Tədqiqatlar göyərtinin qan təzyiqini aşağı salmağa kömək etdiyini göstərir.
Medicina.az xəbər verir ki, bu barədə “Gazeta.Ru”ya “DocMed” klinikasının terapevt-kardioloqu Yaroslav Aşıxmin bildirib.
O, hipertoniyaya (yüksək qan təzyiqi) qarşı ən faydalı qidaları açıqlayıb. Kardioloq bu baxımdan giləmeyvələri “superfood” hesab edir:
“Həftədə 150-200 qram giləmeyvə antioksidant ehtiyacını ödəyir.
İkincisi, tam taxıl məhsulları - qarabaşaq yarması, qəhvəyi düyü, tam taxıl çörəyi, tam taxıllı makaron yemək lazımdır.
Üçüncüsü, göyərtilərin qan təzyiqini aşağı salmağa kömək edə biləcəyinə dair elmi sübutlar var”.
Həkim bütün bu qidaların həm də Parkinson və Alzheimer xəstəlikləri riskini azaltdığını nəzərə çatdırıb.
Yaroslav Aşıxmin kifayət qədər lif istehlak etməyin də əhəmiyyətinə diqqət çəkib:
“Ən sağlam pəhrizlərdən biri Aralıq dənizi pəhrizidir. Buraya çoxlu meyvə, tərəvəz, tam taxıl, az yağlı süd məhsulları və yağlı balıq daxildir. Bu pəhrizdə lif miqdarı kifayət qədər çoxdur. Bunun əsasında hipertoniya ilə mübarizə üçün DASH pəhrizi yaradılıb. Bu pəhriz isə əlavə olaraq duzun məhdudlaşdırılmasını və göyərti istehlakının artırılmasını nəzərdə tutur”.
Həkim qırmızı ətin ümumi sağlamlığa və hipertoniyaya təsirinin mübahisəli olduğunu söyləyib:
“İşlənmiş ətlərin isə zərərli olduğunu hamı qəbul edir. Bunlar ilk növbədə qan damarlarına zərərlidir. Ancaq zülal mənbəyi olan pendir və digər süd məhsulları hipertonik xəstələr üçün zərərli deyil. Həmçinin ağ əti də rahatlıqla yeyə bilərlər”.
Aysel