“Reanimasiya şöbəsinə yerləşdirilən xəstələrin çoxu yanaşı xəstəliklərdən əziyyət çəkənlərdir. Onlar arasında yaşlı şəxslər üstünlük təşkil edir, təbii ki, belə gənclər də az deyil”.
Medicinaa.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, reanimatoloq İsrail Məhərrəmbəyli deyib.
Onun sözlərinə görə, ancaq istisnalar da var: “Bəzən yanaşı xəstəliyi olmayan pasiyentlər də reanimasiyaya yerləşdirilir. Bu da xəstəlik prosesinin ağırlığı, immun sisteminin kifayət qədər zəifləməsi, yaxud xəstəxanaya müraciətin gec olması ilə əlaqəlidir. Misal olaraq, gənc yaşda olanların əksəriyyəti bir müddət evdə müalicə alır, amma xəstəlik ağırlaşdığından sonra xəstəxanaya müraciət edirlər. Bu zaman həmin şəxslər mütləq şəkildə reanimasiyaya yerləşdirilir”.
Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti vurğulayıb ki, bəzən koronavirusa qarşı peyvənd olunan şəxslərin virusa yoluxması və reanimasiyaya yerləşdirilməsi barədə yalnış fikirlər yayılır: “İki-üç doza vaksin vurdurmaq insanı COVID-19-a yoluxmaqdan sığortalaya bilməz. Yəni vaksinasiyadan sonra da yoluxmaq mümkündür. Müşahidələr göstərir ki, reanimasiyaya düşən vaksinli pasiyentlər xəstəliyi digərlərinə nisbətən yüngül keçirir. Ona görə də vətəndaşların vaksinasiya prosesinə qoşulması tövsiyə olunur”.