İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi həkimlərin işə qəbulu üçün yeni qaydalar hazırlayır. Hazırda qaydalar layihəsi üzərində iş
aparılır. Sənəd təsdiq edildikdən sonra bu barədə ictimaiyyətə məlumat
veriləcək. Qeyd edək ki, hazırda həkimlərin mərkəzləşdirilmiş şəkildə işə qəbulu Səhiyyə Nazirliyi tərəfindən aparılır.
Gələn il yanvarın 1-dən ölkə üzrə icbari tibbi sığorta sisteminin tətbiqi nəzərdə tutulub.
Gələn ildən dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələri
(Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi, Məhkəmə Tibbi Ekspertiza və
Patoloji Anatomiya Birliyi və onun şöbələri, Respublika Gigiyena və
Epidemiologiya Mərkəzi, habelə onun tabeliyindəki dezinfeksiya
stansiyaları və profilaktik dezinfeksiya şöbələri, Əczaçılıq və Tibb
Sənayesi Birliyi, tibb tədris müəssisələri, Akademik Zərifə Əliyeva
adına Milli Oftalmologiya Mərkəzi və onun Masallı rayon filialı, Milli
Onkologiya Mərkəzi və onkoloji xəstəxanalar (dispanserlər), Respublika
Leproz (Cüzam) Xəstəxanası, taun əleyhinə stansiya və şöbələr, İctimai
Səhiyyə və İslahatlar Mərkəzi, Respublika QİÇS-lə Mübarizə Mərkəzi, ailə
planlaması məsləhətxanaları və mərkəzləri, ailə və nikah
məsləhətxanaları, "Tibb" qəzeti, "Azərbaycan Tibb Jurnalı", Azərbaycan
Respublikası Dövlət Elmi-Tibbi Kitabxanası, Azərbaycan Təbabəti Muzeyi,
"Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi" və "Azərtibbtəchizat"
məhdud məsuliyyətli cəmiyyətləri, İnnovasiya və Təchizat Mərkəzi,
sanatoriyalar və kurort üsulları ilə müalicə edən tibb müəssisələri,
Bakı Sağlamlıq Mərkəzi, Talassemiya Mərkəzi və Tikilməkdə Olan
Müəssisələrin Müdiriyyəti istisna olmaqla) İcbari Tibbi Sığorta üzrə
Dövlət Agentliyinin nəzdində yaradılan "Tibbi Ərazi Bölmələrini
İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) tabeliyində fəaliyyət
göstərəcək.