Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Hər 5 kq artıq çəki kolon xərçəngi riskini 5 faiz yüksəldir

  • 2024.03.28 22:30
  • 889 Baxış
Hər 5 kq artıq çəki kolon xərçəngi riskini  5 faiz yüksəldir
Son illərdə qeyri-sağlam qidalanma, hərəkətsizlik, artıq çəki, siqaret və stress səbəbiylə sürətlə yayılan yoğun bağırsaq (kolon) xərçəngi dünyada xərçəngdən ölüm səbəbləri arasında ikinci yeri tutur.

Medicina.az xəbər verir ki, Prof. Dr. Nurdan Tözün kolon xərçəngindən qorunmaq üçün 8 vacib tövsiyə verib.

Həmin tövsiyələri təqdim edirik:

1.Sağlam qidalanın!

Nurdan Tözün bildirib ki, qeyri-sağlam qidalanma tərzi, yəni lifi az olan, qatqılı, işlənmiş qidalar yemək, həmçinin qırmızı ətə üstünlük vermək kolon xərçənginin ən mühüm səbəbləri arasındadır:

“Pəhriziniz bol lif, çoxlu tünd yaşıl tərəvəz və meyvələr, eyni zamanda taxıl və süd məhsullarından ibarət olmasına üstünlük verin. Qırmızı ət yerinə toyuq əti və balıq yeməlisiniz. Heyvan yağından, həddindən artıq qırmızı ətdən, yağlı qidalardan, kolbasa və sosisdən, ümumiyyətlə emal edilmiş qidalardan uzaq durun. Ənənəvi Aralıq dənizi pəhrizini həyat tərzinizə çevirin”.


2. Hərəkət edin!

Professor hər gün 30 dəqiqə və ya həftənin ən azı üç günü 50 dəqiqə müntəzəm olaraq məşq etməyi məsləhət görür:

“Böyük əzələ qruplarını əhatə edən velosiped sürmə, sürətli gəzinti, üzgüçülük və ya aerobik məşqləri seçərək hərəkət və idmanın faydalarından yararlanın”.


3. Alkoqol və siqareti tərkidin!

Elmi araşdırmaların siqaretlə yanaşı, həddindən artıq spirtli içki qəbulunun da kolon xərçənginə səbəb olduğunu təsdiqlədiyini diqqətə çatdıran Prof. Dr. Nurdan Tözün gündə 50 ml və daha çox alkoqol içənlərdə kolon xərçəngi riskinin içməyənlərə nisbətən xeyli artdığını ifadə edib. Onun sözlərinə görə, eyni zamanda həm siqaret, həm də alkoqol istifadə edənlərdə risk daha yüksəkdir.

4. Çəkinizə diqqət edin!

“Əgər artıq çəkiniz varsa, mütləq sağlam qidalanma və idmanla artıq çəkinizdən xilas olun və ideal çəkiyə çatın. Unlu, nişastalı, şəkərli qidalar; xəmir məmulatları və həddindən artıq yağlı məhsulların zərərini unutmayın. Hər 5 kilo artım kolon xərçəngi riskinizi 5 faiz artırır!”, - deyə həkim xəbərdarlıq edib.


5. Kifayət qədər yatın və yuxu keyfiyyətinə əhəmiyyət verin!

Nurdan Tözün kifayət qədər və keyfiyyətli yuxunun kolon xərçəngindən qorunmada mühüm rol oynadığını bildirib:

“Hüceyrələrin yenilənməsi, differensasiyası və DNT təmiri kimi bəzi proseslər gecə baş verir. Yuxu pozğunluğu olan insanlarda və növbə ilə işləyənlərdə sirkadiyalı ritm deyilən 24 saatlıq tsikl pozulur. Beləliklə, maddələr mübadiləsi üçün vacib olan bəzi hormonlar funksiyalarını yerinə yetirə bilmir. Bu da öz növbəsində kökəlməyə və xərçəngə səbəb olur. Yetkin insan gündə orta hesabla 6-8 saat yatmalı, yatdığı mühit ona keyfiyyətli yuxu təmin etməlidir, yəni qaranlıq və sakit olmalıdır”.


6. Kalsium və D vitamini səviyyənizi diqqətdə saxlayın!

“Kalsium və D vitamininin xərçəngə qarşı qoruyucu təsiri mübahisəli olsa da, bəzi tədqiqatlarda ümid verici nəticələr əldə edilib. Ona görə də bu iki səviyyənin aşağı olub-olmadığını mütləq izləyin və lazım olduqda həkiminizin tövsiyə etdiyi formada dəstək alın”, - deyə professor vurğulayıb.


7. Mütəmadi olaraq testlərdən keçin!

Nurdan Tözün qeyd edib ki, ildə bir və ya iki ildən bir ediləcək nəcisdə gizli qan testi və/yaxud kolonoskopiya kolon xərçənginin qarşısının alınmasında ən əhəmiyyətli müayinələrdir:

“Kolon xərçəngi indi gənc yaşlarda müşahidə olunduğundan, 45 yaşdan etibarən bu cür testlərə daha çox əhəmiyyət vermək lazımdır. Kolonoskopiya kolon xərçəngi hallarını 80 faiz azaldır və xərçəngdən ölümlərin qarşısını alır.

Ailəsində kolon xərçəngi, iltihablı bağırsaq xəstəliyi, polip və ya xərçəng əməliyyatı halları qeydə alınanların 45 yaşından əvvəl və həkim tərəfindən tövsiyə edildiyi qədər vaxtaşırı kolonoskopiya etdirmələri həyati əhəmiyyət daşıyır.

Müxtəlif səbəblərdən kolonoskopiya aparıla bilmirsə, kompüter tomoqrafiyası (KT) ilə aparılan virtual kolonoskopiya alternativ ola bilər, lakin poliplər aşkar edildikdə, yenidən kolonoskopiyaya müraciət etmək lazımdır”.


8. Bədəninizin verdiyi siqnallara qarşı həssas olun!

Gündəlik həyatın axarında bəzi şikayətlər diqqətdən kənarda qala və mövcud stress halı və ya o gün yeyilən yeməklə əlaqələndirilə bilər. Bununla belə, diqqətli olmaq vacibdir. Xüsusilə, bağırsaq vərdişlərindəki dəyişikliklər (qəbizlik və ya ishal), davamlı qarın ağrısı, kilo itkisi, anemiya, anusdan qan gəlməsi və nəcisdə qan görmək yoğun bağırsaq xərçənginin əlamətləri ola bilər.


Aysel