Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

"İndiki ştamm əvvəlki illərdəkindən 50 dəfə daha sürətli yayılır" - Mütəxəssis

  • 2021.10.25 15:41
  • 1633 Baxış
"İndiki  ştamm əvvəlki illərdəkindən 50 dəfə daha sürətli yayılır" -  Mütəxəssis
“Son vaxtlar xüsusilə İngiltərədə COVID-19-un “Delta” variantına aid olan “AY.4.2” ştammı aşkarlandı. “Delta ştammı”nın 45-ə yaxın alt tipi var, bunlardan biri də “AY.4.2”dir. “Delta ştammı”nda hansı xüsusiyyətlər varsa, bu mutasiyada da eyni xüsusiyyətləri görürük. Buna görə çox da təşvişə düşəcək bir şey yoxdur, çünki “Delta” COVID-19-un mutasiyaya uğramış variantıdır”.

Medicina.az xəbər verir ki, bu sözləri Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev apa-ya açıqlamasında bildirib.

“COVID-19 yeni aşkarlandığı zamanla müqayisədə 50-60 dəfə sürətlə yayılmağa başlayıb. Yeni mutasiya da sürətlə yayılır. Amma xəstəliyin ağır gedişatı və ya ölümlə nəticələnməsi ilə bağlı hələ ki, dəqiq məlumat yoxdur. İki doza qəbul etmiş bəzi şəxslərə 3-cü doza vaksinin vurulmasına ehtiyac var. Çünki 5-6 aydan sonra orqanizmdə COVID-19-a qarşı meydana gəlmiş anticisimlərin miqdarı aşağı düşə bilər. Anticisimlərin miqdarı azalmasın deyə 3-cü doza vaksin vurulur. Hazırkı durumda 3-cü doza peyvəndin vurulması məqsədəuyğundur”.

“Əhalinin 60-70 faizi vaksinasiyadan keçdikdə bizim xəstəliklə mübarizəmiz asanlaşır. Amma ortada bir fakt var. İndiyədək altı aydan bir vaksini təkrarlayırıq. Əgər əhalinin 60-70 faizi eyni vaxtda vaksinasiyadan keçsəydi və hər kəsin qanında virusa qarşı anticisimlər yaransaydı o zaman bu problemin azalmasını görə bilərdik. Amma bu, fiziki olaraq mümkün deyil. Bundan başqa bir qrupda anticisim olsa belə, digərlərində aşağı ola bilər. Amma xəstəlik əvvəlki kimi geniş şəkildə yayıla bilməz, çünki insanların böyük hissəsində virusa qarşı anticisim yaranıb”, - deyə o qeyd edib.