"2020-ci ildən icbari tibbi sığorta ölkə miqyasında tətbiq ediləcək".
Medicina.az-ın məlumatına görə, bunu Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi - sədr müavini Əli Əhmədov jurnalistlərə deyib.
Ə.Əhmədov bildirib ki, bu, hazırda Mingəçevir şəhəri, Ağdaş və Yevlax rayonlarında pilot layihə kimi icra edilir: "Pilot layihələrin nəticəsi göstərir ki, insanların buna çox böyük ehtiyacı var".
Baş nazirin müavini vurğulayıb ki, bu layihələr çərçivəsində müəyyən təcrübə əldə olunub:
"2019-cu il icbari tibbi sığortaya hazırlıq ili kimi qiymətləndirilə bilər. Qarşıda duran bir il ərzində bütün xəstəxanaların bu istiqamətdə hazırlanması ilə əlaqədar lazımi işlər aparılacaq. İnanıram ki, pilot layihələr zamanı toplanmış təcrübələr kifayət edir ki, bir il ərzində xəstəxanalar icbari tibbi sığorta üçün hazırlansınlar".
Ə.Əhmədov hesab edir ki, Azərbaycanın icbari tibbi sığorta sahəsindəki təcrübəsi uğurlu olacaq və vətəndaşlar ehtiyac hiss etdikləri bu məsələdən də faydalanacaqlar.