Şirvan sakininin qarnından 8 ay əvvəl əməliyyat zamanı unudulan tampon aşkar edilərək götürülüb.
Medicina.az APA-ya istinadən xəbər verir ki, Şirvan sakini, 65 yaşlı Alim Səməd oğlu Zülfüqarov bu ilin yanvarın 21-də Şirvan Müalicə Diaqnostika Mərkəzinin cərrahiyə şöbəsində prostat vəzisindən əməliyyat olunub. İlk əvvəl səhhətində problem yaşamayan pasiyentin daha sonra vəziyyəti ağırlaşıb.
Əməliyyatı həyata keçirən Şirvan Müalicə Diaqnostika Mərkəzinin cərrahı İlqar Mirzəyevə müraciət olunsa da, o, xəstəni sakitləşdirərək bunun adi hal olduğunu bildirib. Vəziyyəti kritik həddə çatandan və bir çox klinikalara müraciətdən sonra A. Zülfüqarov bu il avqustun 10-da Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasında əməliyyat olunub. Xərçəng diaqnozu qoyulan xəstənin qarnından 8 ay əvvəl Şirvan Müalicə Diaqnostika Mərkəzində əməliyyat zamanı unudulan çürümüş tənzif (tampon) aşkar edilərək çıxarılıb. Cərrah-həkimin səhlənkarlığı nəticəsində pasiyent həyatını itirmə təhlükəsi ilə üzləşib. 8 ay ərzində xəstə dəhşətli ağrılarla yaşayıb.
A. Zülfüqarovun bildirdiyinə görə, həmçinin ailəsi maddi problemlərlə üzləşib, onun həyata qaytarılması ailəyə 10 min manata başa gəlib. Baş verənlərə baxmayaraq, pasiyenti bu vəziyyətə salan həkim-cərrah İlqar Mirzəyev xəstədən üzr istəməyi belə özünə rəva bilməyib.
Şirvan Müalicə Diaqnostika Mərkəzinin həkim-cərrahı İlqar Mirzəyevlə əlaqə saxlasaq da, o, məsələyə münasibət bildirməkdən imtina edib və bildirib ki, araşdırma aparılır.
A. Zülfüqarov həkimin səhlənkarlığı barədə Şirvan şəhər prokurorluğuna müraciət edib. Faktla bağlı Respublika Baş Prokurorluğunun mətbuat xidmətindən APA-ya bildirilib ki, A. Zülfüqarovun müraciəti əsasında Şirvan şəhər prokurorluğunda cinayət işi açılıb, istintaq işləri davam etdirilir. İstintaqın yekunu barədə əlavə məlumat veriləcək.
Qeyd edək ki, Alim Zülfüqarov 44 günlük Vətən Müharibəsi şəhidi, XTQ zabiti Zeynal Zülfüqarlının atasıdır.
https://youtu.be/wvWugJVjtbo