Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İlan və zəhərli həşərat sancması zamanı nə etməli? - Toksikoloqdan AÇIQLAMA

  • 2021.06.14 15:58
  • 4829 Baxış
İlan və zəhərli həşərat sancması zamanı nə etməli? -  Toksikoloqdan AÇIQLAMA
Dünyada olduğu kimi, Azərbaycanda da yay mövsümündə havaların istiləşməsi ilə əlaqədar olaraq ilan və əqrəblərin fəallaşması baş verir və bunun nəticəsində sancmalarla əlaqədar əhalinin toksikoloji mərkəzlərə müraciəti artır.

Yayda insanlar daha çox təbiətdə olduğundan sürünənlər və həşəratlarla rastlanma halları da çoxalır. Hər il ilan sancmasından bir neçə nəfər həyatını belə itirir.

Medicina.az xəbər verir ki, Tibb Universitetinin Daxili xəstəliklər kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru İsmayıl Əfəndiyev ilan sancması zamanı hansı yardımın göstərilməsi barədə açıqlama verib.

"Azərbaycanda hər il 100-dən çox ilan sancmaları ilə zəhərlənmələr müşahidə olunur. Bu müraciətlərə əsasən aprelin əvvəlindən noyabra qədər rast gəlinir.

- İlk olaraq sancma yerinə baxmaq lazımdır. Əgər ilan sancmasıdırsa, nöqtəvari iki yer olur. Dərhal həkimə müraciət olunmalıdır, çünki zaman çox böyük rol oynayır. Zəhərli hörümçəklər balaca olduğuna görə həmin sancmalar dərhal hiss edilmir. Bir müddət sonra bədəndə şiddətli ağrılar, əzələ gərginliyi və titrəmə baş verir. Ölkəmizdə olan əqrəblərin zəhəri nisbətən azdır. Sancmalar zamanı nahiyədə böyük şişlər müşahidə olunur.

Bütün ölüm hadisələri, ağırlaşmalar, qanda laxtalanma o halda baş verir ki, ilan sancmadan sonra ətrafı bağlayaraq sıxır və ya nahiyəni çərtməklə zəhəri sorma üsulu ilə çıxartmağa çalışır. Bunlar doğru üsullar deyil. Bəzən belə müdaxilə infeksiyanın daha çox yayılmağına səbəb olur.

Bəs, nə etməliyik?

İlk növbədə, qorxmaq lazım deyil. İlan sancmadan sonra 12 saat ərzində xəstəni tibb məntəqəsinə çatdırıb, həkim təyinatı ilə zərdab vurulmalıdır. Bir daha təkrar etmək istəyirəm: zərdab yalnız həkim nəzarətində və təyinatı ilə vurulmalıdır. Çünki həmin zərdab at qanından alınan immunoloji preparatdır və bir çox halda allergik anafilaktik reaksiya baş verə bilər. Necə müdaxilə edə bilərik: həmin nahiyəni az hərəkət etdirməliyik.

Hərəkət etdikcə zəhərin yayılmasına səbəb oluruq. Bilmək lazımdır ki, ilkin mərhələdə ilan zəhəri bədənə qanla deyil, limfatik yollarla yayılır. Ona görə də qan damarlarını sıxmaq olmaz. Nahiyəyə soyuq, sıxmayan sarğı qoymaq, iki yaxın oynağın hərəkətini azaldaraq həkimə müraciət etmək lazımdır. Ev şəraitində ağrıkəsici və antihistamin preparatlar qəbul etmək olar. Zəhərli hörümçək sancması zamanı ilk 2 dəqiqə ərzində kibrit vasitəsilə həmin nahiyəni yandırmaqla termokoaqulyasiya ilə zəhərin yayılmasının qarşısını almaq mümkündür.

Çox təəssüf ki, ilan sancmalarından sonra uzun müddət fəsadlarla üzləşmək olur. Bunun əsas səbəblərdən biri də zəhər limfatik yolla yayıldığı üçün bədəndə limfatik damarlar zədələnir və həmin nahiyədə şişkinlik olur. Bəzən həmin hal uzun illər davam edir. Həmin nahiyənin sıxması isə sağalmanı çox gecikdirir.

Elə ola bilər ki, ayağın şişməsi, müxtəlif damar problemləri, tromblaşma və hətta amputasiyaya səbəb ola bilər. Ona görə də belə hallarda həkimə vaxtında müraciət edilməlidir."