Bəzən gözlənilməyən təsadüfi bir görüş insanın həyatında böyük dəyişikliklərə, sürətli karyeraya, bütövlükdə həyat tərzinin dəyişməsinə səbəb olur. Belə adamları şanslı adamlar adlandırırlar. Alman həkimi Teodor Morell də belə şanslılardan biri olub...
Henrix Qofman Adolf Hitlerin şəxsi fotoqrafı olmaqla yanaşı, həm də fürerin ən yaxın dostlarından biri olub. Yaxınlıq o dərəcədə olub ki, Qofmana Hitlerin təşkil etdiyi qeyri-rəsmi ziyafətlərə münasib bildiyi adamı dəvət etmək səlahiyyət verilib. Bu səlahiyyətdən istifadə edən fotoqraf 1936-cı ildə həkim dostu Teodor Morelli özü ilə fürerin təşkil etdiyi ziyafətə aparıb, onu Hitlerlə tanış edib. Tanışlıqdan 20-30 dəqiqə sonra Hitler həkimi kənara çəkib, ayaq nahiyəsindəki dəri üzərində olan qızartıları, şişkinlikləri ona göstərib. Həkim Hitlerdən müayinə üçün vaxt ayrımağı xahiş edib. Səhərisi gün Hitler Teodor Morelli iqamətgahına dəvət edib.
Morell Hitleri müayinə etdikdən sonra onda ekzema xəstəliyi aşkar edib və iki həftəlik müalicə kursu yazıb. Müalicəni qəbul edən Hitler 5-6 gündən sonra müsbət nəticələri hiss etməyə başlayıb. Kursun sonunda isə o, Morelli yenidən yanına dəvət edib və təşəkkürünü bildirib:
- Mən son iyirmi ildə ilk dəfə şahidi oluram ki, həkimin yazdığı müalicə kursu 10-15 gün ərzində müsbət nəticəsini verir. Buna görə sizə minnətdarlığı bildirirəm.
Füreri, müalicəsi çox da çətin olmayan adi bir ekzemadan xilas edən həkim təvazökarlıqla cavb verib:
- Mənim fürerim, sizə xidmət etməkdən şərəf duyuram. Diqqətinizə çatdırım ki, narahatlığınıza əsas yoxdur. Almaniya səhiyyəsi bu cür xəstəliklərin öhdəsindən çox asanlıqla gəlmək iqtidarındadır.
Daha sonra Hitler səhhətindəki digər problemlər haqqında danışıb:
- Böyük Almaniya uğrunda gördüyümüz işlər bəzən bizə sağlamlığımız haqqında düşünməyi unutdurur. Buna görə də mən bu işi sizə həvalə edirəm, bu gündən mənim şəxsi həkimim kimi fəaliyyət göstərəcəksiniz.
Beləliklə, Teodor Morell 1936-cı ildən başlayaraq Hitlerin şəxsi həkimi kimi fəaliyyətə başlayıb.
Teodor Morell 1886-cı ildə Almaniyanın Myuntsenberq şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Parisdə və Münhendə ali tibb təhsili alıb. 1913-cü ildə doktorluq dissertasiyası müdafiə edib. I dünya müharibəsinə könüllü gedən Morell hərbi gəmilərdə həkim kimi xidmət edib. 1920-ci ildə dövrün tanınmış aktrisası İohanne ilə ailə həyatı qurub. 1933-cü ildə nasist partiyasına daxil olub. Berlinin mərkəzində şəxsi klinakaya sahib olan Morell həm öz gəlirləri, həm də kifayət qədər imkanlı olan həyat yoldaşının hesabına zəngin həyat sürüb.
1936-cı ildə şəxsi həkimi təyin olunanduqdan sonra Hitler Morellə tibbi təcrübələr və şəxsi klinikasını inkişaf etdirmək üçün böyük maliyyə vəsaitləri ayırıb.
T. Morell şəxsi həkim qismində ilk növbədə Hitleri narahat edən bağırsaq xəstəliklərinin müalicəsi ilə məşğul olub. Əsasən qeyri-ənənəvi və xalq təbabəti üsullarından istifadə edən həkim qısa zamanda fürerin bu narahatlığını aradan qaldırmağa nail ola bilib. Amma Hitlerin səhhətindəki problemlər bitib tükənməyib. Hitleri daha çox narahat edən isə gecələr yuxusuzluq problemi, səhərlər isə əzgin olması ilə bağlı olub. Bu vəziyyəti aradan qaldırmaq üçün Morell kiçik dozalardan başlayaraq tərkibində narkotik vasitələr olan dərman preparatlarından istifadə etməyə başlayıb. Zaman-zaman doza həddi qaldırılıb. Həkimin bu təyinatından Hitler çox məmnun qalıb.
Morellin bu cür müalicə üsulu Hitlerin ən yaxın ətrafını ciddi narahat etməyə başlayıb və bu haqda onunla bir neçə dəfə ciddi söhbət aparılıb. Bu söhbətlərin sonu Hitlerin bir cümləsi ilə yekunlaşıb: “Mən Teodor Morellə inanıram və sağlamlığımı ona həvalə etməkdə yanılmamışam. Heç kimə onun haqqında artıq söz deməyə də icazə vermirəm...”
Morell isə öz işini davam etdirib, narkotik tərkibli dərmanların siyahısı günbəgün uzanıb və artıq hamıya məlum olub ki, Morell Hitlerdə narkotik asılılıq yaradıb. Hitler 1943-cü ildə meydanda partiya üzvləri qarşısında iki saatdan artıq ayaq üstə və çox gümrah şəkildə çıxış edəndə də, çoxlarına aydın olub ki, fürerin bu “gümrahlığı” hansısa dərmanların hesabınadır.
Bəzi araşdırmaçıların versiyasına görə, T.Morell Britaniya kəşfiyyatına işləyib və külli miqdarda pul hesabına o, Hitlerin səhhətində ciddi problemlər yaratmaq tapşırığını alıb. Bu versiya təsdiqini tapmasa da, sual kimi cavabsız qalıb.
1943-cü ilin sonunda Hitlerin səhhətində ciddi problemlər yarananda və aradan qaldırılması mümkün olmayanda fürerin öz sədaqətli həkiminə inamı azalıb. Əvvəlki dost münasibətləri də soyuyub. Ancaq Morell öz təmkinini itirməyib, əvvəlki kimi xidmətini davam etdirib, o cümlədən şəxsi zənginliyinin təmini üçün də bütün vasitələrdən istifadə edib.
Fürerlə həkim arasında bu cür soyuq münasibətlərə Hitler 1945-ci ilin aprelin 21-də, ölümündən doqquz gün əvvəl son qoyaraq Morelli vəzifəsindən azad edib.
Morell işdən azad olunduqdan sonra Berlini tərk edərək Bad-Rayxenxall şəhərinə köçüb, qısa müddət bu şəhərdəki xəstəxanaların birində müalicə olunub.1945-ci ilin 17 iyulunda isə o, Münhen vağzalında ABŞ-ın xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən saxlanılaraq həbs edilib.
Həkimin bu dəfə də şansı gətirib. O, hərbi cinayətkar kimi ittiham olunmayıb, qısa müddət istintaq təcridxanasında qaldıqdan sonra azadlığa buraxılıb.
Ömrünün son illərini ürək xəstəlikləri ilə keçirən Teodor Morell 1948-ci ildə, 61 yaşında Almaniyanın kurort şəhəri olan Teqernzedə vəfat edib və onun adı tarixə “Hitleri narkotikə otuzduran həkim” kimi düşüb./Musavat.com