Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“İcbari tibbi sığorta – güvənli yaşam” mövzusunda dəyirmi masa keçirilib

  • 2019.09.19 13:48
  • 3443 Baxış
“İcbari tibbi sığorta – güvənli yaşam” mövzusunda dəyirmi masa keçirilib
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində "Vətəndaş Maarifləndirilməsi” İctimai Birliyi tərəfindən "İcbari tibbi sığorta – güvənli yaşam” - regionlarda, mediada və sosial şəbəkələrdə icbari tibbi sığorta ilə bağlı böyük maarifləndirmə kampaniyası adlı layihə çərçivəsində dəyirmi masa keçirilib.



Medicina.az xəbər verir ki, tədbir həkimlərin, iqtisadçıların, media və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilib.



Tədbiri giriş nitqi ilə açan layihə rəhbəri Elşad Məmmədov İcbari Tibbi Sığortaya (İTS) dair icra etdiyi layihə və prosesin ümumi gedişi barədə verib: "Biz bu layihəni Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə icra edirik.  Bununla bağlı regionlarda, sosial şəbəkələrdə bütün imkanlar daxilində təbliğat-təşviqat aparmaq missiyasını daşıyırıq. Bu çərçivədə qərara aldıq ki, məsələnin iqtisadi və tibbi tərəflərindən danışa biləcək, bu sahədə məlumatlı olan və müəyyən təcrübə keçmiş şəxslərin iştirakı ilə diskussiya aparaq. Daha sonra burda əldə etdiyimiz məlumatlarla sadə vətəndaşlar üçün region və sosial şəbəkələrdə icbari sığorta ilə bağı maarifləndirmə təbliğatı aparacağıq”.



Tədbirdə prosesin tibbi tərəfləri ilə bağlı çıxış edən Tibb Universitetinin Onkologiya kafedrasının əməkdaşı, həkim Vasif İsmayıl qeyd edib ki, İTS Azərbaycan və cəmiyyətimiz üçün çox vacibdir. İnsanlarımız səbirsizliklə bunu gözləyirlər. Bu o deməkdir ki, İTS isbatlı və uğurlu şəkildə həyata keçirildi. İnsanlar səhiyyənin pulsuz olacağını gözləyirlər. Bunun üçün cəmiyyətin əksəriyyəti İTS paketinə qeyd olunmaq üçün lazım olan məbləği ödəməyə hazırdırlar. Həkimlər isə rahat iş şəraiti gözləyirlər. Bu gün səhiyyədə yaşanan çirkinliklərin çoxundan qurtulmaq istəyirlər. İTS Agentliyi dövlətin strukturudur və bu qurum da istəyir ki, cəmiyyətdəki gərginlik azalsın. Tibbi aspektlər baxımından təbabətdə standart yanaşma yoxdur. Yəni standart bir xidmət yoxdur. Xidmətlər çox sadədən mürəkkəbə doğru dəyişir. Eyni ilə xidmət haqları da bu cür dəyişir. Xidmət haqları dedikdə burada həkimin yaxud xəstəxananın qazancından söhbət getmir. Hər hansı bir xidməti həyata keçirmək üçün müəyyən bir məbləğə ehtiyac var. Elə xidmət var ki, bunu həyata keçirmək üçün sadəcə həkim müayinəsi kifayətdir”.



İTS-in tətbiq mexanizmi və iqtisadi tərəflərinə dair çıxış edən iqtisadçı ekspert Azər Mehdiyev bildirib ki, İTS islahatlarının mahiyyətində səhiyyənin maliyyələşdirilməsi islahatları dayanır: "Yəni həm bura xərclənən vəsaitlər doğru-düzgün istifadə edilsin, həm də cəmiyyəti keyfiyyətli səhiyyə xidmətləri əhatə etsin. Cəmiyyətə anlada bilmirik ki, pulsuz xidmət olmur. Xüsusilə də səhiyyə sahəsi pulsuz ola bilməz. Bütün xidmətlərin haqqı ödənilməlidir. bu artıq səhiyyə sistemində müzakirə olunmayan mövzudur. Bütün dünya bunu dərk edir. İslahatların da kökü bundan başlamalıdır. Statistikaya görə, Azərbaycanda rəsmi əmək haqqı alan ən aşağı təbəqə tibb işçiləridir. Bu insan sağlamlığı ilə məşğuldur. Burada sistem elə qurulmalıdır ki, qarşılıqlı nəzarət mexanizmləri bir-birini təmin edə bilsin”.



Tədbir diskussiya iştirakçılarının müzakirəsi ətrafında davam etdirilib.


“İcbari tibbi sığorta – güvənli yaşam” mövzusunda dəyirmi masa keçirilib
“İcbari tibbi sığorta – güvənli yaşam” mövzusunda dəyirmi masa keçirilib
“İcbari tibbi sığorta – güvənli yaşam” mövzusunda dəyirmi masa keçirilib
“İcbari tibbi sığorta – güvənli yaşam” mövzusunda dəyirmi masa keçirilib