Rusiyada yanvar ayında başqa aylarla müqayisədə, əsasən Yeni illə bağlı keçirilən içki məclislərinə görə 18 min daha çox rusiyalı ölür.
Medicina.az publika.az-a istinadən xəbər verir ki, bu haqda alkoqollu ölüm faizi problemləri və alkoqol siyasəti sahəsində aparıcı Rusiya eksperti Aleksandr Nemtsovun tədqiqatında deyilir.
"Ümumxalq bayramlarının əsas məzmunu şənlikdir. Amma bayramların bir mənfi tərəfləri var. Onlardan biri ölüm faizinin artmasıdır”, - tədqiqatda göstərilir.
Ekspertin sözlərinə görə, yanvarda həmçinin böyük şəhərlərdə və regionlarda (Arxangelsk, Moskva, Yekaterinburq, Çita və Krım) bir sıra alkoqollu psixozların əhəmiyyətli artımı müşahidə olunur. Aleksandr Nemtsov qeyd edib ki, ölkə alkoqola görə Yeni il bayramında yalnız insanlarını deyil, həm də böyük miqdarda pul itirir.
Rusiya Narkoloqlar Assosiasiyası 2016-cı ildə alkoqoldan ölüm faizinin ölkə iqtisadiyyatına necə təsir etdiyini araşdırıb. Assosiasiyanın məlumatına görə, orta statistik rusiyalı hər gün bir qədəh araq içir. Əgər o qədəhin yarısından imtina edilərsə, ölkə hər il 56 milyard rubl (təxminən 740 milyon dollar –red.) büdcə puluna qənaət edəcək. Bu, təxminən "Roskosmos”un 2022-ci ildə kosmosa göndərməyə hazırlaşdığı "Federasiya” kosmik gəmisi üçün tələb olunan vəsaitə bərabərdir.
Narkoloqlar izah edirlər ki, vaxtından əvvəl ölüm faizinin yüksək olması əmək məhsuldarlığını azaldır və əhəmiyyətli iqtisadi xərclərə gətirib çıxarır.