Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hər insan bu analizləri ildə bir dəfə mütləq verməlidir – Laboratoriya rəhbərindən analizlər haqqında bilmədiyiniz faktlar

  • 2018.06.27 16:34
  • 40737 Baxış
Hər insan bu analizləri ildə bir dəfə mütləq verməlidir –  Laboratoriya rəhbərindən analizlər haqqında bilmədiyiniz faktlar
 

 Bir çox mədə-bağırsaq xəstəliklərinin kökündə autoimmun səbəblər durur.  Amma insanlar illərlə müalicə alır, sağalmırlar. Halbuki, autoimmun xəstəliklərə analizlərin köməyilə dəqiq diaqnoz qoyub, cəmi bir-iki dərmanla problemi həll etmək olar.


Medicina.az son zamanlar insanlar arasında hansı laborator analizlərin verilməsi, analizlərdə nə kimi problemlərin daha çox aşkarlanması və profilaktika məqsədilə hər birimizin ildə bir dəfə mütləq verməli olduğumuz analizlər barədə Bioloji Təbabət klinikası laboratoriyasının müdiri, həkim-laborant Qəlbinur Cəfərovun müsahibəsini təqdim edir.



-Həkim, uzun illərin peşəkar həkim-laborantı kimi insanların laborator analizlərin verilməsində aktivliyi sizi qane edirmi? Hansı tendensiya müşahidə olunur? 

 


-Əvvəlki dövrlərə nisbətən insanlarda tibbi maariflənmə, vaxtında müayinə olunmaq istəyi artıb; analizlərə maraq çoxalıb. Artıq insanlar özləri həkim təyinatı olmadan belə laborator analizlərdən keçib, hansısa ciddi xəstəliyinin olub-olmamasını öyrənməkdə maraqlıdır. Bu gün savadlı pasiyentlər də çoxalıb. Hətta, analizin düzgün verilmə qaydası, vaxtı ilə bağlı suallar verirlər. Bəzi pasiyentlər analizinin göstəricilərini özü internetdə araşdırır. 

İndi ölkəmizdə olan laboratoriyaların maddi-texniki bazası da imkan verir ki, dünyanın ən qabaqcıl ölkələrində olan istənilən analizləri icra edək.  

Bioloji təbabət klinikasının laboratoriyasında ən yeni nəsil, Ümumdünya Səhiyyə Təşkilatının qızıl standart hesab etdiyi cihazlar vardır. Biz istər kliniki, istər genetik, istər biokimyəvi səviyyədə yüzlərlə analiz müayinələri aparırıq. 


Respublikada alternativi olmayan autoimmun panelimiz var – çox az yerdə bu analizlər olunur. Bu paneldə diaqnozu çətin qoyulan immunoloji xəstəlikləri təyin olunur:  birləşdirici toxumanın dağılması, revmatizm, sklerodermatoloji, əks-fosfolipid sindromu, bəzi dəri, allergik xəstəliklər. Bir çox mədə-bağırsaq xəstəliklərinin kökündə autoimmun səbəblər durur.  Amma insanlar illərlə müalicə alır, sağalmırlar. Halbuki, autoimmun xəstəliklərə analizlərin köməyilə dəqiq diaqnoz qoyub, cəmi bir-iki dərmanla problemi həll etmək olar. Bu, həkimlərə də diaqnoz qoymaqda çox yardım edir. 


-Son zamanlar çox yayılmış hepatit viruslarının analizinin düzgün təyini üçün nələr tələb olunur? Və bu diaqnoz qoyulan xəstələr çoxdurmu?


-Laboratoriyamızda hepatit, QİÇS, HİV kimi virusların təyini üçün PZR –(polimeraz zəncirvari reaksiya) icra edən ABBOT NS 2000 cihazdan  istifadə olunur. Bu aparat hepatitlərin analizi üçün dünyada qızıl standartdır. 

Hepatitlərin laborator analizləri 3 mərhələlidir: preanalitik, analitik, postanalitik. 


Preanalitik – xəstədən analiz materialının düzgün götürülməsi, kodlaşdırılması, səhvlik xətasının sıfıra endirilməsi. 

Analitik mərhələdə - analizin düzgün icrası, cihazla düzgün işləmə.

Postanalitik – analiz nəticələrinin düzgün qeyd olunub xəstəyə verilməsidir. Bu mərhələnin hər hansı birində xəta  olarsa, artıq analiz səhv hesab olunur. 


Dünyada olan bir sıra cihazlarda xəta vermək ehtimalı var. Autoimmun xəstəlik olanda çarpaz qoşalaşma reaksiyası nəticəsində hepatit əslində müsbət olmadığı halda müsbət nəticə verə bilər. Bizim laboratoriyamızda ən dəqiq analizatorlar vasitəsilə hepatitlərin, sifilisin, HİV infeksiyalarının dəqiq analizi icra olunur.


O ki qaldı, xəstə sayına.. hər 100 xəstədən 10-15 nəfərində bu diaqnoz aşkar olunub. Amma bizim klinikanın filialları da var. Ən çox  hepatitlərə, təəssüf ki, bölgələrimizdəki pasiyentlərdə rast gəlirik.  

 

Mütləq hər 6 aydan bir uşaqların laborator skrininqi aparılmalıdır: qanın ümumi analizi, sidik, nəcis müayinəsi,

sidik əkilməsi, infeksiyaların aşkar olunması, immunoqlobulinlər, vitamin D, D3 mütləq yoxlanmalıdır. 


-Bəs insanlarımızda qan azlığı nə yerdədir: qan yetərincədir, ya normadan azdır?


-Bizim bölgələr üçün talassemiya xəstəliyi xarakterikdir. Genetik səviyyədə qanazlığı sindromu var. Talassemiyalı, talassemiya daşıyıcısı insanlar çoxdur. Digər anemiya növləri – dəmirdefisitli anemiyaya da çox rast gəlinir. Bu da daha çox mədə-bağırsaqda dəmirin sorulmasında olan problemlə, dəmirin depolaşması, dəmirin mənimsənməsi ilə bağlı ola bilər. Laborator müayinələr zamanı ferritini – dəmirin depolaşmış formasını aşkar edirik.

 

Yaxşı olar ki, pasiyentlər 6 aydan bir anemiya paneli analizlərindən keçsinlər. Burda anemiyanın bir çox formaları aşkarlanır. Pasiyent bilməlidir ki, qan azlığının səbəbi nədir. Təkcə qan artıran dəmir preparatları qəbul etməklə problem həll olunmur.


-Uşaqlarda hansı analizlər daha çox olunur və uşaqlarımızda nə çatışmır?


-Uşaqlarda daha çox qurd invaziyaları analizləri aparılır. Mütləq hər 6 aydan bir uşaqların laborator skrininqi aparılmalıdır: qanın ümumi analizi, sidik, nəcis müayinəsi, sidik əkilməsi, infeksiyaların aşkar olunması, immunoqlobulinlər, vitamin D, D3 mütləq yoxlanmalıdır. Bu vitaminin kalsiumun sorulmasını təmin edən hormon kimi xüsusiyyəti var. Bu vitaminin bir çox insanlarda çatışmazlığına görə 6 aydan bir, xüsusən payız-qış aylarında, analiz çox vacibdir.

 

-Daha hansı analizlər vacibdir ki, insanlar bu haqda az məlumatlıdır? 

-Orta yaşı keçdikdə bu analizlərin verilməsi mütləqdir. Şəkər, qaraciyər sınaqları, böyrək paneli, ürək sınaqları.

 


-Ürək üçün də qan analizləri verilməlidir? Kardioqramma yetərli deyil?


-Bəli, ürək xəstəlikləri üçün də xüsusi analizlər var. Qanda yağların fraksiyası ilə  lipid mübadiləsi, damarlarda ateroskleroz analiz ilə daha öncədən təyin oluna bilər ki, bunları kardioqramma görməyə bilər. Kardioloqların da müayinə protokolunda bu analizlər var. Ürək-qan-damar sisteminin sağlamlığından tam əmin olmaq üçün 40 yaşdan sonra hər il bu analizlərin verilməsi məqsədəuyğundur. 


Həmçinin, mikroelement çatışmazlığını atom absorsion kütlə mexanizmi ilə icra olunan analizlərlə təyin edirik: sidik vasitəsilə 24-25 adda ağır metalların səviyyəsini yoxlamaq mümkündür. Metalların orqanizmdə artıqlığı da, əskikliyi də toksik təsir göstərir. 30 yaşdan sonra bu analizlərin verilməsi məqsədəuyğundur. 


Onkomarkerlər xərçəng xəstəliyini daha tez, çevik  tapmağa imkan verir. İstənilən orqanın özünün onkomarkeri var. 

Qadınlar 40 yaşdan sonra hər il süd vəzi və uşaqlığın xərçənginə görə onkomarker verə bilər. 

 


Təzyiq problemləri çoxalıb, bunun üçün sidikdə, qanda sutkalıq kortizol hormonunun miqdarı yoxlanılmalıdır.

Bir də maqnezium, kalium, natrium, kalsium kimi makroelementlər mütləq yoxlanmalıdır.

 


-Ən baha başa gələn analiz hansıdır?


-Ən bahalı analizlər polimeraz zəncirvari reaksiyalarla olan analizlər, revmatoloji sınaqlar, bəzi hormonların, nadir virusların təyinidir. Vitamin C analizi də bir qədər bahalıdır. 


-- Laboratoriyanızın dəqiqliyinə necə zəmanət verə bilirsiz? 

-Laboratoriyamıza internal – xarici nəzarət var. Bu bizə imkan verir ki, öz işimizin nə dərəcədə dəqiq olmasını yoxlayaq. İngiltərənin bir şirkəti ilə əməkdaşlıq edirik. Bizim laboratoriyada icra olunmuş analizlərin nümunələrini onlara göndəririk. Onlar da bizə öz nəticələrini göndərir. Biz də bu nəticəni öz laboratoriyamızın cavabı ilə qarşılaşdırırıq. Bu bizim düzlük-səhvlik dərəcəmizi göstərir. Azərbaycanda bu kontrola çox məşhur klinikalar qoşulub. Bununla biz əminlik statusu alırıq. 


Hazırda laboratoriyamızda 2000-ə yaxın analiz icra olunur. Onun 1000-ə yaxını bizim klinikada, 1000-i isə xarici ölkə laboratoriyalarına göndərilir. Nadir rast gəlinən patologiyalarda xaricə, mərkəzləşmiş laboratoriyaya göndərmək labüddür, çünki o analizlərin reaktivləri çox bahadır. 


-Bəs siz özünüz bir həkim olaraq hansı analizləri verirsiz? 


-İldə 1-2 dəfə rutin analizlər, hamıda necə, məndə də elədir. Bilirsiz, təkcə analiz verməklə iş bitmir. Ondan sonra müalicə olunmaq mütləqdir. Zaman keçdikcə xəstəlik dərinləşir, orqanizmin ona müqaviməti çətinləşir.  Təzyiq problemləri çoxalıb, bunun üçün sidikdə, qanda sutkalıq kortizol hormonunun miqdarı yoxlanılmalıdır. Bir də maqnezium, kalium, natrium, kalsium kimi makroelementlər mütləq yoxlanmalıdır.

 

İndi yay aylarıdır, yay bitdikdə payız öncəsi mütləq əsas skrininqlərdən keçmək lazımdır ki, bu yay orqanizmdə nələrin baş verməsini təyin edib, payız-qışda xəstəliklərlə üz-üzə qalmayasız.

 

Rutin analiz və skrininqlər elə də bahalı deyil. Məncə hər bir insan öz həyatı, sağlamlığı naminə bu məbləği özünə rəva görə bilər.

 


 


Əlaqə:


Tel.: (+994 12) 430 89 89

Mob.: (+994 50) / (+994 55) / (+994 70) 430 89 89

Ünvan: 3 mkr., Pişəvəri 110 (Cavadxan küç 24), M. Əcəmi m.st. yaxınlığında


Aygün Musayeva

Medicina.az

Hər insan bu analizləri ildə bir dəfə mütləq verməlidir –  Laboratoriya rəhbərindən analizlər haqqında bilmədiyiniz faktlar
Hər insan bu analizləri ildə bir dəfə mütləq verməlidir –  Laboratoriya rəhbərindən analizlər haqqında bilmədiyiniz faktlar