Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti Rusiyanın Çindən gətirilən çiyələklərdə antibiotik və pestisidlər aşkarlanmasından sonra Azərbaycanın da həmin ölkədən çiyələklər idxal edib-etməyəcəyinə aydınlıq gətirib.
Medicina.az-ın trend-ə istinadən xəbərinə görə, xidmətdən bildirilb ki, Azərbaycan çiyələk istehsalçısı olduğu üçün heç bir ölkədən, eləcə də Çindən çiyələk məhsulları idxal etmir. 2018-ci ilin ilk dörd ayı ərzində yalnız Türkiyədən kiçik həcmdə (20.61 ton) çiyələk idxal olunub. Bu məhsuldan götürülən nümunələr Dövlət Xidmətinin müvafiq laboratoriyalarında müayinə olunub və məhsulun tərkibində heç bir zəhərli maddə və ya zərərverici aşkar olunmayıb.
Qeyd edək ki, Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti Çindən idxal olunan çiyələklərdə antibiotiklər aşkar edib. Rusiyanın Primorsk diyarında və Saxalində Çindən gətirilmiş 8 tona yaxın çiyələkdə lüfenuron pestisidi tapılıb.
Bununla belə, meyvə-tərəvəz məhsullarının daşınması və saxlanması zamanı antibiotiklərin istifadəsinə qadağa mövcud olmadığı üçün Rusiyada bu məhsulların idxalına qadağa qoyulması mümkün deyil.
Bununla əlaqədar olaraq, Rusiya Federal Baytarlıq və Fitosanitar Nəzarət Xidməti bu sahədə qanunvericiliyə dəyişikliklərin olunmasını təklif edib.