Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində yoxlamalar aparıldı

  • 2024.02.28 14:57
  • 1220 Baxış
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində   yoxlamalar aparıldı

Azərbaycan Respublikası Hesablama Palatasının 2023-cü il üzrə İş planına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində həyata keçirilmiş dövlət satınalmalarının hüquqi aktlara uyğunluğuna dair audit aparılıb.

Hesablama Palatasından Medicina.az -a verilən xəbərə görə, audit 1 yanvar 2022-ci il tarixindən 31 dekabr 2022-ci il tarixinədək olan dövrdə həyata keçirilmiş ümumilikdə 398,3 mln. manat məbləğində 253 satınalma müqaviləsini əhatə edib.


Satınalmaların təşkili və müqavilələrin icrası ilə bağlı ilkin satınalma planının müvafiq portalda yerləşdirilməsi, bir mənbədən satınalma metodundan istifadənin payının 20,0%-dən az olması, satınalmalarda qalibin seçilməsi zamanı əksər hallarda aşağı qiymət meyarına əsaslanılması, ortalama iştirakçı sayının minumum tələblərinə əməl edilməsi, müqavilələr üzrə ödəniş müddətlərinə əsasən riayət olunması müsbət hallar kimi qeyd edilməlidir.

Audit nəticəsində qeyd olunanlarla yanaşı, aşağıdakılar müəyyən edilib:

- Agentlik tərəfindən hesabat ili üçün illik ilkin satınalma planı müvafiq tələblərə riayət olunmaqla dövlət satınalmalarının vahid internet portalında yerləşdirilsə də, hazırlanmış ilkin satınalma planının layihəsinin təsdiq edilməməsi, sonradan dəyişikliklərin qeydiyyata alınmaması, eləcə də planlaşdırılan satınalmanın satınalma məqsədlərinə uyğunluğunun, o cümlədən dövlət ehtiyacları üçün olan malların (işlərin və xidmətlərin) miqdar və həcminin tələbata, xarakteristikasının isə ehtiyaca uyğun müəyyən edilməməsi bağlanmış müqavilələrin bəzi hallarda vaxtında icra edilməməsi ilə nəticələnib.

- Agentlik tərəfindən müvafiq dövrdə qüvvədə olan “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 40.6-cı maddəsinə əsasən malların həcminin 15 faizə qədər artırılıb-azaldılması müqavilə məbləğinin yekun protokol məbləğindən fərqlənməsinə və bunun nəticəsində Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin və Agentliyin məlumatları arasında bəzi fərqlərin yaranmasına səbəb olub.

- Satınalmalar üzrə xərclərin vaxtında olması tələbi, habelə müəyyən olunmuş zaman ərzində satınalmaların həyata keçirilməsi və müvafiq müqavilələrin bağlanılması, sifarişçi tərəfindən satınalma məqsədlərinə çatmaq üçün kifayət edən müddətlərin müəyyən olunması və ona riayət edilməsi tələbləri bəzi hallarda gözlənilməyib.

- Dövlət satınalmalarını tənzimləyən qanunvericiliyin tələblərinə riayət edilməyərək bir mənbədən satınalma metodu ilə malların (işlərin və xidmətlərin) satın alınması zamanı ehtimal olunan qiymətin hesablanmaması bəzi hallarda bağlanılıb və icra olunmuş satınalma müqavilələri üzrə icarəyə götürülmüş obyektlər üzrə icarə qiymətlərinin mövcud bazar qiymətindən yüksək olmasına səbəb olub.

- Eyni zamanda Agentlik tərəfindən 2022-ci ildə ümumprofilli tibb müəssisələri üçün müxtəlif tipli reaktivlərin satınalması proseduru bəzi hallarda rəqabətli satınalma metodları deyil, satınalmanın bir mənbədən metodu, bəzi hallarda isə açıq tender metodu tətbiq olunmaqla həyata keçirilmiş, nəticə etibarı ilə eyni ildə eyni adda malların alışı zamanı satınalma metodlarından asılı olaraq qiymət fərqləri mövcud olub.

- Dərman və tibbi təyinatlı vasitələrin satın alınması prosesində bəzi hallarda ayrı-ayrı malların vahidinin ehtimal olunan qiymətinin düzgün müəyyən edilməməsi, eyni adlı dərman və tibbi təyinatlı vasitələrin vahidi üzrə alış qiymətlərinin fərqli olması əlavə vəsait xərcinə səbəb olub.

- Satınalma üzrə qalib müəssisələr tərəfindən bəzi hallarda müqavilə öhdəlikləri vaxtında yerinə yetirilməyib, eləcə də gecikdirilmiş günlərə görə onlara cərimə tam tətbiq edilməyib. Seçmə qaydada baxılmış 49 halda satınalma müqavilələri üzrə verilmiş elektron qaimələrə əsasən 9,9 mln. manat məbləğində cərimə sanksiyaları tətbiq edilməyib.

- Dərman və tibb vasitələrinin, müxtəlif tipli reaktivlərin alınması üzrə satınalmalarda əksər hallarda tenderin şərtlər toplusunda yararlılıq müddəti ilə bağlı nəzərdə tutulmuş tələblərin müqavilə öhdəliyinə fərqli daxil edilməsi, bəzi hallarda isə müqavilə öhdəliyinə riayət edilməyərək təhvil-təslim aktlarında yararlılıq müddətinin göstərilməməsi dərman və tibb vasitələrinin, müxtəlif tipli reaktivlərin istifadəsində nəzarətin həyata keçirilməsini çətinləşdirməklə yanaşı, təchizatçılar tərəfindən yararlılıq müddəti az qalmış malların sifarişçiyə verilməsi müqavilə tələbinin pozulması ilə nəticələnib.

- Bağlanılmış satınalma müqavilələri üzrə müxtəlif hallarda uyğunsuzluqlar, bir-birini təkzib edən maddələr mövcud olmuşdur ki, bu da müqavilələrin icrası üzrə müəyyən çətinliklər yaradıb.

- Auditin əhatə etdiyi dövrdə Agentlik tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 14 dekabr tarixli 495 nömrəli qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığorta vəsaitlərinin uçotunun aparılması və hesabatının təqdim edilməsi Qaydası”-nın 3.1-ci “Agentlik tərəfindən yanvar ayının 1-dən dekabr ayının 31-dək (31-i daxil olmaqla) dövrü əhatə edən İcbari tibbi sığorta fondunun gəlir və xərcləri barədə hesabat auditor rəyi ilə birlikdə növbəti ilin 30 iyun tarixinədək Azərbaycan Respublikasının Prezidentinə təqdim edilir” bəndinin tələblərinə əməl edilməyib, bu isə fondun hesabatlılığının və şəffaflığının təmin edilməməsi ilə nəticələnib.

- Avans ödənişlər istisna olmaqla satınalma müqaviləsi üzrə ödəmələr Agentlik tərəfindən təqdim edilmiş elektron qaimə-fakturalar əsasında həyata keçirilsə də, Vergi Məcəlləsinin müvafiq tələbləri gözlənilməyərək malların qəbulu təhvil-təslim aktları əsasında həyata keçirilmiş, nəticədə həm də bu hesaba cərimə sanksiyalarının tətbiq edilməsi təmin edilməyib.

Auditlə vəsaitlərin idarəedilməsi vəziyyəti də araşdırılıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Agentliyin Nizamnaməsinin 1.1-ci bəndinə əsasən xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri icbari tibbi sığorta fonduna cəmləşdirən, icbari tibbi sığorta üzrə dövlət adından tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı funksiyasını həyata keçirən və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən publik hüquqi şəxsdir. Lakin, sığorta növlərinin ödənişinin təfərrüatlı əsaslandırma olmadan ümumi prinsiplərlə maliyyələşdirilməsi nizamnamənin göstərilən tələbinə əməl edilməməsi ilə yanaşı, TƏBİB-in tabeliyinə verilmiş və sığorta prinsipləri əsasında fəaliyyətdə olan tibb müəssisələrinə göstərdikləri tibbi xidmətlərin dəyərindən əlavə vəsaitin köçürülməsinə şərait yaradıb.

“Əhalinin dövlət büdcəsinin vəsaiti hesabına icbari tibbi sığortalanması xərcləri və səhiyyə sahəsində bir sıra dövlət proqramlarının və tədbirlərinin maliyyə təminatı” üzrə nəzərdə tutulmuş vəsaitin bölgüsü və icrası üzrə müəyyən edilib ki, nəzərdə tutulmuş xərclərin maliyyələşdirilməsi Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən tam olaraq 18.03.2022-ci il tarixdə İcbari Tibbi Sığorta Agentliyinə həyata keçirilsə də, Agentlik tərəfindən il ərzində tam olaraq istifadəsi təmin edilməyib, həmçinin əvvəlki illər üzrə də dövlət proqramlarının və tədbirlərinin maliyyə təminatı üzrə açılmış vəsaitlərdən ilin sonuna qalıq vəsaitlər qalmaqla bərabər həmin vəsaitlərin (9,3 mln. manat) dövlət büdcəsinə geri qaytarılması təmin edilməyərək müvafiq bank hesabına qalıq vəsait olaraq keçirilib.

Xərc istiqamətlərinin düzgün planlaşdırılmaması, maliyyə ili ərzində vaxtında xərc edilməməsi, gecikdirilmiş satınalma prosedurları və bu prosesin xarakterik hal alması Fondun sərəncamında kifayət qədər əhəmiyyətli vəsaitin sərbəst qalıq formasında qalmasına şərait yaradıb.

İTS-in sərəncamında əhəmiyyətli məbləğdə sərbəst qalığın və aylıq zəruri xərclər nəzərə alınmaqla gəlir potensialının artırılması üçün münbit şəraitin olmasına baxmayaraq, potensial məbləğdən tam istifadə edilməyib.

Xidmətlər zərfinə daxil olmayan və əhaliyə ödənişli əsaslarla göstərilən tibbi xidmətlərin (1104 tibbi xidmət) tariflərinin təsdiq olunmasına baxmayaraq tibb müəssisələri üzrə nəzarət sisteminin formalaşmaması, elektron uçot sisteminin olmaması, hətta bəzi tibb xidmət növləri üzrə il ərzində vəsaitin daxil olmaması bu istiqamətdə ümumilikdə çox aşağı məbləğin formalaşmasına, İTS tərəfindən tibb müəssisələrinə ödənilən məbləğin artmasına şərait yaradıb.

Vergi orqanları tərəfindən təmin edilən büdcə gəlirləri barədə Hesabat formasının (Forma № 1V) mövcud olmasına baxmayaraq, icbari tibbi sığorta ilə bağlı inzibatçılığı həyata keçirilən gəlirlərlə əlaqədar formanın hazırlanmaması icbari tibbi sığorta haqqı ilə bağlı büdcə ilinin əvvəlinə qalıq, artıq ödəmələr, dövr ərzində hesablanmış sığorta haqları və dövrün sonuna müvafiq göstəricilər barədə müvafiq məlumatların olmamasına şərait yaratmaqla Fondun büdcə layihəsinin hazırlanmasına təsirsiz ötüşməyib.