İcbari tibbi sığorta hesabına son bir ildə 145 transplantasiya əməliyyatı icra olunub.
Bu barədə
Medicina.az -a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən məlumat verilib.
Qeyd olunub ki, bu əməliyyatların 71-i qaraciyər, 71-i böyrək, 3-ü isə sümük iliyi transplantasiyası üzrə Dövlət Agentliyinin müqavilə bağladığı tibb müəssisələrində və Səhiyyə Nazirliyinin tabeliyindəki Milli Hematologiya və Transfuziologiya Mərkəzində həyata keçirilib.
Orqan transplantasiyası yalnız tibbi göstəriş əsasında həyata keçirilir. Pasiyent ona orqan çatışmazlığı diaqnozu qoyulduğu zaman ilkin məlumat əldə etmək məqsədilə Səhiyyə Nazirliyinin tabeliyində “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi”nə (Mərkəz) müraciət etməlidir. Sənədlər təqdim edildikdən sonra Mərkəz tərəfindən vətəndaş “Donor orqanların götürülməsi, hazırlanması, saxlanması, daşınması, idxalı və ixracını həyata keçirən müvafiq tibb müəssisələri”ndən birinə yönləndirilir.
Məlumat üçün bildirək ki, ötən ilin avqust ayından başlayaraq orqan transplantasiyası limitli şəkildə icbari tibbi sığortanın Xidmətlər Zərfi ilə təminata alınıb. İcbari tibbi sığorta hesabına qaraciyər, böyrək və sümük iliyi transplantasiyası əməliyyatları üzrə illik limit sayı müvafiq olaraq 100, 150 və 20 müəyyən olunub.
Qeyd edək ki, xəstəliyin diaqnostikası, reanimasiya və stasionarda yatış, yatış və əməliyyat zamanı istifadə olunan dərman və tibbi sərf, laborator və instrumental müayinələr, qan və ya qan komponentləri, qidalanma həm donor, həm resipiyent üçün icbari tibb sığorta tərəfindən qarşılanır. Habelə, transplantasiya üçün bir canlı donorun hazırlanması və əməliyyatı tibbi xidmətin tarifinə daxildir.