Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İldırım vuranda ilk yardım - Həkimdən tövsiyə

  • 2022.10.29 16:07
  • 4813 Baxış
İldırım vuranda ilk yardım   - Həkimdən tövsiyə


İLDIRIMVURMA yüklənmiş buludlar arasında elektrik boşalmasıdır. İldırımvurma zamanı baş verən dəyişikliklər elektrotravmada olduğu kimidir. Fərq yalnız bundan ibarətdir ki, bu zaman orqanizmə qısa müddət ərzində çox yüksək gərginlikli (milyon voltlarla) atmosfer elektriki təsir edir.



Bu xəsarətə, adətən açıq səma altında olan şəxslər məruz qalırlar. Tipik hallarda ildırımvurma zamanı mərkəzi və periferik sinir sisteminin zədələnməsi əlamətləri, görmə və eşitmənin pozulması, dəridə ağac budağını xatırladan tünd göy rəngli ləkələrin - "ildırım nişanələrinin" əmələ gəlməsi müşahidə edilir. Travmadan dərhal sonra huş itir (bir neçə dəqiqədən tutmuş ağır hallarda bir neçə sutkaya qədər), hərəki narahatlıq, klonik qıcolmalar meydana çıxır. Bunun ardınca xəstələrdə eyforiya, retroqrad amneziya, bəzən sayıqlama, görmə və eşitmə halüsinasiyaları, ətrafların parezi, bulbar ifliclər və Cekson epilepsiyası inkişaf edir. Ağır hallarda karlıq, lallıq və görmənin ağır dərəcəli pozğunluqları olur. Yüngül zədələnmələr zamanı xəstələrdə bayılma, baş gicəllənməsi, ümumi zəiflik və ağır sinir sarsıntısı müşahidə edilir.


"Medicina" xəbər verir ki, Nərimanov Tibb Mərkəzinin həkim-pediatrı Sevil Orucova ildırımvurma zamanı əalmətlər və yardım barədə məlumat verib.


Elektrik və ildırımvurmanın klinikası:


Elektrotravmalar 4 ağırlıq dərəcəsinə bölünürlər:

I dərəcə - huş itmədən əzələlərdə qıcolmalar olur;

II dərəcə - huş itir və əzələlərdə qıcolmalar müşahidə edilir;

III dərəcə - huş itir, tənəffüs, yaxud ürək (ya da hər ikisinin birgə) fəaliyyəti pozulur;

IV dərəcə - klinik ölüm.

Təxirəsalınmaz yardım: İlk növbədə, zərərçəkən şəxs elektrik cərəyanının təsirindən azad edilməlidir. Bu zaman yardım göstərən şəxs mütləq təhlükəsizlik qaydalanna riayət etməlidir: əllərə rezin əlcəklər geyilir, ayaqların altına quru taxta, ağac atılır. Quru taxta (yaxud ağac) parçası ilə elektrik naqilini şəxsin üstündən kənara tullamaq, zərərçəkmiş insanın bədəninə toxunmayan hissələrdən tutub dartmaq, elektrik qoruyucularını və elektrik açarını açmaq, elektrik cərəyanını söndürməklə cərəyan mənbəyindən şəxsi azad etmək olur.

Terminal hallarda xəstəyə süni tənəffüs və ürəyin qapalı masajı ən azı 2 saat ərzində (meyit əlamətləri baş verənə qədər) inadkarlıqla aparılır; təcili yardım briqadası gəlib çıxdıqdan sonra, yuxarı tənəffüs yolları selikdən təmizlənərək intubasiya edilməklə aparatla ağciyərlərin süni ventilyasiyası davam etdirilir; ürəyin fıbrillyasiyası zamanı elektroimpuls terapiya (defıbrillyasiya) aparılır. Digər reanimasiya tədbirləri (parenteral dərmanların yeridilməsi) ümumi qaydada aparılır.



Xəstənin huşu bərpa olduqdan sonra isti mayelər (çay, qəhvə) içirdilir (spirtli içkilər olmaz!). Yara səthinə aseptik sarğı qoyulur və o, stasionara göndərilir.
Elektrik və ildırım vurmuş adamı torpağa basdırmaq olmaz! Bir tərəfdən torpaq döş qəfəsini sıxmaqla tənəffüsün keçirilməsini pozur, orqanizmi soyudur, qan dövranını çətinləşdirir, digər tərəfdən isə ilkin yardıma lazım olan qiymətli vaxt itirilir, yaraya tetanus törədiciləri düşə bilir.



Müalicə ümumi və yerli olmaqla aparılır. Xəstə stasionarda olduğu birinci 2 gün ərzində təkrar olaraq tənəffüsün və ürək fəaliyyətinin dayanması ola bildiyindən o, nəzarət altında qalmalı, onun yanında təxirəsalınmaz yardım göstərmək üçün lazım olan aparatlar və dərmanlar olmalıdır. Vəziyyəti kafi olan xəstələr belə bir neçə gün həkim nəzarətində saxlanılır, xəstəyə ürək dərmanları, sakitləşdirici preparatlar və vitaminlər təyin edilir. Belə ki, elektrotravmadan bir neçə gün sonra xəstənin kafi vəziyyətində ürək əzələsinin yumşalması nəticəsində qəflətən cırılması və ölüm halları məlumdur. Qalan hallarda ümumi müalicə termiki yanıqlarda olduğu kimi aparılır.



Yerli müalicə yanığın xarakteri və dərinliyi nəzərə alınmaqla aparılır. Səthi elektrik yanıqları zamanı yanıq sahəsinin sanasiyası aparılmaqla üzərinə aseptik sarğı qoyulur. Dərin yanıqlarda erkən nekrektomiya aparılır. Ətraflar kömürləşdikdə amputasiya edilir.
Nekrektomiyadan sonra yerli olaraq antiseptik maddələrlə və proteolitik fermentlərlə sarğılar aparılır.


Elektrik yanıqlarında dəridə geniş sahəli nekrozlara çox az təsadüf edildiyindən dəri plastikasından az istifadə edilir.

Aygün Musayeva