Prezident İlham Əliyev “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Dəyişiklikdə qeyd edilir ki, İcbari sığorta müqaviləsi icbari sığortanın təmin edilməsi üçün sığortaçı ilə sığortalı arasında, bu Qanunun 8.1-1-ci və 8.1-2-ci maddələrinin tələbləri nəzərə alınmaqla, elektron sənəd formasında tərtib edilmiş və gücləndirilmiş elektron imza vasitəsilə təsdiq edilmiş müvafiq icbari sığorta şəhadətnaməsinin sığortalıya (müvafiq hallarda sığorta olunanlara) verilməsi yolu ilə bağlanan müqavilədir.
Bu Qanunun 50-1.0.3-cü maddəsi istisna olmaqla, bu Qanunda nəzərdə tutulmuş icbari sığorta növləri üzrə sığorta şəhadətnaməsi “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq elektron sənəd formasında tərtib edilir.
İcbari sığorta şəhadətnaməsinin məzmunu və forması Azərbaycan Respublikası Mülki Məcəlləsinin müddəaları nəzərə alınmaqla, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hər bir icbari sığorta növü üzrə ayrı-ayrılıqda müəyyən edilir.
Sığortaçı və İcbari Sığorta Bürosu sığortalının və ya sığorta olunanın elektron sənəd formasında olan icbari sığorta şəhadətnaməsinə ən azı 5 il müddətində əlçatanlığını, habelə onu kağız daşıyıcıya keçirmək və elektron poçt ünvanına yönləndirmək imkanını təmin etməlidir.
Bu Qanun qüvvəyə minənədək kağız formada verilmiş icbari sığorta şəhadətnaməsi elektron sənəd formasında tərtib edilmiş icbari sığorta şəhadətnaməsinə bərabər tutulur. Kağız formada verilmiş icbari sığorta şəhadətnaməsi itirildikdə, məhv olduqda və ya yararsız hala düşdükdə sığortalıya dublikatın əvəzində elektron sənəd formasında tərtib edilmiş icbari sığorta şəhadətnaməsi təqdim edilir.