Azərbaycan Prezidenti 2016-cı il 28 dekabr tarixli 1181 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihə”də dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) Medicina.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Fərmana əsasən, pilot layihə çərçivəsində icbari tibbi sığortanın tətbiqinin müddəti uzadlıb:
""Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın tətbiqinə dair pilot layihə”də dəyişiklik edilməsi haqqında 28 yanvar 2019-cu il tarixli Fərmana əsasən, icbari tibbi sığortanın pilot layihə çərçivəsində tətbiqinin müddəti uzadılıb.
Belə ki, Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığorta üzrə pilot layihənin tətbiqi 2020-ci il yanvarın 1-dək davam edəcək”.
Qeyd edək ki, icbari tibbi sığorta əhalinin sosial müdafiəsi formasıdır və sığorta hadisəsi zamanı əhaliyə icbari tibbi sığortanın maliyyə mənbələri hesabına ilkin səhiyyə xidmətlərinin, təcili və təxirəsalınmaz tibbi yardımın göstərilməsinə təminat verən dövlətin hüquqi, iqtisadi və təşkilati tədbirlər sistemidir. İcbari tibbi sığorta eyni zamanda sığorta olunanlara baza zərfində nəzərdə tutulmuş şərtlər çərçivəsində tibbi xidmətlərin göstərilməsinə təminat verir.
İcbari tibbi sığortanın məqsədi səhiyyə sahəsində mövcud maliyyələşmə mexanizmlərini yeni iqtisadi əsaslarla təkmilləşdirərək əhaliyə göstərilən tibbi xidmətlərin keyfiyyətini daha da yüksəltmək və əlçatanlığını təmin etməkdir.
Prezidentin 2016-cı il 29 noyabr tarixli 1127 nömrəli Fərmanına əsasən, Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati əraziləri pilot ərazilər olaraq təsdiq edilib. Pilot layihə olaraq Ağdaş rayonunun inzibati ərazisində həyata keçirilməsi, habelə Mingəçevir şəhərinin və Yevlax rayonunun inzibati ərazilərində, Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda davam etdirilir.
Baza zərfinə daxil olan tibbi xidmətlər və tarifləri
Baza zərfi icbari tibbi sığortanın maliyyə mənbələri hesabına sığorta olunanlara müvafiq növdə, həcmdə və şərtlərlə göstərilən tibbi xidmətlərin toplusudur.
Baza zərfinə daxil olan tibbi xidmətlər və tariflər Prezidentin 2016-cı il 28 dekabr tarixli 1181 nömrəli Fərmanı ilə təsdiq edilib. Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində tədbiq olunan icbari tibbi sığortanın baza zərfinə daxil olan tibbi xidmətlərin sayı 1829-dur:
- İlkin səhiyyə xidməti – 18
- Təcili və təxirəsalınmaz tibbi yardım xidməti - 6
- Ambulator xidmət – 480
- Stasionar xidmət - 677
- Laborator xidmət – 459
- Fizioterapiya – 23
- Həyati vacib, dəyəri yüksək olan xidmətlər – 166
Siyahı və tariflərlə bağlı daha ətraflı aşağıdakı linkdə tanış ola bilərsiniz:
http://its.gov.az/site/assets/files/1644/tminatlar.pdf
Baza zərfinə daxil olmayan tibbi xidmətlər
Baza zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin siyahısı və tarifləri Azərbaycan Prezidentinin 2016-cı il 28 dekabr tarixli 1181 nömrəli Fərmanı ilə təsdiq edilib. Mingəçevir şəhərinin, Yevlax və Ağdaş rayonlarının inzibati ərazilərində icbari tibbi sığortanın baza zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin siyahısı və tariflərini təqdim edirik:
http://its.gov.az/site/assets/files/1643/istisnalar.pdf