Azərbaycanda ilk dəfə qara pomidor yetişdirməyə başlanılıb.
Qara rəngli bu pomidor sortu özünəməxsus dadı və keyfiyyəti ilə seçilir. Əsasən, istixana şəraitində becərilən məhsullar orqanik şəraitdə də yetişdirilir. Bu pomidorlar makro və mikro elementlərlə zəngindir. Bu elementlər insan immunitetini gücləndirməklə yanaşı, organizmə hərtərəfli müsbət təsir göstərir. Qiymətinə görə də qara pomidor digər növlərdən fərqlənir.
Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyev bildirib ki, rəhbəri olduğu institutda qara pomidorun sort nümunələri yetişdirilir: "Hazırda bu növ pomidorların açıq sahələrdə əkilməsi üçün işlər aparılır. İlk öncə onu qeyd edim ki, qara pomidor genetik modifikasiya olunmuş (GMO) məhsul deyil. Bu sort pomidor quşüzümü fəsiləsinin yabanı formalarından çarpazlaşma yolu ilə alınıb. Pomidorun tərkibinə qırmızı rəng verən "likopin” adlanan piqmentlə bənövşəyi pomidorun piqmenti olan "karoten” adlanan piqmenti çarpazlaşdırıblar. Qeyd edim ki, karoten, həmçinin bir çox meyvə-tərəvəzə turuncu rəng verir. Bu iki piqmentin çarpazlaşması nəticəsində qara rəng alınır. Qara pomidorun tərkibində C vitamini çoxdur, antioksidantdır, görmə qabiliyyətinin artmasına kömək edir. Likopinin də, karotenin də insan oqranizmi üçün çox böyük faydaları var. Qara pomidorun həm açıq sahələr, həm də istixana üçün sortları yaradılıb. Qara pomidor sortu ilk dəfə Rusiya alimlərinin apardıqları elm tədqiqatlar nəticəsində ortaya çıxıb”.
Direktor onu da qeyd edib ki, institutda olan qara pomidor nümunələri formasına görə çeri pomidoru xatırladır:
"Bu pomidorlar çox da böyük olmur. Amma tərkibinin zənginliyinə görə, qiyməti digər pomidorlardan baha olur. Baha olmasının digər səbəbi isə, bu pomidorların alternativinin olmamasıdır. Həmişə az olan şey baha olur. Azərbaycanda, nəinki qara pomidora, ümumiyyətlə qeyri-ənənəvi tərəvəzlərə daim ehtiyatla yanaşıblar. Əhali ənənəvi tərəvəzləri yeməyi xoşlayır. Amma son illərdə qeyri-ənənəvi tərəvəzlərə də maraq artıb. Müəyyən zaman keçəndən sonra əhalinin qara pomidora tələbatı artacaq. Əvvəllər heç kim çəhrayı rəngdə pomidorları istifadə etmirdi, qeyri-adi baxırdılar. Ümumiyyətlə, formasına görə, pomidorların bir neçə növü var. Əvvəllər alimlərimiz "qabırğalı” pomidora uğursuz növ kimi baxırdılar. Amma indi Rusiyada, Avropada "iri qabırğalı” pomidorlar daha populyarlıq qazanıbdır. Azərbaycanlılar hamar, yumru pomidor növlərini sevirlər”.
Elmar Allahverdiyev artıq İsrail laboratoriyasının məhsuldarlıq üzərində işləmədiklərini də vurğulayıb:
"İsrail məhsuldarlıq mərhələsini keçib. Artıq onlar dizayn üzərində çalışırlar. Yəni, istənilən rəngdə və formada tərəvəz yaradırlar. Bu da onların əlində olan materialın çoxluğundan irəli gəlir. Bir sözlə gen bankı seleksiya materialı, eləcə də sort nümunələri nə qədər çox olsa, o qədər keyfiyyətli və sayı çox olan sortlar yaratmaq olar. Hibrid sortların məhsuldarlığı çox olur və xəstəliklərə davamlılığı da yüksəkdir. Amma bir mənfisi var ki, bu sortlardan toxum almaq olmur. Müəllif bunu sirr kimi özündə saxlayır ki, fermer hər il ondan toxum almaq məcburiyyətində qalsın. Onu da qeyd edim ki, bu cür toxumların satış qiyməti də bahadır”.
(Cebhe.info)