Prezident İlham Əliyev "Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Medicina.az xəbər verir ki, qanuna aşağıdakı maddə əlavə edilir:
Maddə 15-10. İcbari tibbi sığorta üzrə sığorta haqları
15-10.1. İcbari tibbi sığorta üzrə sığorta haqları aşağıdakı məbləğlərdə və dərəcələrdə müəyyən edilir:
15-10.1.1. xidmətlər zərfinin baza hissəsi üzrə –təqvim ili üçün adambaşına 29 (iyirmi doqquz) manat;
15-10.1.2. xidmətlər zərfinin əlavə hissəsi üzrə:
15-10.1.2.1. bu Qanunun 15-2.3.1-ci və 15-2.3.2-ci maddələrində nəzərdə tutulan şəxslər üzrə:
1. sığortalı tərəfindən – hesablanmış əməyin ödənişi fondunun 2 faizi;
2. sığortaolunan tərəfindən – işçinin əməkhaqqının 2 faizi;
15-10.1.2.2. bu Qanunun 15-2.3.3-cü – 15-2.3.6-cı maddələrində nəzərdə tutulan şəxslər üzrə – təqvim ili üçün adambaşına 120 manat.
15-10.1.3. Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə – 0,02 manat;
15-10.1.4. energetik içkilərə (alkoqollu və alkoqolsuz) və elektron siqaret üçün mayeyə aksiz markasının verilməsinə görə – verilən hər bir aksiz markasına görə 0,1 manat;
15-10.1.5. tütün məmulatlarına aksiz markasının verilməsinə görə – verilən hər bir aksiz markasına görə 0,05 manat;
15-10.1.6. alkoqollu içkilərə aksiz markasının verilməsinə görə – verilən hər bir aksiz markasına görə 0,1 manat;
15-10.1.7. "İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənilən təqvim haqqının 50 faizi;
15-10.1.8. "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən sığortalının sığorta müqaviləsi üzrə sığortaçıya ödədiyi sığorta haqqının 5 faizi.
15-10.2. Bu Qanunun 15-10.1.1-ci və 15-10.1.2.2-ci maddələrində müəyyən olunmuş sığorta haqları 2021-ci il yanvarın 1-dən etibarən ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq indeksləşdirilir və indeksləşdirilən sığorta haqları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet saytında yerləşdirilir.
Maddə 15-11. İcbari tibbi sığorta haqlarının hesablanması, ödənilməsi və hesabatın təqdim olunması
15-11.1. İcbari tibbi sığortanın maliyyə mənbələri üzrə daxil olan vəsaitlər icbari tibbi sığorta fondunda cəmləşdirilir.
15-11.2. Bu Qanunun 15-10.1.1-ci maddəsində nəzərdə tutulan sığorta haqları, habelə bu Qanunun 15-2.3.3-cü maddəsində göstərilən şəxslər üçün sığorta haqları dövlət büdcəsinin vəsaiti hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən hər ay üçün bərabər hissələrlə növbəti ayın 15-dən gec olmayaraq ödənilir.
15-11.3. Bu Qanunun 15-10.1.2.1-ci maddəsində nəzərdə tutulan sığorta haqları sığortalı tərəfindən hər ay üçün hesablanır, əməkhaqqı ödənişləri ilə eyni vaxtda, lakin sonrakı ayın 15-dən gec olmayaraq tam məbləğdə ödənilir.
15-11.4. Azərbaycan Respublikasının ərazisində benzinin, dizel yanacağının və maye qazın istehsalı və idxalı ilə məşğul olan vergi ödəyicisi sığorta haqqını aylıq olaraq hesablayır və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq ödəyirlər.
15-11.5. Bu Qanunun 15-10.1.4-cü – 15-10.1.6-cı maddələrində nəzərdə tutulan icbari tibbi sığorta haqqı vergiödəyicisi tərəfindən həmin aksiz markalarının alınmasına görə dövlət rüsumu ilə eyni vaxtda ödənilir.
15-11.6. Bu Qanunun 15-10.1.7-ci maddəsində nəzərdə tutulan icbari tibbi sığorta haqqı İcbari Sığorta Bürosu tərəfindən hər ay üzrə növbəti ayın 20-dək ödənilir.
15-11.7. Bu Qanunun 15-10.1.8-ci maddəsində nəzərdə tutulan sığorta haqqını "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan sığortaçılar aylıq olaraq hesablayır və hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq ödəyirlər.
15-11.8. Bu Qanunun 15-2.3.4-cü – 15-2.3.6-cı maddələrində nəzərdə tutulan şəxslər tərəfindən sığorta haqqı icbari tibbi sığorta müqaviləsi bağlandığı tarixdən 30 (otuz) gün müddətində tam məbləğdə və ya həmin müqavilənin bağlandığı tarixdən sığorta ilinin sonunadək olan ayların sayına bölünməklə bərabər hissələrlə hər ay üçün növbəti ayın 15-dən gec olmayaraq ödənilir. Həmin şəxslər tərəfindən sığorta haqqının ödənilməsi üsulu icbari tibbi sığorta müqaviləsində əks olunur.
15-11.9. Bu Qanunun 15-2.1-ci və 15-2.3.3-cü maddələrində nəzərdə tutulan şəxslərə dair statistik məlumatların müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməsi və həmin şəxslər üzrə sığorta haqqının ümumi məbləğinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
15-11.10. Bu Qanunun 15-2.3.3.2-ci – 15-2.3.3.7-ci maddələrində nəzərdə tutulan şəxslərin həmin maddələrdə nəzərdə tutulan kateqoriyalara aidiyyətinin müəyyən olunması məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya resursları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunmuş hədlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya resurslarına inteqrasiya olunur.
15-11.11. Bu Qanunun 15-2.3.3-cü maddəsinə əsasən sığortalanmalı olan şəxslər həmin maddədə nəzərdə tutulmuş iki və ya daha çox şəxslər kateqoriyasına aid olduğu təqdirdə, həmin şəxslərin xeyrinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yalnız bir dəfə sığorta haqqı ödənilir.
15-11.12. Bu Qanunun 15-2.3.4-cü – 15-2.3.6-cı maddələrində nəzərdə tutulan şəxslər bu Qanunun 15-2.3.3-cü maddəsində nəzərdə tutulan şəxslər kateqoriyasına aid olub-olmamasından asılı olmayaraq sığorta haqlarını öz vəsaiti hesabına ödəyirlər.
15-11.13. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 15-11.2-ci maddəsinə əsasən ödənilən sığorta haqları barədə hesabatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir. Həmin hesabatın forması və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla müəyyən edilir.
15-11.14. Sığortalılar bu Qanunun 15-11.3-cü maddəsinə əsasən ödənilən sığorta haqları barədə hesabatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir. Həmin hesabatın forması və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla müəyyən edilir.
15-11.15. Bu Qanunun 15-11.4-cü maddəsində nəzərdə tutulan vergiödəyiciləri ödənilən sığorta haqları barədə hesabatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir. Həmin hesabatın forması və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla müəyyən edilir.
15-11.16. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tütün məmulatlarına, alkoqollu içkilərə, energetik içkilərə (alkoqollu və alkoqolsuz) və elektron siqaret üçün mayeyə görə vergiödəyicilərinə verilmiş aksiz markaları barədə hesabatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir. Həmin hesabatın forması və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla müəyyən edilir.
15-11.17. İcbari Sığorta Bürosu tərəfindən bu Qanunun 15-11.6-cı maddəsinə əsasən ödənilən sığorta haqları barədə hesabat müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilir. Həmin hesabatın forması və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
15-11.18. "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulan sığortaçı bu Qanunun 15-11.7-ci maddəsinə əsasən ödənilən sığorta haqları barədə hesabatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edir. Həmin hesabatın forması və təqdim edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla müəyyən edilir.
15-11.19. Bu Qanunun 15-2.3.6-cı maddəsində nəzərdə tutulan şəxslər tərəfindən (bu Qanunun 15-11.21-ci maddəsi nəzərə alınmaqla) icbari tibbi sığorta müqaviləsi sığorta ili ərzində bağlandıqda, bu Qanunun 15-10.1.2.2-ci maddəsində müəyyən olunmuş sığorta haqqına icbari tibbi sığorta müqaviləsinin bağlandığı ay da daxil olmaqla gecikdirilmiş hər ay üzrə 10 faiz əlavə sığorta haqqı hesablanır.
15-11.20. Bu Qanunun 15-11.19-cu maddəsində nəzərdə tutulan faizlər sığorta haqqının ödənilmədiyi bütün müddətə, lakin bir ildən çox olmamaq şərtilə hesablanır. Ödənilməmiş sığorta haqları və əlavə sığorta haqları üzrə yaranmış borclar cari təqvim ili və əvvəlki son bir təqvim ili üçün hesablanır.
15-11.21. Bu Qanunun 15-2.3.3 – 15-2.3.6-cı maddələrində nəzərdə tutulan şəxslər tərəfindən icbari tibbi sığorta müqaviləsini bağlamaq öhdəliyi sığorta ili ərzində yarandıqda, həmin şəxslər üçün icbari tibbi sığorta üzrə sığorta haqqı, bu Qanunun 15-10.1.2.2-ci maddəsində müəyyən olunmuş sığorta haqqı 12-yə bölünməklə icbari tibbi sığorta müqaviləsini bağlamaq öhdəliyinin yarandığı ay da daxil olmaqla ilin sonunadək növbəti ayların sayına vurulmaqla hesablanır.