Məzahir Quliyev
Rinoplastik cərrah,
LOR həkim
Həkimlik sadəcə bir peşə sahibi olmaq deyil, həm də öz həyatını başqalarına həsr etmək deməkdir. Biz həkimlər hər gün, hər saat, hər dəqiqə öz ixtisasımıza uyğun olaraq, insanları xilas etməyə, onların həyatını qorumağa, ən dərin ağrılarından qurtarmağa çalışırıq. Hər əməliyyat bir insanın ümidi, hər müdaxilə bir ailənin gələcəyidir. Amma bəzən, hər şeyin ən yaxşısını etsək də, həyatın və taleyin qarşımıza çıxartdığı çətinliklərdən heç vaxt "tam sığortalı" olmuruq.
Heç bir həkim əməliyyatdan sonra fəsadlaşmalar və gözlənilməz, arzuolunmaz hallardan sığortalanmayıb. Biz hər zaman maksimum diqqət və tədbirlərlə işimizi görürük – əməliyyatdan əvvəl, əməliyyat zamanı və əməliyyatdan sonra ehtimal olunan fəsadlaşmaların qarşısını almaq üçün lazım olan hər şeyi edirik. Lakin, bəzi hallarda ən mükəmməl hazırlıq belə kifayət etməyə bilir. Biz heç vaxt bunu unutmuruq və hər əməliyyata Allaha inam və dua ilə başlayırıq, çünki bəzən yalnız tibbi profilaktik tədbirlər kifayət etmir, inam və dua da bizə güc verir.
Bu gün həmkarımız Sənan doktorun üzləşdiyi faciə ilə bir daha gördük ki, bütün hazırlıqlarımıza baxmayaraq, bəzən nəticələr bizim nəzarətimizdən kənarda qala bilir. Sənan doktor, ən yaxşı niyyət və hazırlıqla əməliyyatı həyata keçirdi, amma nəticələr bəzən istədiyimiz kimi olmur. Bu nəticə ilə bağlı ətraflı araşdırma və ekspertizalar başa çatmamış, sadəcə səslənən iddialar əsasında ona 3 aylıq həbs qərarının verilməsi, yalnız onun deyil, bütün həkimlərin motivasiyasına mənfi təsir edir.
Bu qərar yalnız Sənan doktorun deyil, hər birimizin zəhmətinə, fədakarlığına, əzminə və insanlığımıza qarşı mənfi münasibətdir. Biz gecə-gündüz çalışırıq, öz sağlamlığımızı və şəxsi həyatımızı riskə atırıq, amma nəticə olaraq nə görürük? Biz həkimlər, istər-istəməz günahlandırılırıq. Bizim çəkdiyimiz əzab və çətinliklər heç zaman görülmür, amma heç vaxt öz işimizə olan sevgimizi və insanlara qarşı məsuliyyətimizi itirmirik, çünki biz işimizi sevirik və peşəmizin haqqını vermək üçün and içmişik.
Sənan doktor haqqında verilən bu qərar, yalnız bir insanın haqqını yox, bütün həkimlərin haqlarını təhdid edir. Bizim işimiz insanları xilas etməkdir, amma biz həkimlər, özümüzü necə sığortalayacağıq? İnsanlara həyat bəxş edib onları məmnun etmək üçün əlimizdən gələni edirik, bizə qarşı bu qədər ağır davranılmasının səbəbi nədir?
Həkimlər yalnız tibbi bacarıqları ilə deyil, ürəkləri ilə və vicdanları ilə işləyirlər. Bunu ailəsində həkim olan hər kəs bilir. Amma indi biz yalnız bir sual veririk: Bizi kim qoruyacaq?
Hər bir həkim bu sualı öz daxilində daşıyır. Amma biz inanırıq ki, ədalət nəhayət, hər birimizə, həm də Sənan doktora münasibətdə yerini tapacaq. Çünki biz həkimlər, nə olursa olsun, insanları xilas etməyə davam edəcəyik. Amma yalnız bir şərtlə: öz həyatını qurban vermək bahasına insanların həyatını xilas etməyə hazır olan bir həkim olaraq (bunu COVİD pandemiyası sübut etdi) bizim də haqlarımız qorunmalıdır.
Sənan doktor yalnız bir həkim deyil, o, bizlərin, ümumiyyətlə, bütün tibbi cəmiyyətin bir üzvüdür. Onun fədakarlığı bizim hamımızın səsidir. Ona və hər bir həkimə dəstək olmaq, yalnız bir peşəkarın deyil, bir insanın haqqını qorumaq deməkdir. Biz bu yolu yalnız birgə getməliyik, çünki bizdən sonra gələnlər, gənc nəsil həkimlər, onların motivasiyası üçün bu mübarizə daha da vacibdir.
Sənan doktorun vəziyyəti, yalnız bir həkimin faciəsi deyil, bütün tibb işçilərinin haqqını tapdalayan bir hadisədir. Biz tibb işçiləri olaraq hər bir nəticə üçün məsuliyyət daşıyırıq, amma təəssüf ki, nəticələr bəzən bizim istədiyimiz kimi olmur. Odur ki, hüquq-mühafizə orqanlarından xahiş edirik: Həkimlərin əzmkarlığını sarsıtmayın.
Biz inanırıq ki, ədalət yerini tapacaq və hər bir həkim haqqını alacaq. Biz insanları xilas etməyə davam edəcəyik, amma bir şərtlə – bizim hüquqlarımız, bizim əzmkarlığımız qorunmalıdır.