Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

“Hər gün 3-5 nəfər qaraciyər köçürülməsi üçün müraciət edir” - Transplantoloq

  • 2019.02.15 12:20
  • 9792 Baxış
“Hər gün 3-5 nəfər qaraciyər köçürülməsi üçün müraciət edir” -  Transplantoloq
 


"Hər gün 3-5 nəfər qaraciyər köçürülməsi əməliyyatı üçün müraciət edir”.


Bunu Medicina.az-a Gömrük Klinikasının cərrah transplantoloqu Mircəlal Kazımı deyib. O bu vaxta kimi 700-ə yaxın qaraciyər transplantasiyası həyata keçirdiyini bildirib. Cərrah transplantoloqun sözlərinə görə, bu gün nəinki Azərbaycanda, eləcə də dünya ölkələrində qaraciyər transplantasiyasına ehtiyac duyan insanların sayı artır:


"Bu gün səhiyyə turizmi dünyanın bütün ölkələrində geniş yayılıb. Xarici ölkələrdən bu əməliyyatlar üçün bizə müraciət edənlər də var, bizdən xarici ölkələrə gedənlər də. Təbii ki, insanlar müalicə üçün istənilən ölkəni, həkimi seçməkdə azaddırlar. Bu gün canlı donorlardan köçürülən orqan transplantasiyasında qeydiyyat aparılmır. Lakin dünya ölkələrində meyitlərdən orqan transplantasiyası qanunla tənzimləndiyi üçün insanlar qeydiyyata alınaraq, növbə gözləyir. Bu baxımdan biz dəqiq rəqəm deyə bilmərik ki, bu qədər insanın qaraciyər transplantasiyasına ehtiyacı var. Yaxın zamanlarda Milli Məclisdə "Orqan transplantasiyası haqqında qanun" yekun qiymətləndirmədən sonra qüvvəyə minəcək. Bu isə Səhiyyə üçün çox böyük addım olacaq. Ondan sonra bu sahədə statistik rəqəmlər qeydə alına bilər".


Həkim şəxsən ona və çalışdığı klinikaya hər gün 3-5 nəfər qaraciyər köçürülməsi əməliyyatı üçün müraciət etdiyini deyib: 


"Dünya ölkələrində də, bizdə də donorlarla xəstələrin sayı arasında ciddi fərq var. Təəssüf ki, xəstələri sayı günbəgün artdıqca, donorların sayı bir o qədər azalır. Ümumi olaraq hər gün bizə qaraciyər transplantasiyası üçün 3-5 xəstə müraciət edir".


Son zamanlar elan saytlarında, sosial şəbəkələrdə bir çox insanların maddi gəlir məqsədilə böyrəyini, qaraciyərini satması barədə elanların  nə qədər qanuni, ciddi ola biləcəyinə də münasibət bildirən cərrah donor alverinin cinayət olduğunu bildirib:

"Bütün dünyada orqan alveri, satışı qanunla qadağandır və cinayətdir. Ona görə heç kimin açıq və ya gizli öz orqanını hətta ehtiyacdan olsa belə kiməsə satması qanunsuzdur və mümkün deyil. İnsanlarımız bunu bilsinlər və belə elanlar verməkdən çəkinsinlər. Biz buna qarşıyıq. Yalnız və yalnız xəstənin qohum və yaxınlarının könüllü razılığı, icazəsi ilə orqan transplantasiyası həyata keçiririk”.

 


Aygün Musayeva

Çingiz

Medicina.az