Alimlər kobra zəhərinə qarşı ucuz və əlçatan antidotu müəyyən ediblər.
Medicina.az xəbər verir ki, daha çox Afrika və Cənubi və Cənub-Şərqi Asiyada baş verən ilan sancmaları Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən "laqeyd yanaşılan problem” olaraq xarakterizə edilir. İlan sancmaları ildə təxminən 138 min insanın həyatına son qoyur. Ölüm hadisələri daha çox orta və ya aşağı gəlirli ölkələrdə baş verir.
Bu səbəbdən problemin həlli həm də iqtisadi cəhətdən mümkün olmalıdır və yeni araşdırma buna nail olunduğunu göstərir.
“Science Translational Medicine” jurnalında dərc edilən araşdırmada qan durulaşdıran heparinin kobra zəhərinin səbəb olduğu toxuma ölümünün qarşısını ala biləcəyi aşkar edilib. Geniş istifadə olunan heparin qanın laxtalanmasının qarşısını alır.
Alimlər əvvəlcə zəhərin hansı genlərə təsir etdiyini müəyyən ediblər. Daha sonra müəyyən olunub ki, bu genlər heparan sulfat və immun cavabında sərbəst buraxılan heparin sulfat istehsal edir. Qana daxil olan heparin toxuma zədələnməsinə səbəb olan zəhərin tərkibindəki toksinləri bloklayaraq onları zərərsizləşdirən “yem” kimi çıxış edir.
Hazırda dərmanı siçanlar üzərində sınaqdan keçirən komanda insanlar üzərində sınaqlara keçməyi planlaşdırır.
Yeni metodun insanlarda nekrozun, yəni toxuma və ya orqanların geridönülməz şəkildə zədələnməsinin qarşısının alınmasında təsirli olacağı gözlənilir.
Araşdırmanın baş müəllifi Prof. Qreq Nili tapıntıları aşağıdakı kimi qiymətləndirib:
“Kəşfimiz kobra sancmaları nəticəsində nekrozdan yaranan dəhşətli xəsarətləri əhəmiyyətli dərəcədə azalda bilər. Həmçinin zəhəri yavaşlatmaqla sağ qalma nisbətlərini artıracaq”.
Dərman bütün ilan sancmalarına qarşı təsirli deyil. Lakin tədqiqatçılar hesab edirlər ki, yeni tapıntı irəliyə doğru mühüm addımdır, çünki o, mövcud antidotlardan daha ucuzdur və nekrozu dayandırır.
"Bizim tapıntımız həyəcan vericidir, çünki mövcud antidotlar ağır lokallaşdırılmış zəhərlənmələrə qarşı təsirsizdir. Bu vəziyyət ətraflarda funksiyaların itirilməsinə, amputasiyaya və ömür boyu əlilliyə səbəb ola bilir”, - deyə
məqalənin digər müəllifi Prof. Nikolas Keysvel qeyd edib.
Aysel