Daha əvəllər qaydasız döyüş idman növü ilə məşğul olmuş Xamis Məmmədov 24 yanvar tarixində Sabunçu rayon 3 saylı şəhər xəstəxanasına kəskin pnevmoniya ilə ağır vəziyyətdə gətirilib. Lakin aparılan bütün reanimasiyon tədbirlərə baxmayaraq, X. Məmmədov 26 yanvarda dünyasını dəyişib. Qeyd edək ki, onun pnevmaniyadan dünyasının dəyişdiyi bildirilir.
Medicina.az idmançının ölümünə səbəb olan xəstəlik haqda bir sıra məlumatları sizə təqdim edir:
Pnevmaniya, yəni ağciyər iltihabı əsasən yaşlılar, xronik xəstəliyi və immun sistemi zəif olanlar üçün təhlükəli ola bilər. Eyni zamanda pnevmoniyanın cavan, sağlam şəxsləri də zədələmə ehtimalı var. Uşaqlarda ölüm törədən əsas xəstəliklərdəndir. Pnevmaniya qəfil əmələ gəlir, sinədə ağrı, temperatur, öskürək, bəlğəmlə və qısalmış tənəffüslə xarakterizə olunur. İnfeksiya adətən soyuqdəymə və qripin ardınca gəlir, lakin başqa xəstəliklərdən sonra və ya öz-özünə də əmələ gələ bilər.
Pnevmaniyanı təyin etmək çətin ola bilər. Çünki, adətən soyuqdəyməyə oxşar simptomları var.
Döş qəfəsində ağrı bir çox pnevmaniyaların ümumi simptomudur. Pnevmaniya simptomları onun törədicisindən asılı olaraq dəyişə bilir:
• Bakteriya. Bakteriyaların bir çox növləri pnevmaniyaya səbəb olur. Bakterial pnevmaniyalar öz-özünə yarana bilər, eyni zamanda xəstəlik yuxarı tənəffüs yollarının virus infeksiyalarından sonra inkişaf edə bilər. Simptomlar titrətmə, yüksək temperatur, tərləmə, döş qəfəsində ağrı, qısalmış tənəffüs, öskürək, yaşıl və ya sarı bəlğəm.
Maraqlıdır ki, yüksək risk qrupuna daxil olan yaşlı, immun sistemi zəif xəstələrdə simptomlar fərqli ola bilər, məsələn temperatur yüksəlmək əvəzinə aşağı düşə bilər. Bakterial pnevmaniya adətən ağciyərin ancaq bir payına aid ola bilir. Bu lobar pnevmoniya adlanır.
• Viruslar. Pnevmaniyaların təxminən 50%-i viruslar tərəfindən törədilir. Viral pnevmaniyalar adətən quru öskürəklə başlayır, başağrısı, qızdırma, əzələ ağrısı, üzülmə kimi simptomlar rast gəlinir. Xəstəlik inkişaf etdikcə tənginəfəslik əmələ gəlir, az həcmdə olan ağ və ya rəngsiz bəlğəmlə xarakterizə olunur. Virus mənşəli pnevmaniyalar zamanı ikincili olaraq bakterial pnevmaniyalar da əmələ gələ bilər.
• Mikoplazma. Bu orqanizmlərin törətdikləri pnevmaniyalar özlərində həm bakterial həm də virus mənşəli pnevmaniyaların əlamətlərini birləşdirir. Lakin bu əlamətlər daha mülayim olur və daha gec inkişaf edir. Yataqda qalacaq qədər xəstə olmaya bilərsiniz və hətta pnevmoniya keçirdiyinizi bilməyə də bilərsiniz.
Mikoplazma pnevmaniyaları məktəb uşaqları və gənclər arasında daha çox yayılıb. Antibiotiklərlə müalicəyə həssasdırlar. Lakin quru öskürək və zəiflik bir müddət davam edə bilər.
• Göbələk. Bir sıra göbələk növləri pnevmoniyaya səbəb ola bilər. Bəzi insanlar bunu kəskin pnevmoniya şəklində keçirir, bəzilərində isə simptomlar çox zəif nəzərə çarpır və xronik pnevmaniyaya keçərək aylarla davam edir.
• Pneumocystis carinii. Bu tip pnevmaniyalar AİDS-li xəstələrdə daha çox rast gəlinir. İmmun sistemi orqan transplantasiyası, kimyəvi terapiya, kortikosteroidlərlə müalicə, və ya digər immun zəiflədici dərmanlarla zədələnmiş xəstələr də risk altındadırlar. Əlamətləri kəsilməyən öskürək, qızdırma və qısalmış tənəffüsdür.
İnsanın ağciyəri plevra adlanan membranla əhatə olunub. Adətən insanlar tez-tez müxtəlif infeksiyalara yoluxurlar, lakin orqanizmimizin müdafiə funksiyası xəstəliyin əmələ gəlməsinin qarşısını alır. Məsələn burun seliyi özü bir çox mikroorqanizmləri ağciyərlərə keçməsinin qarşısını alır.
Hətta mikroorqanizm daxilə keçəndən sonra belə ağ qan hüceyrələri, yəni leykositlər bu mikroorqanizmi məhv edirlər. Lakin yığılıb qalmış patogen mikroorqanizmlər, ağ qan hüceyrələri alveollarda iltihab törədir. Bu da tənəffüsdə olan çətinliyə gətirib çıxarır.