Hindistanda son sutka ərzində 97,8 mindən çox insanın koronavirusa yoluxduğu aşkar edilib. Bu, ölkədə koronavirus pandemiyası başladığı gündən bu yana gündəlik yolxumada ən böyük artımdır.
Medicina.az xəbər verir ki, bunu Hindistanın Səhiyyə və Ailə Rifahı Nazirliyinin məlumatları göstərir.
Hindistan təsbit edilmiş koronavirusa yoluxma hallarının sayına görə dünyada ikinci yerdədir. Səhiyyə Nazirliyinin son məlumatlarına görə ölkədə 5,11 milyondan çox insanda COVID-19 xəstəliyi müəyyən edilib.
Son gündə aparılan 1,13 milyondan çox testin nəticələrinə görə, 82,7 mindən çox insanın bu xəstəliyi məğlub etdiyi təsbit edilib. Koronavirusdan sağalmış insanların ümumi sayı son məlumatlara görə 4 milyonu keçib.
1 milyondan çox insan hazırda xəstəxanalarda müalicə olunur. Gün ərzində bu rəqəm 14 mindən çox artıb. Eyni zamanda son sutkada 1 132 nəfər koronavirusdan ölüb və ölkədə COVID-19 qurbanlarının sayı 83 min nəfəri keçib.