Helmintoz xəstəliyi parazitar qurdların (helmintlərin) insan orqanizminə daxil olub, ona tez zərər vermədən, öz metabolitləri ilə toxuma üzvlərini zəhərləyən, maddələr mübadiləsini pozan, orqanizmdən qida mənbəyi kimi istifadə edərək artıb çoxalan, digər xəstəliklərin əmələ gəlməsinə səbəb olan infeksion parazitar xəstəlikdir.
Bu xəstəlik bütün dünyada çox geniş yayılmışdır. Lakin müxtəlif ölkələrdə müxtəlif səviyyədə özünü göstərir ki, bu da əhalinin və torpağın sanitariya vəziyyətindən, insanların həyat tərzindən, müalicə və profilaktik tədbirlərin keyfiyyətindən asılıdır. Əhalinin sağlamlığına göstərdiyi patoloji təsirə, ölkələrin sosial- iqtisadi inkişafına vurduğu maddi ziyanın miqdarına görə qətiyyətlə demək olar ki, helmintozlar Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qarşısında duran və həlli vacib olan qlobal problemlərdəndir . ÜST-nın məlumatında bu xəstəlik yayılmasına görə QİÇS və onkoloji xəstəliklərdən sonra üçüncü yerdə göstərilmişdir .
ÜST-nın məlimatları göstərir ki, dünyada insanlarda 270-ə qədər qurd növü aşkar edilmişdir və dünyada askaridozlu xəstələrin sayı 1 milyard, ankilostomidozlu 932 mln., şistosomatodozlu 200 mln., teniarinxozlu 87 mln., trixosefalyozlu 687 mln., strongiloidozlu xəstələr isə 30 mln. və s. təşkil edir. Qeyd etmək lazımdır ki, hər il dünyada hər 50 mln. ölüm hallarının 16 mln–u insan helmintozlarının payına düşür.
Helmintlərin epidemiologiyasına görə təsnifatı:
1. Geohelmintlər 2. Biohelmintlər
TİBBİ HELMİNTOLOGİYA insan parazitləri olan yastı və girdə qurdları öyrənən elmdir. Biohelmintlər tam inkişaf tsiklini aralıq və son sahibin orqanizmində keçirlər.
Aralıq sahib - helmintin sürfə halında olduğu və ya qeyri-cinsi yolla çoxaldığı orqanizmdir Əsas sahib- helmintin cinsi yetkin vəziyyətdə olduğu və cinsi yolla çoxaldığı orqanizmdir.
Geohelmintlərə aid olan askarida, tükbaş qurd, ankilostomidlər və bir çox başqa helmintlərin inkişafında aralıq sahibin iştirakı lazım olmur. Belə ki, əsas sahibdən ifraz edilən yumurtaların (sürfələr) invazion mərhələsinə kimi inkişafı, bilavasitə, xarici mühitdə (əsasən torpaqda) əlverişli hərarət və rütubət şəraitində baş verir. Lakin cırtdan (Himenolopsis nana ), bizquyruq (Enterobius vermicularis) qurdları müstəsnadır. Belə ki, bu helmintlər ilə yoluxmalar onların yumurtaları (sürfələri) ilə çirklənmiş xəstənin bədəni və ya onu əhatə edən əşyalar (yataq mələfəsi, döşək, mətbəx ləvazimatı, uşaq oyuncaqları və s.) ilə bilavasitə təmasda olduqda baş verir.
Biohelmintlərə aid olan helmintlərin inkişafı 2, bəzən 3 aralıq sahibin iştirakı ilə olur. İnsanların bu helmintlərlə yoluxması müxtəlif yollarla baş verir .
Yoluxma yoluna görə helmintlər aşağıdakı qruplara bölünür:
1.Alimentar (ağızla- peroral) –qida, su, çirkli əllər, yaxşı yuyulmamış meyvə-tərəvəz məhsulları ilə yoluxulur. Bunlara Ascaris lumbricoides, Trichocephalus trichiurusvə s. aid etmək olar .
2.Kontakt –məişət, ev əşyaları, ev heyvanları və s. ilə (autoinvaziya, reinvaziya deyilir) Enterobius vermicularis, Himenolopis nana və s.
3.Transmissiv –həşəratlar, ağcaqanadlar, milçəklər vasitəsilə yoluxma, məs., Filariidoe cobbold və s.
4.Perkutor dəri vasitələri- hovuzlarda, açıq su hövzələrində, torpaqda ayaqyalın gəzdikdə yoluxma olur.
Növünə görə isə 3 sinfə bölünürlər.
1. Nematodlar sinfi (girdə qurdlar)-Ascarius lumbricoides, Enterobius vermicularis, Trichocephalus trichiurus
2. Sestodlar sinfi (lentşəkilli qurdlar )–Taenia arhyzchus,
Echinococcus granulozus və s.
3.Trematodlar sinfi (sorucu qurdlar) –Opisthorchis felineus rivolta, Clonorchis sinensis, Schistosoma hematobium.
Klinika:
Ümumiyyətlə, demək olar ki, helmintozlar əhalinin bütün yaş qruplarında təsadüf edilir. Lakin uşaqlarda buna daha çox rast gəlinir.
Bunun da səbəbi uşaqların dünyanı aktiv şəkildə dərk etməsidir. Bu dərketmə təkcə göz vasitəsilə yox, həm də ağız vasitəsilə həyata keçirilir. Ona görə də uşaqlar istər evdə, istər kollektivdə və ya həyətdə olan hər bir əşyanı, oyuncaqları, torpaq, daş və s. kimi əşyaları dadmağı xoşlayır. Nəticədə asanlıqla helmintlərə yoluxurlar. Bundan başqa, şəxsi gigiyena qaydalarına düzgün əməl etmədikdə helmintlərlə tez yoluxma baş verir .
Helmintoz xəstəliyinin istər böyüklərdə, istərsə də uşaqlarda klinikası çoxşaxəlidir. Bu da onların daxil olduqları yerdə durmadıqlarından, digər orqanlara miqrasiya edib öz metabolitləri ilə həmin üzv və toxumaları nə dərəcədə zəhərləməsindən asılıdır.
Odur ki, belə xəstələrdə qeyri- düzgün temperatur reaksiyası, metabolitlərlə sensibilizasiya nəticəsində sahib orqanizmdə allergik reaksiyalara (həm ümumi, həm lokal), allergik ekzantema, övrə, dermatit, bronxospazm, hətta bronxial astma xəstəliyinə qədər gətirib çıxara bilər.
Bundan başqa, qaraciyər və başqa orqanlarda eozinofil infltrasiyaları, qanda eozinofiliya və başqa simptomlar təzahür edir. Allergiya ilə yanaşı orqanizmin immunoloji aktivliyi azalır . Bu da fon xəstəliklərin gedişini çətinləşdirir.
Helmintlər bağırsaqlardan ferment, vitamin, mikroelement, amin turşularının sorulmasını çətinləşdirir. Bu da əqli və fiziki inkişafın geriləməsinə səbəb olur. Bundan başqa, onlar miqrasiya etdiyi üzvlərin funksiyasını pozaraq böyrək, sidik yolları, ginekoloji, oftalmoloji və s. xəstəliklərə səbəb olur. Uşaqlarda daha çox iştahanın azalması, yuxuda ağız suyunun ifrazı, dişlərin qıcanması, qarında ağrılar, qəbizlik, bəzən ishal, ürəkbulanma, yuxusuzluq, yorğunluq, əzginlik, yaddaş zəifləməsi, quru öskürək, qanazlığı və s kimi simptomlar olur.
Diaqnostika:
İlk növbədə həkim epidemioloji anamnez toplamalıdır: xəstə hardan gəlib, necə yaşayır, nə ilə qidalanır, şəxsi gigiyenaya necə riayət edir və s. Daha sonra isə qanın seroloji, immunoloji müayinəsi, nəcisin qurda görə müayinəsi aparılır . Müayinələr təkrar olaraq bir neçə dəfə aparılmalıdır .
Müalicə
Son illər helmintozların müalicəsində geniş təsirli yeni preparatlar təklif edilmişdir. Lakin bu preparatların heç biri 100% effekt vermir və təklif olunan kimyəvi dərmanlar bir çox əlavə təsirlərə, qaraciyər, böyrək, mədə-bağırsaq sistemində pozulmalara, müxtəlif allergik reaksiyalara səbəb olur.
Bundan başqa, bu xəstələr bir çox hallarda başqa diaqnozla müalicə alırlar və bu səbəbdən aparılan müalicə simptomatik təsir göstərir. Bu isə xəstənin tam sağalma məqsədi ilə dəfələrlə təkrar müalicəsi böyük maddi vəsait sərf etməsinə və çoxlu vaxt itkisinə gətirib çıxarır. Bildiyimiz kimi, helmintlər insan orqanizmində tək daxil olduğu üzvlərə deyil, bütövlükdə orqanizmə mənfi təsir göstərir və onların orqanizmdə yaratdığı fəsadlar çoxşaxəlidir.
Ona görə də bioloji təbabətdə helmintozları Rekkeveqin xəstəliklərin inkişafı cədvəlində (XİC) xəstəliyin mərhələsinə uyğun olaraq hər fazaya aid etmək olur .
Bunu nəzərə alaraq, helmintozların müalicəsində xəstəliyin ağırlıq və mərhələsindən asılı olaraq bioloji təbabətin bütün müalicə üsullarından istifadə edilir:
1. Drenaj -detoksikasiya terapiya
2. Turşu – qələvi balansının tənzimlənməsi
3. Biotənzimləyici terapiya
4. İzopatik terapiya
5. Ortomolekulyar terapiya
6. Mikrobioloji terapiya
Biotənzimləyici təbabətin bütün müalicə prinsipləri orqanizmə vahid bir varlıq kimi yanaşaraq onun hər hansı bir orqanını ayrılıqda müalicə etmir. Burada istifadə olunan preparatlar orqanizmin daxili özünübərpa sistemini fəallaşdırır və eyni zamanda orqanizmi toksinlərdən təmizləyir.
Helmintozların müalicəsinə ilk növbədə helmintozların orqanizmə toksiki-allergik təsirini nəzərə alaraq drenaj-detoksikasiya ilə başlanılır.
Drenaj və detoksikasiya məqsədilə toksinlərin orqanizmdən xaric olunmasına kömək üçün Lymphomyosot, həzm sisteminin drenaj preparatlarından Nux vomica–Homaccord, həmçinin, Hepar compositum, Mucosa compositum, Coenzyme compositum kimi preparatlardan istifadə edilir.
Eyni zamanda, detoksikasiya məqsədilə hidrokolonoterapiya (bağırsaqların yuyulması) üsulundan da yaşa və çəkiyə uyğun istifadə edilir.
2-ci mərhələdə antihelmint təsir göstərən fitopreparatlardan, məsələn, təbii tərkibli Helmizin–P siropundan istifadə edilir.
3–cü mərhələdə orqanizmin müdafiə qabiliyyətinin yüksəldilməsi məqsədi ilə bağırsaqların mikroflorasının bərpası, immunoloji terapiya, ortomolekulyar terapiya aparılır .
Yanaşı olaraq pəhriz saxlamaq da vacibdir: qida rejiminin düzgün qurulması gələcək intoksikasiyaların qarşısını alar, normal baqırsaq mikroflorasının yaşamı üçün münbit şərait yaradar. Gündə 3-4 dəfə az porsiyalarla qidalanmaq, yemək vaxtı rahat və sakit şərait yaratmaq lazımdır.
Pəhriz Dr.Vertmana əsasən təbii qidalardan təşkil olunur, ilkin antigenlər -süd, yumurta, qırmızı ət- istisna edilir. Bunlarla yanaşı, OLMAZ:
►Konservləşdirilmiş, qızardılmış, hisə verilmiş qidalar
► Karbonatlaşdırılmış sərinləşdirici içkilər
►Duza qoyulmuş tərəvəzlər, konservlər
► Rafinə olunmuş şəkər və şəkər məhsulları
► Sitrus meyvələri və s.
Orqanizmin daxili mühitini tənzimləmək, bağırsağın zədələnmiş selikli qişasını bərpa etmək, immun sisteminə dəstək vermək üçün İzopatik preparatlar olan Citrokehl, Sanuvis, Alkala, Fortakehl, Rebas, Exmykehl istifadə olunur.
Yəni bu mərhələdə müalicə toksikozun ləğv olunması, drenaj terapiya, bağırsaqların ferment aktivliyinin yaxşılaşdırılması, immun statusun korreksiyası, bağırsaqların selikli qişasının bərpası, ödqovucular təyin edilir. Xəstəliyin klinikasına əsasən bu müalicənin müddəti 1-2 həftə davam edir:.
Ortomolekulyar terapiya: vitamin B12, Lipiscor, Mapurit və s. kimi preparatlardan istifadə edilir .
Mikrobioloji terapiya helmintozların müalicəsində ən əsas yerlərdən birini tutur, çünki helmintoz xəstəliklərinin əksəriyyətində bağırsaqların mikroflorasının pozulması–disbakterioz, bağırsaq motorikasının pozulması, həzm vəzilərinin funksiyasının pozulması və xroniki infeksiya ocaqlarının əmələ gəlməsi müşahidə olunur. Odur ki, biotənzimləyici terapiyanı mikrobioloji terapiya ilə müştərək aparmaqla bağırsaq mikroflorasını bərpa etmək və yerli immuniteti tənzimləmək, həzm prosesini normallaşdırmaq mümkündür.
Bu məqsədlə bifido- və laktofloranı bərpa etmək üçün Symbiolact preparatından, tərkibində canlı E.coli ştamları olan Symbioflor-2, yaxud ehtiyac olarsa, hər iki mikrobun cansız ştamları olan ProSymbioflor preparatından istifadə edilir. Ümumiyyətlə, bu müalicə planını həkim xəstəliyin klinikasına əsasən özü fərdi olaraq tərtib edir.
Beləliklə, bioloji tənzimləyici terapiyanın üsullarından kompleks şəkildə istifadə etməklə orqanizmin tarazlıqdan çıxmış fizioloji, təbii sistemlərini bərpa etmək, eyni zamanda, xəstəliklərin simptomlarını yox, xəstənin özünü təbii yolla müalicə edərək kimyəvi terapiyanın dağıdıcı təsirinin qarşısını almış oluruq.