Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Ədalətli cəmiyyətdə sağlam yaşaya bilmək...Həkim və hakim -

  • 2019.03.29 13:09
  • 12530 Baxış
 Ədalətli cəmiyyətdə sağlam yaşaya bilmək... Həkim və hakim -
Mərhəmət və şəfqət, ədalət və humanistlik barədə düşünərkən


Xalid NİYAZOV



 

Həyətdə yaşıdları ilə oynayan bir uşağı kəskin ağrılarla xəstəxanaya çatdırırlar. Məlum olur ki, el arasında deyildiyi kimi, "appendisitdir” və təcili əməliyyat olunmalıdır. Cərraha xəbər versələr də o vaxtı uzadır, xəstənin yiyəsini gözləyirmiş. Nəhayət, əlində bükülü hövlank otağa girən "uşaq yiyəsinin” öz arvadı olduğunu görən həkim başını tutub əməliyyat otağına cumur… Ancaq gec idi.


Deyilənə görə, sonralar həmin ailə dağıldı.


Bilmirəm, həqiqətdir ya uydurma, amma bu söhbəti xeyli var eşitmişdim. Bəziləri belə bir əhvalatın baş verə biləcəyinə inanırlar, bir başqaları isə həqiqətə çox oxşasa da, hər halda uydurma olduğunu düşünürlər.


Amma qatil həkim-ata obrazı heç kimi biganə buraxmır.


* * *


Hakim əynindəki mantiyanı soyunub pəncərəyə yaxınlaşdı. Baharın gəlişi budaqların ağlı-çəhrayılı çiçək fəvvarəsindən duyulurdu. İndi o tək idi. Nə salon vardı, nə salondakılar. Vicdanı ilə başbaşa qalıb düşünürdü … bu hökmü çıxarmaqla səhv etmədimmi? Məndən ədalətli qərar gözləyənlərin zəndini aldatmadımmı?


Kimsə ədalət mühakiməsinin həyata keçirildiyi Ədalət sarayından narazı gedə bilər. Ancaq çıxarılan qərarın yeganə ədalətli qərar olduğu heç kimdə şübhə doğurmamalıdır.


* * *


Həkim və hakim!


Diplomları ayrı olsa da hər ikisinin ictimai təyinatı eynidir.


Hər ikisinin hüquqlarımıza dəxli var; birinin vətəndaş, digərinin isə təbii yaşam.


Hər ikisi and içir: biri Hippokrata. Ki… – Gücüm çatdığı qədər müalicəmi heç bir vaxt pislik üçün deyil, kömək üçün istifadə edəcəyəm. Hansı evə girirsəm-girim, xəstəyə kömək üçün girəcəyəm. Qəsdli olan bütün pisliklərdən qaçacağam…


Digəri Dövlət bayrağı önündə: "Ədalət mühakiməsini Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına tam uyğun olaraq, qərəzsiz, ədalətlə həyata keçirəcəyimə, hakimin müstəqilliyini və ləyaqətini qoruyub saxlayacağıma, yüksək hakim adına hörmət ruhunda davranacağıma and içirəm!”


Ağ həkim xalatı və qara hakim mantiyası – həyatla ölüm, ədalətlə haqsızlıq arasındakı ən kəsə və düzgün yolun rəngidir.


İnsan dünyaya gələndə də, dünyasını dəyişəndə də yanında həkim olur. Doğuşla ölüm arasında hər birimizi müşayiət edən yeganə peşə sahibidir həkim.


Biri insanların ictimai azadlığının, digəri bioloji varlığının keşiyində dayanıb.


* * *


Həmişə düşünmüşəm ki, həkim xəstəsini tək dava-dərmanla müalicə etmir. Çarpayıya məhkum, hər bir əzası xəstəliklə ölüm-dirim mübarizəsi aparan insan çox vaxt öz nicatını zəhər dadan həblərdə, ağrılı iynələrdə deyil, həkiminin səmimiyyətində, ümidverici sözlərində, şirin söhbətində, məhrəm davranışında axtarır … və bəzən tapır da. Ona görə də həkim nə qədər peşəkar, təcrübəli olursa-olsun, canını ona etibar etmiş xəstənin umduğu o bir əlçim qayğıdır, humanistlikdir, mərhəmət və şəfqət payıdır.


Bu gün bəzi ali məktəblərə qəbul zamanı abituriyentlər qabiliyyət imtahanı verirlər. Axı, məxsusi istedadı olmayandan nə aktyor, idmançı, jurnalist?!


Bəlkə tibb universitetinə qəbul olmaq istəyən gənclər də xüsusi qabiliyyət imtahanı versinlər – "İnsana məhəbbət” fənnindən?!


İnsanı sevmədən onu sağaltmağa cəhd göstərmək əvvəlcədən uğursuzluğa məhkum bir məşğuliyyətdir. Lakin təəssüflər olsun ki, bu gün hər bir başqa sahədə olduğu kimi, həkimlərin arasında da məsləyinə kəm baxanlar az deyil.


O cəmiyyət əxlaqdan xalidir ki, bir parça mərhəmətə umsuq olan xəstə şəfqət gözlədiyi halda, kimlərinsə "çörək ağacına” çevrilir.


Ölkənin inkişafı göz qabağındadır. Artıq respublikanın rayonlarında belə qonşu ölkələrin paytaxtlarının həsəd apara biləcəyi ən müasir xəstəxanalar, müalicə-diaqnostika mərkəzləri tikilib. Tibb universiteti dayanmadan mütəxəssis istehsal edir. Elədə, nədən bu gün az-çox imkanı olan da adi zökəmi belə müalicə etmək üçün İrandan, Türkiyədən, Rusiyadan vurub Almaniyadan, İsraildən, Amerikadan çıxır?!


İmkansızlar isə çarəsizlikdən şəhər poliklinikalarının, xəstəxanalarının, son illər yağışdan sonrakı göbələk kimi artan dələduz klinikaların "təcrübəlik dovşanına” çevrilirlər.


Bir kimsənin bostanına daş atmaq fikrindən uzağıq. İstənilən peşə sahibinin içində nadürüstü, kəmfürsəti, ipiqırığı, başı pambıqla kəsəni var. Ancaq insan dünyada ən şirin nemət olan canı ağrıyanda ümid yeri kimi həkimin yanına cumur. Və o da şəfqət boxçası əvəzinə cibini gen açanda işlər olur, necə deyərlər, qullabı.


Sirr deyil ki, bu gün saxta diaqnoz verən həkim və müalicə müəssisələri mövcuddur. Səbəb və məqsəd eynən kolxoz bazarındakı kimidir; həkim də kartof satan kimi adamın baz-burutuna, üst-başına baxıb nırx, pardon, diaqnoz qoyur. Bəlkə elə buna görədir ki, başqa məmləkətlərdə xəstəyə "pasient” kimi, bizdəsə "klient” kimi baxırlar?!


Qınamayın, nabələd xəstəni həkim yanına ötürən tibb bacısının "Allah şəfa versin!” əvəzinə qımışa-qımışa "Allah xeyir versin!” dediyinə qulaqlarım şahid olub.


Qəribədir, bəlkə də Yer üzündə yeganə millətik ki, övladımızın hüquqşünas, yaxud da həkim olması üçün rüşvət verməkdən belə çəkinmirik. Görəsən, heç düşünürükmü ki, ali məktəbi alababat başa vurub tibb müəssisələrində, hüquq-mühafizə və məhkəmə orqanlarında işə düzələn həmin gənclər neçə insan taleyini puç edəcək, neçə ailənin çırağını söndürəcəklər?!


Özü də bilərəkdən deyil, məhz bilməməkdən!


* * *


Yəqin ki, çoxumuz uşaqlıqda rəis-prokuror olmağı arzulamışıq. Doğrudan da, kitelin döşündə və paqonlarda bərq vuran qızılı ulduzlar dünyanın çox gərdişlərindən baş çıxarmayan yeniyetmələr üçün ədalət və qanunçuluğun keşikçisi obrazından daha çox imtiyazla, yaxşı dolanışıqla və bir az da qorxu ilə səsləşirdi.


Vətəndaş özünün ədalət axtarışlarında həmişə hüquq-mühafizə orqanlarına, məhkəməyə baş vurur. Bəzən ümidləri çiliklənsə, ədalət və humanizm əvəzinə daha böyük haqsızlıqlarla üzləşsə də, onun dərgahına pənah aparacağı özgə bir ünvan yoxdur da!…


Ədalət anlayışının ruhani ehtiyacdan felən zərurətə çevrildiyi bir dövrdə insanların möhkəm dövlət, etibarlı hakimiyyət, xəlqi iqtidar, qanun və qanunçuluq, humanizm və ədalət barədə təsəvvürlərinin sabitqədəm xarakter almasında, heç şübhəsiz, Bencamen Dizraelinin ibarəsincə desək, həqiqətin hərəkətdə olan forması sayılan ədalət mühakiməsində Siseronun "danışan qanun” adlandırdığı hakimlərin əvəzsiz rolu vardır.


Hər bir hüquqşünas dərk etməlidir ki, hakim mantiyası onun vəzifə karyerasının ən yüksək zirvəsidir. Hüquqi cəmiyyətdə hakimdən daha nüfuzlu və hörmətli ikinci bir adam təsəvvür etmək çətindir. Buna görə ilk növbədə hakimlərin sıralarına təsadüfi adamların düşməsini istisna etmək vacibdir.


Bu gün məhkəmələrin ədalətsizliyi, hakimlərin qeyri-obyektivliyi ilə bağlı saysız-hesabsız "rəvayətlər” dolaşır. Heç şübhəsiz, hər bir başqa sahədə olduğu kimi hakimlərin sırasında da eləsi var ki, "ətəyində namaz qılmaq” mümkün deyil.


Gizli deyil ki, bəzən məhkəmənin əsas prinsipi sayılan çəkişmə prinsipi "ciblərin” bəhsinə, Femida xanımın tərəzisisə nəfsin ədalətə pərsəng vurduğu qapana çevrilir. Buna görə də təsadüfi adamların insan talelərinin həll olunduğu məhkəmələrə düşməsinin qarşısının alınması, ən savadlı və mənəviyyatca təmiz adamların hakim seçilməsi ölkə vətəndaşlarında məhkəməyə və hakimlərə olan inamı artırardı.


Son vaxtlar ölkə prezidenti İlham Əliyevin məhkəmə-hüquq islahatlarının keçirilməsinin vacibliyi ilə bağlı qətiyyətli fikirləri də bu təsərrüfatda nəhayət ki, bir çəki-düzənin yaranacağına ümid közərtiləri yaradır.


***

Həkimlik də hakimlik də həyatda hər hansı bir digər məsləklə müqayisə olunmayacaq qədər şərəfli peşədir.


Biri Allahın qismət etdiyi sağlamlığımızın keşiyində dayanır, o biri vətəndaş cəmiyyətinin ən ali nailiyyəti olan insan hüquq və azadlıqlarının.


Ədalətli cəmiyyətdə sağlam yaşaya bilmək böyük xoşbəxtlikdir.

 Ədalətli cəmiyyətdə sağlam yaşaya bilmək... Həkim və hakim -