Mütəmadi olaraq hər səhər hazır qarğıdalı lopası yeyən şəxsin qaraciyəri iflas edib.
Medicina.az xəbər verir ki, 51 yaşlı Kris Kirk vaxt azlığına görə səhərlər sürətli şəkildə hazırlanan qarğıdalı lopaları yeyib. Gündə orta hesabla iki kasa qarğıdalı lopası yeyən Krisin əl və ayaqlarında qaşınmalar bağlayıb. O, həkimə müraciət edərək yata bilmədiyini, daim yorğun hiss etdiyini bildirib.
Qan testindən sonra onun qaraciyərində əhəmiyyətli problem olduğu anlaşılıb. Krisə “qaraciyər sirrozu” diaqnozu qoyulub. İlk növbədə onun qaraciyərinin zədələnməsinin artıq çəkidən qaynaqlandığı düşünülsə də, analizlərin nəticələri bunun doğru olmadığını göstərib.
Qan dəyərlərinin hərtərəfli müayinəsi nəticəsində ortaya çıxan yüksək ferritin səviyyələri vəziyyətin əsl səbəbini üzə çıxarıb. Hüceyrələrdə dəmirin saxlanmasını təmin edən zülal növü ferrotindir. Ferritin dəyərlərini ölçməklə dəmir səviyyənizi ölçmüş olursunuz. Beləliklə, mütəxəssislər Krisə dəmir tərkibli qidaları gündəlik rasionundan çıxarmağı tövsiyə ediblər.
Məlum olub ki, gündəlik tövsiyə olunan dəmir miqdarının 100% -ni ehtiva edən qarğıdalı lopaları yediyi üçün Krisin qaraciyərində həddindən artıq miqdarda dəmir yığılıb.
O, qarğıdalı lopası yeməyi dayandırdıqdan sonra narahatedici simptomları yox olub. Bundan əlavə, bədənin ferritin səviyyələri və qan dəyərləri normal səviyyələrə qayıdıb.
Krisin vəziyyəti ilə bağlı danışan Dr. Sihame Benmira zənginləşdirilmiş taxıl istehlakının hamıda bu cür nəticələnmədiyini diqqətə çatdırıb.
O qeyd edib ki, zənginləşdirilmiş taxılların istehlakı qida çatışmazlığının qarşısını almağa kömək etsə də, bir çox hazır lopa yüksək şəkər və təmizlənmiş karbohidrat tərkibinə görə riskli ola bilər. Nəticə etibarı ilə, həkim tərkibində əlavə heç nə olmayan yulaf lopalarının daha doğru seçim olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, kişilər üçün gündəlik dəmir ehtiyacı 8,7 mq, qadınlar üçün isə 14,8 mq-dır.
Aysel