiçəyi virusu suçiçəyi virusu ilə demək olar ki, eyni simptomlara malikdir. Suçiçəyində olduğu kimi bu virusda da qızdırma, başağrısı, şişkinlik, belağrısı, zəiflik kimi simptomlar özünü büruzə verir. Bir, bəzən isə iki, üç gün davam edən qızdırmadan sonra tədricən səpkilər yaranır:
“Suçiçəyi xəstəliyini yayan virus havada 1-2 saat yaşaya bilir, çox sürətli çoxalma xüsusiyyətinə malikdir. Meymunçiçəyi virusu da eynilə belədir. İnfeksiya, əsasən xəstə ilə birbaşa təmas, yəni xəstə insanla və ya heyvanla bədən və ya onların əşyalarına təmas, orqanizmdən xaric olan bütün ifrazat, virusun mövcud olduğu əşyalara təmas və hətta cinsi əlaqə yolu ilə yayılır.
Virus cansız mühitdə uzun müddət yaşamaq qabiliyyətinə malik olduğu üçün xəstə insanın əşyalarına toxunan zaman da yoluxma baş verə bilər. İnfeksiya ilk olaraq yuxarı tənəffüs sisteminə nüfuz edərək limfa vəzilərində çoxalmağa başlayır. Suçiçəyində olduğu kimi meymun virusunda da xəstəliyin əlamətləri bəzən 4-8, bəzən isə 10 gün sonra özünü biruzə verir. Xəstəliyə ilk səpki başlanğıcından, suluqlanma və yara qərtmək bağlayanadək, yəni 6-8 gün digər insanlar da yoluxa bilər.
Səpkilər əvvəl üz nahiyəsində müşahidə olunur. Tədricən bədənin digər nahiyələrinə, kürək, sinə nahiyyəsi, əllərə, ayaqlara yayılır və bütün bədəni bürüyür. Səpkilər qaşıntı verir. Mümkün qədər səpkilərə toxunmamaq məsləhətdir. Çünki çox qaşıyanda səpkilər qızarır, qaysaqlı yaralara çevrilir və ağrı verir. Xəstəlik başa çatdıqdan sonra da bu yaraların ləkə, xırda çapıq kimi izi qalır”.
Həkimin sözlərinə suluq şəklindəki səpkilər, əsasən bədəndə çox olur. Öncə narıncı rəngdə olur, bir neçə saat sonra qızarır. Sonra içi dolu maye halında suluğa çevrilir. Təxminən 2-3 gün sonra partlayan suluqların yerində qərtmək əmələ gəlir:
“Yaşlıları, hamilələri, bir sıra dəri xəstəliklərindən əziyyət çəkən insanları mümkün qədər qorumaq məsləhətdir. Çünki belə insanlar uşaqlara nisbətən xəstəliyi daha ağır keçirirlər".
İnfeksionist bildirib ki, suçiçəyində olduğu kimi meymunçiçəyində də xəstəliyin müalicə müddəti, əsasən, 10-15 gün, bəzən daha artıq çəkə bilər:
“İnfeksiyaya yoluxmuş insanların müalicəsi həkim nəzarəti altında ev şəraitində aparılması məsləhətdir. Ağırlaşma halı olan zaman xəstəxanaya müraciət olunmalıdır. Müalicəyə əvvəlcə qızdırmanın aşağı salınması ilə başlanmalıdır. Xəstəyə orqanizmin müqavimət gücünü artıran qidalar verilməli və bol miqdarda su içirilməlidir. Eyni zamanda dəriyə qaşıntını azaldan dərmanlar sürtülməlidir”.
Şəhla Babayevanın dediyinə görə, suçiçəyi kimi meymunçiçəyi virusu da bir neçə həftə ərzində öz-özünə yox olur:
“Ancaq xarici mütəxəssislər bildirirlər ki, bəzən xəstəlikdən ağırlaşma halı müşahidə olunur. Çünki daha əvvəl meymunçiçəyi Qərbi Afrikada ölümlərə səbəb olub. Xəstəlikdən qorunmaq üçün ciddi şəkildə gigiyena qaydalarına əməl edilməlidir. Xəstəliyin əlamətləri müşahidə olunan insanlardan uzaq durmaq lazımdır. Meymunçiçəyinin simptomları müşahidə olunan kimi insanlar mütləq şəkildə təcrid olunmalı və tam şəkildə sağalanadək karantin qaydalarına riayət etməlidirlər. Əks təqdirdə virusa yoluxma halları daha da artacaq”.