Tibb dünyası Hindistanda səkkiz embrionla (mayalanmış yumurta hüceyrəsi) doğulduğu iddia edilən körpənin bu vəziyyətə necə gəldiyini müzakirə edir.
"Medicina" xəbər verir ki, körpənin qarnında səkkiz embrion aşkarlanıb. Yerli media uşağın ana bətnində ikən digər embrionları “udduğunu” iddia edir.
Tibbdə “Fetus in fetu” (döl daxilində döl) olaraq xarakterizə edilən bu vəziyyət olduqca nadir qüsurdur və bu günə qədər yalnız 200 belə hadisəyə rast gəlinib.
Səhiyyə rəsmiləri hesab edirlər ki, Hindistanın Rançi şəhərində baş verən hadisə indiyə qədər yeni doğulmuş körpədə ən çox embrion tapılması ola bilər.
Şəxsiyyəti müəyyən edilə bilməyən yeni doğulmuş qız uşağı 90 dəqiqəlik əməliyyat nəticəsində qarın boşluğunda əmələ gələn 8 embriondan xilas edilib. Embrionların nə qədər inkişaf etdikləri müəyyənləşməyib.
Doktor Məhəmməd İmranın sözlərinə görə, ilk mərhələdə şiş ola biləcəyindən şübhələnsələr də, sonradan körpənin qarnında 8 fərqli embrionun yerləşdiyini anlayıblar.