Yeni bir araşdırma mərcangilənin istehlakının idmançılar üçün faydalı olduğunu və sürəti 1,5% artırdığını üzə çıxarıb.
Medicina.az xəbər verir ki, Kanadanın Monreal şəhərindəki Konkordiya Universitetində aparılan araşdırmada məktəbin atletika komandasının və yerli qaçış klublarından seçilmiş ən yaxşı qaçışçıların 28 gün ərzində mərcangilə yedikdən sonrakı performansı izlənilib.
Bir uzun və bir qısa məşq sınağı ilə iştirakçıların müxtəlif intensivliklərdə nə qədər effektiv olduqları müəyyən edilib. Daha sonra iştirakçılara mərcangilə ekstraktı verilib. Onlar qaçışdan iki saat əvvəl bu ekstraktı içiblər.
1500 metrlik test qaçışını müşahidə edən tədqiqatçılar performans və əzələ yorğunluğunda "gözə çarpan irəliləyişlər" aşkar ediblər. Daha qısa olan 400 metrlik qaçışda daha az laktat yığılması müşahidə edilib. Laktat potensial əzələ yorğunluğunun və oksigen çatışmazlığının göstəricisidir.
Mərcangilə istehlakı daha yaxşı oksigen qəbulu ilə əlaqələndirilir. Tədqiqatçılar, həmçinin mərcangilədə təbii antioksidant mənbəyi olan polifenolların yüksək səviyyədə olduğunu qeyd ediblər.
Tədqiqatın baş müəllifi, dosent Andreas Börqdal bildirib ki, "bunun gözəlliyi tamamilə təbii olmasıdır".
“Bu ergogenik köməkçidir, yəni performans artırıcıdır, lakin anabolik steroid deyil. İdmançılar performansda əhəmiyyətli artıma sadəcə daha çox mərcangilə istehlak etməklə nail ola bilərlər”, - deyə o vurğulayıb.
Qeyd edək ki, tədqiqat “Physical Activity and Nutrition” jurnalında dərc olunub.
Aysel