Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İnsan ildə neçə dəfə MRT və KT oluna bilər? - Nazirlik ekspertindən AÇIQLAMA

  • 2022.04.19 16:52
  • 8181 Baxış
İnsan ildə neçə dəfə MRT və KT oluna bilər?  - Nazirlik ekspertindən AÇIQLAMA

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Ağakişi Yəhyayev nazirliyin sosial şəbəkələrdəki hesablarına radioloji müayinələrlə bağlı gələn sualları cavablandırıb.

Maqnit rezonans tomoqrafiya (MRT) ilə kompüter tomoqrafiyası (KT) arasındakı fərqdən danışan radioloq insanın ildə neçə dəfə bu müayinələrdən keçə biləcəyini də deyib.


"Maqnit rezonans tomoqrafiyası bir neçə üstünlüyə malikdir. Onlardan ən önəmlisi insan orqanlarını toxuma səviyyəsində dəyərləndirmə imkanıdır. Təbii ki, bütün orqanları bura aid etmək olmaz, ancaq ümumilikdə orqanizmin əksər orqanları maqnit rezonans tomoqrafiyası ilə dəqiqliklə müayinə oluna bilər. Bundan əlavə, MRT müayinəsi rentgen şüası kimi zərərli deyil. Bu səbəbdən rahatlıqla kiçik yaşlı uşaqlara və hamilə qadınlara bu müayinə təyin oluna bilər. MRT müayinəsində KT-dən fərqli olaraq zərərli şüalar yoxdur və ağciyər və mədə bağırsaq xaric daha dəqiq müayinə oluna bilər.

MRT-nin mənfi tərəfləri isə uzun vaxt tələb etməsi və qapalı sahədə icra olunmasıdır. Ona görə də klaustrafobik xəstələr (qapalı sahə qorxusu olan xəstələr) MRT-ni rahat keçə bilmir.

Həkimlər ağciyər və mədə-bağırsaq sistemini müayinə edən zaman MRT-dən istifadə etməməlidirlər.

KT-də isə müayinə müddəti qısadır və bu tip xəstələr rahat müayinədən keçə bilirlər. KT-nin digər bir üstünlüyü ağciyərləri MRT-dən fərqli olaraq millimetrik dəqiqliyi ilə göstərməsidir. Bundan əlavə, kompüter tomoqrafiyası incə sümük sınıqları haqqında daha dəqiq məlumat verir.

İldə say məhdudiyyətinə gəldikdə, xəstəliyi müəyyənləşdirmək lazımdır. Məsələn, əgər bir xəstə xərçəngdirsə və onun kimyəvi müalicə müddəti şiş toxumasının ölçülərindən aslıdırsa, bu təqdirdə hər üç aydan bir KT-dən keçə bilər. Eləcə də, əgər xəstə ağır beyin əməliyyatı keçirib və onun vəziyyəti daha da ağırlaşıbsa, bu zaman beynində baş verən prosesləri dəyərləndirmək üçün ard-arda KT müayinəsi təyin oluna bilər. Sadəcə profilaktik yoxlamaq məqsədilə KT müayinəsi aparılmamalıdır.


Ümumiyyətlə, müayinə metodunun hansı aralıqda istifadə olunması xəstəliyin növündən asılıdır. Burada insan orqanizminə olan zərərdən danışırıqsa, ultrasəs və MRT-nin zərəri olmadığı üçün məhdudiyyət yoxdur.

Tomoqrafiyada şüa olduğu üçün tez-tez müayinə metodu kimi istifadə olunmur. Bu yenə də xəstəliyin növündən asılıdır. Məsələn, yeni neyrocərahiyyə əməliyyatı olan şəxsdə hansısa fəsad yaranıbsa, cərrah bir həftə ərzində davamlı tomoqrafiya müayinəsini təyin edə bilər. Onkoloji xəstələrdə ilk üç ay, sonra altı aydan və bir ildən bir tomoqrafiya tələb oluna bilər.


Təkrar müayinələrin tələbi xəstəlikdən və ilk ultrasəs müayinəsi zamanı tapılmış əlamətlərdən asılı olur. Ultrasəs müayinə başlanğıc müayinə metodudur. Başlanğıcda əgər yüngül dəyişikliklər tapılıbsa (məsələn, qaraciyərin yağlanması, öd kisəsində və böyrəkdə daş), bu zaman ultrasəs müayinəsinin nəticəsi bizi qane edir. Əgər xəstənin şikayətləri ilə təmiz çıxan ultrasəs müayinəsi üst-üstə düşmürsə, yaxud da ultrasəsdə şübhəli bir məqam varsa, o zaman həkim xəstənin digər radioloji müayinələrdən keçməsini zəruri hesab edə bilər. Xəstəliyin gedişatından asılı olaraq, müayinənin hansı ardıcıllıqla aparılacağına həkim qərar verir.