Hindistanın üç şirkəti antikorların aşkarlanması əsasında koronavirusun olub-olmadığını müəyyənləşdirən sürətli testlərin hazırlaması üçün lisenziya əldə edib.
Bu barədə “Hindustan Times” məlumat yayıb.
Qeyd olunub ki, Hindistan Tibb Tədqiqatları Şurası təqdim olunmuş sınaq nümunələrini yoxladıqdan sonra şirkətlərə istehsal icazəsi verib. Bunlar özəl “Vanguard Diagnostics” (Nyu Delhidə) və “Voxtur Bio Limited” (Qucaratda) şirkətləri və Kerala əyalətindəki “HLL Lifecare Limited” dövlət şirkətidir.
Hazırda istifadə olunan PZR (Polimeraz zəncir reaksiyası) metodu nəticəni 5 saata verirsə, istehsal olunacaq yeni test dəstləri ilə bu cavabı 30 dəqiqədə ərzində almaq mümkün olacaq.
Qeyd edək ki, son məlumatlara görə, Hindistanda təxminən 12,4 min nəfər koronavirusa yoluxub, 423 nəfər virusun qurbanı olub.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı artıq 2 milyonu ötüb. Bunların təxminən 515 min nəfəri sağalıb, 135 min nəfəri isə ölüb.