Bu ayın sonuna kimi Azərbaycana 50 min vahid laxtalanma faktoru gətiriləcək.
Medicina.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Səhiyyə Nazirliyi Aparatının tibbi yardımın təşkili şöbəsinin müdir müavini Nabil Seyidov bildirib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda 1600-dən çox hemofiliyalı xəstə var:
"Onların arasında uşaqlar, böyüklər, qanaxma olmasa da, hər ay iynə inyeksiyası alan da, yalnız il ərzində müəyyən hallarda dərman alması tələb olunan xəstələr də var. Dərman preparatları xəstənin çəkisinə və yaşına uyğun olaraq verilir.
Xəstənin çəkisi və yaşı artdıqca dərmanların tələb olunan dozası da artır. Azərbaycanda daha çox "hemofiliya A” və "hemofiliya B” xəstəliyi var. İkisi tamamilə fərqlidir. Birində qanda faktor səkkiz, digərində faktor doqquz çatışmazlığı olur”.
Nabil Seyidov bildirib ki, faktor səkkiz çatışmazlığı olan xəstələrin sayı çoxdur:
"Bu, xəstələrin 80 faizini təşkil edir. İlin sonuna kimi hemofiliyalı xəstələr üçün lazım olan dərmanla bağlı problem həll olunub. Hətta yanvarın əvvəllərinə kimi dərmanla bağlı bir problem olmayacaq. 2019-cu ildə laxtalanma faktorlarının iki dəfə artıq gətirilməsi planlaşdırılır”.
Nazirlik rəsmisi qeyd edib ki, faktor doqquzla bağlı daha ciddi problem var idi:
"Faktor doqquz dünyada az tədarük olunur. Bütün ölkələr əldə etdiyi üçün Azərbaycan kimi kiçik ölkələr onu əldə etməyə çətinlik çəkir. Bununla belə, ölkəyə artıq 50 min vahid laxtalanma faktoru gətirilib.
Bu ayın sonuna kimi, 50 min, dekabrın əvvəli isə 100 min vahid laxtalanma faktoru Azərbaycana gətiriləcək. Bu da Azərbaycanda yanvara kimi bütün problemlərin həll olunmasına kömək edəcək. Artıq istehsalçılarla danışılıb və gələn il daha çox faktor doqquzun Azərbaycan üçün tədarük edilib verilməsi baş tutacaq”.
Nabil Seyidov qeyd edib ki, faktorların paylanmasına nəzarəti gücləndirmək üçün elektron mexanizm də hazırlanıb.
Qeyd edək ki, sosial şəbəkələrdə hemofiliyalı xəstələrin dərmanla təminatında problemlərin yaranması barədə məlumat yayılıb.
Məlumat üçün onu da qeyd edək ki, Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Hemofiliya Mərkəzinin rəhbəri, dosent Elmira Qədimovanın açıqladığı rəqəmlərə görə, hazırda mərkəzdə 1595 xəstə dispanser qeydiyyatındadır.
Ölkədə qeydiyyatda olan xəstələrin 21 faizi 1-15 yaşındadır. Ümumi qeydiyyatda olan xəstələrin 98 nəfəri 1-5, 235 nəfəri 5-15 yaşlıdır. Xəstələrin 1051-də hemofiliya A, 139-da hemofiliya B, 210-da Villebrand xəstəliyi var.