İspaniyanın Qranada Universitetinin mütəxəssisləri bal qəbulunun insan sağlamlığına təsirini qiymətləndiriblər. Tədqiqatın nəticələri Nutrients jurnalında dərc olunub.
“Medicina” xəbər verir ki, bal istehlakı antiinflamatuar, antioksidant, antiviral və antibakterial təsirlərlə əlaqələndirilir. Bununla belə, balın faydaları haqqında elmi cəhətdən sübut edilmiş məlumatlar pərakəndədir.
Hazırkı araşdırmada elm adamları balın bədənə dəqiq təsirini təyin etmək üçün 48 elmi işi nəzərdən keçirdilər.
Ümumilikdə 1985-ci ildən 2022-ci ilə qədər eksperimentlərdə 3,5 mindən çox insan iştirak edib. Tədqiqatlar, digər maddələrlə birləşdirilmədən topikal və ya ağızdan tətbiq edilən müxtəlif bal növlərini əhatə edib.
Belə ki, bir ay ərzində gündəlik 70 qram təbii bal istehlakı triqliseridlərin, ümumi xolesterinin, bədən çəkisinin və bədən yağının azalmasına, yuxunun keyfiyyətinin yaxşılaşmasına və yaraların sağalma sürətinin artmasına səbəb olur. Bundan əlavə, postmenopozal və diabetli qadınlarda bəzi növ balların istifadəsi təzyiqin azalmasına səbəb olub.
Saf yonca balı və İran təbii balı zülal və yağ vasitəsilə enerji qəbulunu azaldır. Yonca balı qəbul edildikdən sonra insulin və leptin səviyyəsini də artırıb.
Alimlərin fikrincə, balın insan rifahına faydalı təsiri məhsulun tərkibində fenolik komponentlərin və flavonoidlərin yüksək konsentrasiyası ilə bağlıdır.
Günay Quluzadə