"Körpəni əməliyyat etməsəydik, öləcəkdi. Ümumi xəstəxanalarda, doğum evlərində bu patologiyalı körpələr ölür. Valideynlərinə deyilir ki, uşağın qida borusu yox idi, öldü...”
Dünyada tibbi protokollara əsasən, 5%-in üstündə fəaliyyəti olan böyrəklər xaric olunmur. Nə yazıq ki, bizdə 5%-lik böyrəkləri çıxarırlar. Bunlar köhnə protokollarda qaldı. Hələ də tanınmış cərrahlar 40-50 il əvvəlin protokolları ilə işləyir.
5 ildir, Azərbaycanda fəaliyyət göstərən, bir çox əməliyyatları ilə uşaq cərrahiyyəsində kifayət qədər uğurlar qazanan Mərkəzi Klinikanın Uşaq cərrahiyyəsi şöbəsinin uroloq cərrahı Fuad Hüseynov Medicina.az-a müsahibəsində uşaq sağlamlığı ilə bağlı çox aktual məsələlərə toxunub, inanılmaz faktlar açıqlayıb:
-Həkim, sizin qəbulunuzda olanda xeyli körpə, yeni doğulmuş uşaqlar və həyəcanlı valideynlər gördük. Çoxu da əvvəlki klinikalarda səhv müayinə və diaqnozlar alıblar, buna görə də ağır formada bura gəlib çıxıblar. Bu vaxta kimi elə uşaq olubmu ki, son anda sizə çatdırıblar, lakin siz belə kömək edə bilməmisiz?
-Xeyr, təcrübəmdə itirdiyimiz pasiyent olmayıb. Biz canlı, yəni nəfəsi üstündə olan pasiyenti, istənilən ağırlıqda qəbul edib, əməliyyat etmişik və bu gün onların vəziyyəti şükür ki, yaxşıdır.
Ən son keçən həftə körpə oğlan uşağı qəbul etmişdik, ikitərəfli böyrək çatışmazlığı diaqnozu Digər xəstəxanada artıq "böyrəkləri otkaz edib” deyə imtina etmişdilər. Yaxşı ki, valideynlər son anda bizim klinikaya müraciət etdilər. Uşaq demək olar, çox ağır vəziyyətdə idi. Əməliyyat etdik, hazırda vəziyyəti yaxşıdır.
-Böyrəyin birini götürdünüzmü?
-Təcrübəmdə böyrəyi çıxartmaq kimi hallar olmayıb. Orqanı çıxartmaq bizim hədəfimiz deyil. Dünya tibbi protokollara əsasən, 5%-in üstündə fəaliyyəti olan böyrəklər belə çıxarılmır. Nə yazıq ki, bizdə 5%-lik böyrəkləri əməliyyata alıb çıxarırlar. Bu taktika düzgün deyil. Bunlar köhnə protokollarda qaldı. Hələ də çox tanınmış cərrahlar 40-50 il əvvəlin protkolları ilə gedir. Yanına uşaq gətirirlər, böyrək faktiki imtina edib, həkim indi əməliyyat edə bilmərik "narkozdan” ayılmaz, tikişi tutmaz kimi bəhanələrlə uşağı evə göndərir ki, 1-2 yaşına kimi gözləyin. Nəticədə 5-6 aylıq uşaqlar daha da ağır patologiyaya keçir, ən ağır formada bizə gəlib çatır. Biz 500 qramlıq körpələri belə əməliyyat etmişik. Bunun üçün müasir narkoz preparatları da var, avadanlıq da var, tikiş texnikası da var. Bütün bunları uşaq cərrahı uzmanları bilir. Müasir protokollardan xəbəri olmayan "həkimlər” həm uşaqların, həm valideynlərin, həm bizim işimizi çətinləşdirir.
-Bəs niyə sizdə alınır, onlarda yox? Yəqin ki, daha başqa tutarlı səbəbləri var.
-Klinikanın şəraiti, texniki imkanları, avadanlığı, təcrübəli personalı şərtdir. Uşaq cərrahiyyəsi üçün klinika tam müasir təchiz olunmalıdır. Yeni doğulmuşu harada gəldi, necə gəldi əməliyyat etmək olmaz. Ümumi tipli və ya rayon mərkəzi xəstəxanalarında böyükləri əməliyyat etmək olar, amma körpəni əsla. Ona görə də imtina halları çoxdur. Ya da "mən böyüklərdə böyrəyi əməliyyat edirəm, uşağı da edərəm” deyən cərrahlar bilməlidir ki, uşaq orqanizmi böyük orqanizminin kiçildilmiş, mini forması deyil. O tam ayrıdır, patologiyası da ayrı olur, müalicə və əməliyyatı da.
-Qəbulunuzda olan 2 yaşlı qızcığazın hekayəsi də dəhşətli idi. Anası da şokdaydı: 2-3 xəstəxana gəzib, bir özəl klinikada müayinələrə pul xərcləyib, amma diaqnoz səhv. Birinci dərəcədir deyib, ananı arxayın salıblar.
-Həmin uşaqda sidik kisəsindən yuxarı sidik qaçması patologiyasıdır. Mən o müayinələrə baxan kimi düzgün çəkilmədiyini gördüm. Rentgen aydın deyildi. Görünür, texnika var, amma düzgün işlədən mütəxəssis yoxdur. Yenidən burda müayinələr apardıq və 4-cü dərəcə diaqnozu təsdiq olundu. Bu gün vaxtında diaqnoz qoyulmasaydı, uşaq gələcəkdə ciddi böyrək krizinə girəcəkdi. Əməliyyat olunması mütləqdir və valideynə məlumat verdik.
-Burda valideynlərimi günahlandıraq, ya həmin klinikaları, həkimləri?
-Əgər valideynin yetəri qədər savadı, dünyagörüşü varsa, məsuliyyəti varsa, uşağının probleminə biganə olmayıb, "özü düzələr” düşünməyib, düzgün müalicə yolları axtarmağa səy göstərməlidir. Elə valideyn var ki, həqiqətən savadı, məlumatı yoxdur, ya çox ucqar bölgədə yaşayır, onu da sahə həkimi, pediatrı başa salmalıdır. İndi elə dövrdür ki, artıq ana bətnində hər hansı patologiyanın olub-olmaması məlum olur. Bu işdə ginekoloqların da üzərinə məsuliyyət düşür. "Təki uşaq doğulsun, gerisi mənlik deyil” prinsipi ilə işləməsinlər. Vaxtında valideynə yol göstərilməlidir. Bizim hətta bu gün doğulmuş uşağı sabah əməliyyat etmək kimi imkanlarımız var. Uşağın böyüməsini gözləməyin. Vaxt keçdikcə patologiya ağırlaşır. Həm də körpələr əməliyyat sonrası dövrü yaxşı keçirir, həyatda tutunmaq gücləri çoxdur.
-Bir də başqa həkimlərin səhvini düzəltmək kimi faktlar da var. Başqa yerdə 2 dəfə narkoz alaraq, əməliyyat olunmuş, tikişi səhv qoyulan körpə...
-Bəli, nə yazıq ki, əməliyyatların böyük qismi kimlərinsə səhvini düzəltməyə yönəlib. Cəmiyyətin, ictimaiyyətin ən böyük problemi – körpələrə, uşaqlara ümumi uroloq, ümumi cərrahın baxmasıdır. Türkiyədə, Avropada 18 yaşdan aşağı istənilən pasiyenti uşaq cərrahına yönəldirlər. İkincisi, heç bir həkim fəsaddan sığortalanmayıb, həmçinin mən. Lakin başı çıxmayan bir işi icra etmək və bundan yaranan fəsadlar, səhvlər həkimə bağışlanmır. Bilərəkdən olunan səhvlər nə yazıq ki, çoxdur.
-Sünnət əməliyyatı və ya dəllək səhvi ucbatından sidik kanalı zədələnmiş, xarici cinsiyyət üzvlərində fəsadlar yaranmış kiçik pasiyentləriniz də var. Mənim yadıma gələn odur ki, əvvəl şəhərdə ya rayonda bir dəllək olurdu, bütün uşaqları sünnət edirdi və bir fəsad da olmurdu. İndi isə sünnət problemə çevrilib...
- Müsəlman ölkəsi olaraq, bu problem həmişə olub və olacaq. XXI əsrdə sünnətin təbii ki, əməliyyatxanada, steril şəraitdə, komfortlu şəkildə və cərrah tərəfindən icrası daha məqsədəuyğundur, nəinki evdə, həyətdə və s. İndi dəbdir – lazerlə qansız sünnət reklamı gedir. Bu, bir uydurmadır. Dünyada belə bir texnika yoxdur ki, hər hansı orqanı, dərini kəsəsən, qan çıxmaya. Lazer sünnəti deyilən fikir absurddur. Azərbaycanda sünnəti cərrahlar etsə dərd yarı, stomatoloq, dermatoloq, hətta terapevt də sünnət edir. Deyir, 100 uşağı etmişəm, heç nə olmayıb. 100-də olmayıb, 101-cidə ola bilər. Elə bir patologiya, vəziyyət yaranar ki, uşağı xilas edə bilməzsən. O bir səhv bir uşağın gələcək həyatını təhlükəyə atacaq.
Sünnət – uşaq uroloqu və uşaq cərrahı tərəfindən icra olunmalıdır. Valideynlər uşaq cərrahı ilə ümumi cərrahı ayırd etməyi öyrənməlidir. Belə görürəm ki, bu vəziyyət hələ bir müddət davam edəcək və nə yazıq ki, belə səhvlər nəticəsində uşaq ölümlərinin sayı da azalmayacaq.
Hələ də həkimlər əməliyyat, xəstə əldən çıxmasın deyə, valideynləri aldadır. Bu isə həkimlik yox, dəllallıqdır. Qarşımızda əngəllər çoxdur. Yaşlı nəsil gerçəkdən işini bilən gənc kadrları qəbul etməyənə qədər bütün çabalarımız əbəsdir.
-O zaman ümumi cərrahlar qəbuluna görə ağır patologiyalı uşaqlardan imtina etməlidir?
-Xeyr vəziyyəti dəyərləndirib, valideyni uşaq cərrahına yönəltməlidir. İndi hamının hər şeydən xəbəri var. Klinikamızda yarımçıq doğulmuş 1450 qramlıq körpə var idi, yemək borusu inkişaf etməmişdi. O uşağı ümumi cərrah kəsib açsaydı, heç bir şey edə bilməyəcəkdi. Çünki xəstəliyin patalogiyasını bilmir, bununla rastlaşmayıb. O, həmişə böyükləri əməliyyat edib, böyük insanda isə bu patologiya olmur. Çünki bu patologiya ilə doğulan uşaq 2-3 həftədən artıq yaşamır. Və bu körpəni də biz əməliyyat etməsəydik, öləcəkdi. Təsəvvür edin, ümumi xəstəxanalarda, doğum evlərində bu patologiya ilə doğulan körpələrin halını. Uşağın qida borusu yox idi öldü.... Halbuki əməliyyat oluna bilər, qida borusu mədə yolu açıla bilər. Yenə təkrar edirəm, illərlə böyükləri əməliyyat etmiş cərrah nə qədər yaşlı, təcrübəli olsa da 1500-2000 qramlıq körpə ilə heç nə edə bilməyəcək. Buna görə onları qınamırıq da. Çünki onun sahəsi deyil. Onun o xəstəyə köməyi yalnız onu uşaq cərrahına yönləndirmək olar. Mən şəxsən böyrəkləri ikitərəfli işləməyən yaşı 18-dən yuxarı pasiyenti əməliyyata almaram. Bacararam, edə bilərəm, amma buna mənim həkimlik andım, etikam yol verməz. Mənim sahəm uşaq cərrahiyyəsidir. Mən onu böyüklər üçün yaxşı bir uroloq cərraha yönləndirərəm.
-Son olaraq bir suala da cavab istəyirik: Övladlarınızın və özünüzün səhhətini etibar edəcəyiniz 3 həkim və ya cərrah adı çəkə bilərsizmi?
-3-dən çoxdur belə həkimlər. Birini deməsəm inciklik olar. Amma belə bir cavab verim: mənim seçimim Türkiyədə oxuyub və çalışmış uzman həkim və cərrahlar ola bilər. Həqiqətən uzman adını doğruldan kadrlar. Mən Rusiyada da, Azərbaycanda və Türkiyədə təhsil alıb çalışmışam. Ən son, müasir protokollara yalnız Türkiyədə əməl olunur.
Aygün Musayeva
Medicina.az