Hemorroy – yunan sözü olub, qan axır deməkdir. Bizdə Babasil deyilən düz bağırsaq patologiyası anus dəliyində içəridə və çöldə hemorroidal düyünlərin böyüməsi, iltihablaşması və qanamasıdır.
İlk başlarda bu problemə önəm verməyən, utanaraq gizlədən xəstə zaman keçdikcə onun fəsadlarının şahidi olur. Getdikcə tez-tez qanayan, daha çox qan itkisinə yol açan babasil düyünləri ağır forma anemiyaya kimi səbəb olur. Bu anemiyanı müalicə etmək isə babasili müalicə etməkdən daha çətin olur.
Demək olar ki, kişi və qadınlarda rast gəlinmə tezliyi bərabərləşib. Qadınlarda bu prosesi hamiləlik və doğuç daha ağırlaşdırır.
Hazırda babasilin yüzlərlə dərman və cərrahi metodla müalicəsi mümkündür. Son zamanlar düyünlərə lateks halqaların bağlanmasıdır ki, bu zaman düyünlərə qan axımının qarşısı kəsilir və düyünlər öz özünə quruyub gedir. Bu prosesi yalnız həkim xüsusi tibbi tapança ilə icra etməlidir.
Hemorroyda arterial və venoz qan birləşdiyi üçün qan duru və al qırmızı rəngdə olur. İlk mərhələdə, xəstəlik erkən aşkarlanarsa terapevtik metodlardan, şam, dərman müalicəsi effekt verə bilər. Əgər düyünlər dartılıb genişlənibsə, bu dərmanlar kömək etməyəcək. Əgər düyünlərdə üstəlik iltihab varsa, venoz tromboz yaranır. İltihablı genişlənmiş düyünlər daha çox qanaxma verir. Flebotropiklərin təyini ilə vəziyyəti bir az yumşaltmaq olar.
Az-az da olsa, çox da olsa qanamanın qarşısı alınmalıdır. Hər dəfə tualetdə öyrəşdiyiniz kiçik qanamalara öyrəşib, babasildəndir deyib yola verirsizsə, zamanla bu qanitirmə qanazlığı-anemiyaya səbəb olacaq. Anemiya isə mədəaltı vəziyə, böyrəklərə, qaraciyərə mənfi təsir göstərəcək. Çünki insanın orqanları qan və oksigenlə yaşayır. Bİr babasilə görə onları təhlükəyə atmamalısız. Hətta tibbdə elə babasil qanamasından xəstənin ölməsi faktları da olub. Xəstəni öldürən hətta kisə boyda olan düyün yox, bağırsaq yox, məhz qanitirmədir.
Son zamanlar xəstələri bг sual narahat edir: babasil şişdirmi və xərçəngə çevrilirmi?
Tək babasil özü şişə çevrilmir. Amma bəzən hemorroyla digər proktoloji şişlər səhv salınır. Düz bağırsağın şişləri ilə poliplər babasilin əlamətləri oxşar olur, hər ikisində qanama ola bilər. Eləcə də xroniki anus çatları da bədxassəli hüceyrələrin inkişafına təkan verə bilər. Daha çox poliplərdən ehtiyat etmək lazımdır. Proktoloq müayinə edib, çat və ya polip varsa ona görə əməliyyat və ya müalicə və davamlı müşahidə təyin edəcək.
İnsanlar niyə proktoloqdan və bağırsaq müayinəsindən çəkinir?
Bu sırf xarakter, mentalitet məsələsidir. Bağırsaq da digər orqanlar kimi həkimlər üçün eynidir. Proktoloji müayinə ağrısızdır. Elə həkim 2-3 dəqiqə baxmaqla problemi təyin edəcək. Əgər nədənsə şübhələnsə, xüsusi nazik başlıqlı aparatdan istifadə olunacaq. Müayinə zamanı ağrı o halda ola bilər ki, xəstədə anal çatlar var. Anal çat da babasildən daha qorxuludur. Çünki məhz o onkologiyaya yol aça bilər. Həkim heç də həmişə hər xəstəni ilk başdan əməliyyata təyin etmir. Əvvəlcə dərman müalicəsi sınanılır.
Qadınlarda hemorroya bağlı anemiya daha tez və çox rast gəlinir. Çünki onlar menstruasiya ilə də qan itirirlər.
Evdə nələr etməlisiz?
Mütləq anal nahiyəni ilıq su ilə yumalısız. Hər dəfə tualetə getdikdən sonra. Babasili olanlar tualet kağızı istifadə etməməlidir, çünki daha da qıcıqlanır və iltihab artır.
Xeyirli vannalardan biridə marqans həll olunmuş çəhrayı ilıq suda oturmaq və ya çobanyastıqlı vannada oturmaqdır. Eləcə də palıd qabığı, çobanyastıqlı su ilə mikro imalə də yaxşıdır. Sutkada çox maye qəbul etmək lazımdır. Çox qanama olan kimi özünüz onun qarşısını almayın, təcili həkimə gedin.