Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnsanlarda qıcıq yaradan toy icazəsi: Məntiqsiz qərarlar, “pul qoparmaq” planı...

  • 2021.06.24 15:04
  • 2225 Baxış
İnsanlarda qıcıq yaradan toy icazəsi:  Məntiqsiz qərarlar, “pul qoparmaq” planı...
Azərbaycanda iyulun 1-dən toy, nişan, ad günləri və digər bu kimi kütləvi şənliklərin keçirilməsinə icazə verilib. Ancaq məclislər müəyyən şərtlər altında 50-150 nəfər şəxsin iştirakı ilə təşkil oluna bilər.

Qəbul edilən qərar artıq 2 gündür, geniş müzakirələrə səbəb olub. Toy arzusu ilə yaşayanlar verilən icazəyə görə sevinsələr də, bir yandan da 15 aydan sonra keçiriləcək mərasimlərdə qoyulan qadağalara etiraz edirlər.

Bəs ekspertlər toylarla bağlı qəbul olunan məlum qərarı, qaydaları necə qiymətləndirirlər?

Medicina.az xəbər verir ki, bu barədə Bakupost.az -a danışan Ukrayna Kulinarlar Birliyinin üzvü, Türkiyə Şef Aşcılar Dərnəyinin Azərbaycan təmsilçisi, qida texnoloqu Ağa Salamov toylarla bağlı verilən qərarın məntiqli olmadığını düşünür:



“Azərbaycanda keçirilən AVRO-2020 oyunlarında 68 min nəfərlik tutuma malik Bakı Olimpiya Stadionunun 50 faizinin tamaşaçılarla doldurulmasına icazə verildi. Necə olur ki, futbola o qədər insanın gəlməyinə icazə verilir və onların koronavirusa yoluxma ehtimalı gündəm olmur? 2 ilə yaxın bir müddətdən sonra 50-150 nəfərin iştirakı ilə şənliklərin keçirilməsinə icazə verirlər. Milli dəyərlərimizi, adət-ənənələrimizi həyata keçirəndə yoluxma yada düşür, amma hansısa yarış zamanı unudulur. Bu necə ola bilər?

Toylarla bağlı verilən qərarlarda digər absurd məsələlərdən biri də qonaqlardan tələb olunan vaksin sənədidir. Hər kəsə məlumdur ki, cənab Prezident vaksinasiyanın Azərbaycanda könüllü şəkildə aparıldığını vurğulayıb. Amma toylarda iştiraka görə tələb olunan kovid pasportu bu qeydi, könüllülük prinsipini pozur. Vaksin vurdurmayan, lakin koronaya dair verdiyi testin cavabı neqativ çıxan şəxs nəyə görə və hansı əsasla toyda iştirak edə bilməz? Bunu niyə gündəmə gətirib müzakirə etmirlər?

Burada başa düşülən yalnız ondan ibarətdir ki, TƏBİB xalqı məcburiyyət qarşısında qoyaraq istənilən yolla vaksinasiyaya sövq edir. Bəli, mən də vaksin olunmağın tərəfdarıyam. Lakin etiraf edək ki, bu gün peyvənd olunmayanlar, vaksinə qarşı fobiyası, qorxusu yarananlar var. Heç olmasa, həmin şəxslər üçün psixoloqlar ayrılmalı, onlarla söhbətlər aparılmalıdır. Pul qazanmağı arxa plana atıb, bu istiqamətdə işlər görməli, ən azından TV-də psixoloji veriliş hazırlamaq olar. Qərar imzalamaq asandır, amma verilən qərarlar da məntiqli olmalıdır.

Digər tərəfdən, qonaqlar toyda 50 metr məsafə ilə otursalar belə, təhlükə varsa yenə də yoluxacaqlar. Yəni verilən qərarlar kompleks şəkildə uyğunluq təşkil etməlidir. Qaydalar həm ictimai nəqliyyata, həm futbol stadionlarına, həm də ictimai iaşə müəssisələrə aid olmalıdır. Bu gün avtobusda millət bir-birinin “başında” gedirsə, 50 nəfərlik şənliyə icazə verməyin də mənası yoxdur. Məntiqsiz qərarlar insanlarda təbii olaraq qıcıq yaradır. Ən çox da Operativ Qərargaha qarşı”.

Restoranlardakı gigiyena qaydaları barədə danışan A.Salamov qeyd edib ki, toy edənlər birinci növbədə ictimai iaşə müəssisələrinin mətbəxini gəzməlidir:

“Mətbəxdə kəskin qoxu varsa, havalandırma yoxdursa, orada toy etməsinlər. Bu təhlükəli bir haldır, pandemiya ərəfəsində isə daha çox təhlükəlidir. Çünki orada işçilərin xəstə olma ehtimalı artır, əmək mühafizəsi pozulur. Həmçinin qidaların da təzə olmasına diqqət edilməlidir. Toyu təşkil edən şadlıq evləri təzə məhsullarla işləməlidirlər. Təqdim etdikləri yeməklər, salatlar, ətlər, balıqlar qonaqlar gələn zaman süfrəyə verilməlidir. Onları toy başlamazdan saatlar əvvəl süfrəyə düzmək olmaz”.

Sosioloq Əhməd Qəşəmoğlu da hesab edir ki, tətbiq olunan qaydaların, qadağaların təkmilləşdirilməsinə ehtiyac var:



“Hər şeydən əvvəl toylara icazə verilməsini alqışlamaq lazımdır. Çünki toyların olmaması neqativ bir hal idi. Əhali arasında bədbinlik yaranırdı, gənclər ailə qura bilmirdi, 1-2 il nişanlı qalan cütlüklər arasında problemlər yaradırdı. Hətta pandemiya ərəfəsində bəzilərinin nişanı pozuldu. Həmçinin, doğulan uşaqların sayı da azalırdı. Yəni toy qadağası bu cür mənfi cəhətləri ortaya qoydu. İyuldan toylara icazə verilir, amma qoyulan şərtlərdə çatışmazlıq var. Bu baxımdan qaydaların təkmilləşdirilməsinə ehtiyac var. Cəmiyyət arasında yeni və köhnə qadağalar arasında çaşqınlıqlar yaranacaq. İnsanlar dəqiq bilməlidirlər ki, nəyə icazə var, nəyə yox. İnanın, kənd yerlərində çoxu bu qaydaları başa düşməyəcək. Nəzarət orqanları fayda götürmək üçün dəqiq məlumatı olmayanları aldada bilər.

Bundan başqa, qaydalarda açıq havada toy keçirilməsi ilə bağlı heç bir məlumat yoxdur. Ümumiyyətlə, Azərbaycanda son 10 ildəki toy modeli sosial bəladır, bunu dəyişmək lazım idi”.