Həkimə getmək, müayinə çoxları üçün stresdir. İndiki dövrdə hər kəs özündə ağır xəstəlik aşkarlanacağından qorxur. Tərslikdən elə həkim var ki, analizlərə baxan kimi başını bulayır, ya da sizin xəstə halınıza gözlərini böyüdüb qəribə- qəribə baxır. Qorxulu suallar, dəhşətli proqnozlar, gümanlar, risklər – həkim otağına sadəcə qriplə bağlı yolu düşən pasiyenti də gözləyə bilər. Pasiyentin ilk olaraq üz tutduğu həkim isə terapevtdir, el dilində desək can həkimi.
Medicina.az dünya mətbuatına istinadən terapevtlərin xəstəyə dediyi 5 qorxulu cümlələri toplayıb. O cümlələr ki, pasiyentlərin çoxu eşidir. Eləsi var, heç bu sözlərin də təsiri olmur, xəstəxanadan çıxan kimi hər şeyi unudur, elə xəstə də var ki, gecə səhərə kimi yata bilmir, öləcəyinə inanır.
Terapevtlərin isə niyə belə etməsinin səbəbi isə sual altındadır? Bəlkə də belə lazımdır...
1.Bu vaxta kimi hardaydız, niyə gec gəlmisiz?
Bu cümlədən sonra insanın ilk beynindən keçən artıq ölümcül vəziyyətdə olması, müalicəyə isə gecikdiyi keçir. Artıq vəsiyyəti yazmaq zamanıdır.
Əslində isə həkim bu sözlə öz səhhətinə biganə olan pasiyenti utandırmaq istəyir. Yəni vaxtında, hətta xəstələnmədən öncə həkimə gəlmək lazımdır. Tibbi etikaya görə, hətta ağır formada terapevtə gəlmiş pasiyenti gec gəldiyinə görə qınamaq olmaz.
Pasiyent dərsə gecikən uşaq deyil. Onun canı özünə daha şirindir. Həkimə gec gəlməsində utanılacaq bir şey yoxdur. O nə vaxt imkan edibsə gəlib, fakt gəlib və həkimdədir. Terapevtin vəzifəsi düzgün diaqnoz və müalicəni təyin etməkdir.
2.Sizdə törəmə, şiş var, amma biz onu müalicə edəcəyik
Pasiyentə indiki zamanda şiş sözünü demək ölüm deməyə bərabərdir. Amma həkimlər bilir ki, hər törəmə, hər şiş xərçəng deyil, xoşxassəli şiş də ola bilər. Bu şişlər peşəkar cərrahı əlində 5 dəqiqəlik işdir. Hətta bədxassəliyə şübhə olsa belə bunu açıq-aşkar pasiyentə demək olmaz. Terapevtin müayinəsi, gözü bunu ayırd etməyə yetmir. O zaman daha dərin müayinələrə və müvafiq həkimlərə göndəriş olmalıdır. Yalnız biopsiya cavabından sonra xəstəyə xərçəngsən deyilə bilər.
Ona görə terapevt, USM həkimi, analiz cavabı verən tibb işçisinin sizə şiş barədə danışmağa sadəcə ixtiyarı yoxdur. Danışsa belə ürəyinizə salmayın, daha dəqiq müayinələrə gedin.
3.Axırıncı dəfə nə vaxt hepatit və ya QİÇS-dən analiz vermisiz?
Bu sualı adi qızdırmalı, qripi olan xəstəyə də verirlər, böyrəyi, qarnı ağrıyana da. Sadəcə indi bu xəstəliklərin geniş yayıldığını nəzərə alan həkimlər bunları istisna etmək istəyir. Həm də özünə hörmət edən pasiyent ən azı hepatit olub olmamasını bilməlidir. QİÇS kimi ağır simptomlu virusun əlamətləri sizdə yoxdursa, o zaman həkim bu sözü heç dilinə gətirməməlidir. Əgər deyirsə, o zaman əsaslandırsın.
Hepatit isə insanda halsızlıq yaratdığından və gizli getdiyindən birinci onu düşünür. Bu sözlər də sizi qorxutmasın, amma əgər söz ağızdan çıxdısa, can rahatlığı üçün 3-5 ildən bir bu analizləri verin.
4.Bu köklüklə sizi gələcəkdə diabet və infarkt gözləyir, bu nə çəkidir?
Artıq kiloları və piyləri xəstənin üzünə vuran həkimlər az deyil. İndi çox xəstəyə arıqla deyirlər. Amma fakt deyil ki, hər artıq çəkili adam piylənmədən əziyyət çəkir və ya hər piyli insan diabet və ya infakrt olacaq.
Əgər həkim piylənmədən söz açırsa, zəhmət çəkib indeksi hesablasın və diaqnoz qoysun. Əgər həqiqətən indeks yüksəkdirsə, o zaman çəkinin azaldılması üçün tədbirlər görün.
5.Sənin bu xəstəliyinlə heç nə etmək olmaz, barışıb ömrünün sonuna kimi yaşamalısan
Bu cümlə o halda deyilə bilər ki, sizdə şəkərli diabet, psoriaz, qastro reflüks olsun. Bunlardan insan ölmür, xəstəlik periodik kəskinləşir, amma həyati təhlükə də olmur. Həkim sizə bu xəstəliklə yaşamağı öyrətməlidir.
Qalan hallarda elə bir xəstəlik yoxdur ki, insan onunla barışsın. Bu halda həkiminizi dəyişsəz yaxşıdır. Hər dərdin çarəsi var.