Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnsanın böyrəkləri nə vaxt qocalır?

  • 2022.11.10 14:31
  • 2457 Baxış
İnsanın böyrəkləri nə vaxt qocalır?

Böyrəkdə daha qalıcı dəyişikliklər yaratmaması üçün böyrək və sidik yolları iltihabını vaxtında aşkar edərək müalicə etmək lazımdır. Yaş artdıqca böyrəkdə funksional və toxuma dəyişikliyi də artır. Bu isə, damarlarda olan qalınlaşma və tutulma böyrək çatışmazlığına səbəb ola bilər.



"Medicina" xəbər verir ki, Kliniki Tibbi Mərkəzin Radiologiya şöbəsinin həkim-radioloqu Şəbnəm Topbaştekin yaşlı böyrəklərdə baş verən anatomik dəyişiklikləri açıqlayıb.

Anatomik dəyişikliklərə böyrək həcminin azalması, böyrək arteriyalarının (böyrəyi qidalandıran damar) tutulması və divarının qalınlaşması (Nefroskleroz) aiddir. Funksional dəyişiklik isə böyrəklərdə süzmə prosesini yerinə yetirən damar yumaqcığının (glomerula) süzmə qabiliyyətinin azalmasıdır.



Şəbnəm Topbaştekin yaş ilə əlaqədar aşağıdakı xəstəliklərin yarana biləcəyini deyib:


•Qlomerulonefrit ( böyrək yumaqcıqlarının iltihabı )
•Sidik yollarının infeksiyası , daşı
•Böyrəyin xoş və bədxassəli törəmələri
•Böyrək kistaları
•Böyrəyin damar xəstəlikləri



Həkim sadalanan xəstəliklərin hansı ağırlaşmalara səbəb ola biləcəyini də açıqlayıb. Bildirib ki, böyrəyin kiçik damarlarının divarında olan qalınlaşma, damarların tutulması getdikcə böyrək hüceyrələrinin qanla təmin olunmasını azaldaraq xroniki böyrək çatışmazlığına (XBÇ) səbəb ola bilər.



O, aşağıdakı əlamətlərin böyrəyimizin yaşlandığının göstəricisi ola biləcəyini bildirib:


Proteinuriya, hematuriya (sidikdə zülal və qanın olması);

Tez-tez sidiyə çıxmaq:
Çox və ya az miqdarda sidik ifrazı;
Qanda kreatininin artması;
Yüksək arterial təzyiq;

Beldə ağrı, ürəkbulanma, əllənə bilə kütlə;
Əl və ayaqlarda ödem;
Halsızlıq, yorğunluq.


Radioloq əsasən yaşlı dövrdə rast gəlinən törəmələri də sadalayıb. Qeyd edib ki, belə xoşxassəli törəmələrə kistalar, bəd xassəli törəmələrə isə böyrək hüceyrələrinin karsinomaları aiddir.


"Bu xəstəliklərin dəqiq diaqnozunu USM, KT, MRT və eyni zamanda laborator analizlərlə, lazım gəldikdə isə biopsiya ilə təyin etmək olur. Vaxtaşırı ixtisaslı həkim və diaqnostik müayinələr bu xəstəliklərin, həmçinin onların ağırlaşmalarının qarşısının alınmasına kömək edir", - deyə Şəbnəm Topbaştekin əlavə edib.

Aygün Musayeva