Honkonq sakini olan 70 yaşlı bir qadının hepatit E xəstəliyinə yoluxduğu məlum olub. Qadın bu xəstəliyə siçovullardan yoluxub ki, bu hal tibb tarixində ikinci belə hadisədir.
Medicina.az xəbər verir ki, hepatitin E virusunun 4 tipi insanda rast gəlinir, qalan 2-si isə yalnız heyvanlar arasında dövr edir. Amma 2017-ci ildə qeydə alınan yoluxma hadisəsi göstərir ki, bu virusa insanlar da yoluxa bilərlər. O zaman yoluxan şəxs qaraciyər transplantasiyası keçirmiş 56 yaşlı pasiyent olub.
Əməliyyatdan sonra onun analizlərində hepatit E aşkarlanıb. Araşdırma göstərib ki, həmin şəxs siçovullar toxunmuş ərzaqdan istifadə edib.
Ekspertlər hər iki yoluxma halı arasında oxşarlıq olduğunu qeyd ediblər. Hər iki yoluxma halı Honkonqda yaşanıb: həm kişi, həm də qadın bir-birlərindən 3 km ərazidə yaşayıblar. Bundan əlavə, hər iki pasiyent aşağı immunitetə malik olublar.
Mütəxəssislər siçovullardan yoluxma halının həqiqətən də mövcud olduğunu təsdiqləyiblər. İndi isə alimlər bu virusun heyvan orqanizmindən fərqli olaraq insan orqanizmində hansı fəsadlar verə biləcəyini araşdırırlar.
Arzu
Medicina.az