Gələn il yanvarın 1-dən qüvvəyə minəcək “Tibbi sığorta haqqında” qanunda nəzərdə tutulan icbari tibbi sığorta haqları ilə əlaqədar keçid müddəaları təsdiqlənib.
Medicina.az xəbər verir ki, aşağıdakı maddələr 2020-ci il aprelin 1-dən qüvvəyə minir:
- müştərək maliyyələşmə məbləği;
- muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə – sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz;
- Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) üzrə – minimum aylıq əməkhaqqının 4 faizi;
- mülki-hüquqi müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslərə münasibətdə sığortalı qismində onları işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslər üzrə – gəlirlərinin 8000 manatadək olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi;
- Azərbaycan Respublikasının ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən (topdan satılan) və Azərbaycan Respublikasının ərazisinə idxal olunan avtomobil benzininin, dizel yanacağının və maye qazın hər litrinə görə – 0,02 manat.
Başqa sözlə, yuxarıda qeyd edilən icbari sığorta haqları gələn il aprelin 1-dən ödəniləcək.
İcbari tibbi sığorta ölkənin inzibati ərazi vahidləri üzrə müəyyən edilmiş ardıcıllıq nəzərə alınmaqla, 2020-ci ildə tamamlanmaq şərtilə mərhələli şəkildə tətbiq olunacaq.
Qeyd edilənlərdən başqa, digər sığortaolunanlar üzrə minimum aylıq əməkhaqqının 48 faiz haqqı 2023-cü il yanvarın 1-dən alınacaq.