Ötən gün sünnət əməliyyatından sonra ciddi zərər görmüş 8 yaşlı oğlan barədə xəbərlər yayıldı.
“Medicina” xəbər verir ki, uşağın atası Çingiz Seyidlinin bildirdiyinə görə, Fuad Nəzərov tərəfindən icra edilən sünnət əməliyyatı zamanı dəri çox kəsilib və sidik kanalı yandırılıb. Əməliyyatdan sonra uşaq sidiyə gedəndə qanaxma olub.
Sonradan çox həkimlərə getsə də, eləcə də Rafael Soltanov tərəfindən cinsi orqana əlavə dəri toxuması köçürülsə də dəri bərpa olmayıb.
Beləliklə, uşaq həm fiziki, həm mənəvi əziyyət çəkir, sağlamlığı düzəlmir. Həkim isə səhvi boynuna almır.
Uşağın atasının Medicina.az -a bildirdiyinə görə, son həftədə uşağın vəziyyəti lap pisləşib:
"Dünən də televiziyadan gəlib çəkdilər. Uşaq sidiyə çətinliklə çıxır. Açığı, heç nəyə inamım da qalmayıb. Uşağın vəziyyəti düzəlmir. Ata kimi əzab çəkirəm. Uşağı öz gözünüzlə görsəniz, dəhşətə gələrsiniz. Sidiyə gedəndə ölüb-ölümdən qayıdır".
Çingiz Seyidlinin bildirdiyinə görə, uşağı sünnət edən Fuad Nəzərov dövlət xəstəxanasında çalışır, amma sünnəti özəl klinikada icra edib:
"Əməliyyatı MedAura adlı klinikada edib. Başımıza bu oyunu açdı, indi də qalmışıq ortada".
Məsələ ilə bağlı Medicina.az -ın əməkdaşı araşdırma edərək, uşaq urologiyasında Azərbaycanın ən peşəkar həkimlərindən olan Uzman Pərviz Hacıyevlə əlaqə saxladı.
Türkiyə və ABŞ-da uzun müddət iş təcrübəsi olan, bu günlərdə ölkəyə qayıdaraq "BADAM" klinikasında çalışan cərrah sorğumuza cavab olaraq, həmin uşağı müayinə etməyə hazır olduğunu bildirib:
"Əgər ciddi zərər yoxdursa, bərpa etməyə cəhd etmək olar, yenə də müayinə etmədən fikir bildirmək çətindir".
Həkim sünnət zamanı belə fəsadlarla çox qarşılaşdığını deyib:
“Təəssüf ki, bu pasiyent ilk deyil, çox sıx rastlaşırıq. Sünnətə əks göstərişi olub-olmadığı yoxlanılmadan uşaqlar sünnət olunur. Bunun da acısını uşaq, valideyni və əziyyətini bu səhvi düzəltməyə çalışan digər həkimlər çəkir. Sünnətdən öncə mütləq mütəxəssis tərəfindən müayinə edilməlidir. Cinsiyyət üzvünün sünnətə əngəl olan problemlərinə baxılmalıdır. Bəzən uşaqda hipospadiya olur, onu sünnət etmək olmaz. Bəzi uşaqlarda gömülən cinsiyyət üzvü olur. Onu da sünnət edəndə sünnət dərisi çox kəsilir, cinsiyyət üzvü çox kiçilir, belə halda gözləmək lazımdır. Bu, ciddi problemdir. Əgər uşaqda cinsiyyət üzvü gömüləndirsə, sünnət deyil, başqa əməliyyat icra edilir.
İkincisi, düzgün alətlərdən istifadə edilməməsi nəticəsində - lazer metodu ilə edilən sünnətlərdə təəssüf ki, cinsiyyət üzvü, dərisi, hətta sidik kanalı da zərər görə bilər. Bundan sonra ciddi əməliyyatlar lazım olur. Sünnət bir əməliyyatdır, onu səhv edəndə, uşaqda ömür boyu problemlər qala bilər”.
Aygün Musayeva
Medicina.az