Səs Allah vergisidir desək, yanılmarıq. Çünki səs hər kəsə eyni verilmir. Bəzilərin səsi qalın, bəzilərinin incə, bəzilərininki " qulaq batıran” olur.
İnsana ən dogma səs onun valideynlərininin, övladının, sevdiyi şəxsin səsidir. Lakin bəzən heç tanımadığın, həyatda üzünü belə görmədiyin insanın səsi yaddaşına əbədi həkk olur, sevilir, buna səsin qüdrəti deyirlər.
Necə ki, müğənnilər, aktyorlar öz səsləri ilə ürəklərdə yer tutur.
Bəs ağlınıza gəlibmi, insan səsi necə yaranır, hansı mərhələləri keçir?
Medicina.az xəbər verir ki , İngiltərənin BBC kanalı bu barədə araşdırma aparıb və səsin 5 özəlliyini tapıb.
1.Yeni doğulmuş körpələrin ağlamaq səsi onun irqindən, irsindən, yaşayış yerindən asılı olaraq müxtəlif olur. Belə ki, hər körpənin ağlamaq tonu öz ana dilinin tonallığındadır. Yəni azərbaycanlı çağaları ilə amerikan çağaların ağlamaq səsi fərqlidir.
2. Səs ağızdan çıxana kimi müxtəlif mərhələlərdən keçir. Ən əvvəl xırıltı kimi bir şey ağciyərlərdən başlayaraq hava ilə qarışır, səs telləri, ağız boşluğu, dodaqlar və çənənin köməyi ilə formalaşıb normal səs yaranır.
3.Kişilərin səsi daha alçaqdır, nəinki qadınların. Çünki yeniyetməlik dövründə oğlanlarda orqanizm və bədəndə gedən dəyişikliklər buna səbəb olur. Qadınlarda isə bu proses gec, menopauza dövründə baş verir.
4.İllər ötdükcə bədən, orqanizm yaşlandıqda səs telləri də qocalmağa başlayır. Amma səs bədəndən və ağaran saçlardan daha gec qocalır. Ona görə kişilər bəzən üzünü görməyib, səsini eşitdiyi xanımı daha gənc bilir.
5.Sevgi bizim səsimizə təsir edir. Bəli, sevən insanın səsi dəyişir. Araşdırmalara görə, bir-birini sevən insanlarda zaman keçdikcə səs tonları eyniləşməyə başlayır.
Qeyd: Əgər səsinizin gənc, gur, məlahətli qalmasını istəyirsizsə, müxtəlif gimnastika hərəkətləri edə bilərsiz. Bunun üçün ayaqlarınızı çiyin bərabərində tutub, əllərinizi boynunuzun arxasında çütləyərək, burundan nəfəs alıb,azca qabağa əyilərək " a, I, e, o, u” səslərini güclü nəfəslə çölə buraxmalısız.
Və yaxud burundan dərin nəfəs alıb, boğazınızı yaxalayırmış kimi vəziyyətdə başınızı saga-sola çevirib nəfəsinizi verirsiz. Bu hərəkətlər bir neçə dəfə təkrar olunmalıdır.
Düzünü desəm, bu qəribə hərəkətləri edəcəyinizə inanmıram. Ən yaxşısı vokal dərslərinə yazılın, həm səsiniz məşq edər, həm də oxumağı öyrənərsiz.
Şəbnəm Hidayətqızı