Yay ayları olmasına baxmayaraq, həm dünyadakı ümumi mənzərə və eləcə də ölkəmizdə son günlərdəki yoluxmanın saylarının intensiv şəkildə artması, bizi bir daha ehtiyatlı olmağa və gələcəkdə ehtimal olunan təhlükələr qarşında hazır olmağa məcbur edir.
Medicina.az xəbər verir ki, bunu olke.az-a açıqlamasında millət vəkili həkim Rəşad Mahmudov deyib.
Qeyd edək ki, millət vəkili Rəşad Mahmudov avqustun 6-da öz Facebook səhifəsində insanları peyvənd vurdurmağa, o cümlədən üzərindən 6 ay keçəndən sonra təkrarən vaksinasiya olunmağa çağırış edib.
Onun sözlərinə görə, burada əsas məsələ sadəcə, yay aylarında rəqəmlərin artmasından getmir, eləcə də bugünədək koronavirusa qarşı aparılan mübarizələrə baxmayaraq, xüsusən payız aylarında koronavirusun yeni ştamlarının insanlıq üçün yarada biləcəyi təhlükə hələ də qarşımızda durmaqdadır.
“Payız aylarında baş verə biləcək hadisələrin qarşısını isə vaksinasiya yolu ilə almaq olar. Yaxud virusa yoluxsaq belə, yoluxma nəticəsində ağırlaşma və həyati təhlükə riskimiz digər peyvəndlənməmiş insanlardan fərqli olaraq dəfələrcə az olacaq”, - o, ölkə.az-a açıqlamasında vurğulayıb.
Millət vəkili əlavə edib ki, uşaq yaşlarında bizə vurulan peyvəndlərdən fərqli olaraq LNT viruslarında hər il mutasiyalar olur və bu da epidemioloji təhlükəli dönəmlərdə ortaya çıxır:
“Bu təhlükənin olduğu zaman hər 6 aydan bir peyvəndlənmənin təkrar olunaması, sadəcə koronavirusla birlikdə ortaya çıxan məsələ deyil, bu, uzun illərdir tibb elminə bəlli olan həqiqətdir. Ona görə də tibb elminə bəlli olan bu həqiqəti də həkim olaraq insanlara çatdırırıq. İnsanlarımıza tövsiyə edirik ki, virusa yoluxmuş və ya peyvənd olunsaq, antikorlarımız yüksək olsa belə, 3-cü vaksinin vurdurulması, xəstəliyin azaldılmasına və yoluxma zamanı həyati təhlükənin minimuma endirilməsinə xidmət edir.
Bu həqiqətləri bilən bir insan kimi 6 ayı tamamlanmış insanlar indidən payız aylarında ola biləcək yüksək dalğalara qarşı immun sistemlərini koronavirusla mübarizədə gücləndirmək üçün vaksinasiya olunmalarını tövsiyə edirəm. Bunu cəmiyyətə çatdırmaq isə bir həkim olaraq üzərimə düşən məsuliyyətdir”.