Hikmət Cavadov: “Ürəyə yük salmaq olmaz, həkimlər də qadağan etmişdi”
“Müharibədən öncə də jurnalistika fəaliyyətindən əlavə, İdrak Camalbəyli diasporun fəal üzvü idi. Son dövrlərdə vilayətlərdə diaspor tədbirlərinin işıqlandırılması üçün çox işlər görüb, müharibə ilə bağlı ən qaynar nöqtələrdə çalışıb. Cəbhə bölgələrinə gedirdi, reportajlar hazırlayırdı. Müharibədə iştirak edən azərbaycanlıları axtarıb tapırdı. Ümumiyyətlə, diasporun fəaliyyətinə töhfələri çox olub”.
Medicina.az xəbər verir ki, bu fikirləri Musavat.com-a Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, Ukrayna Ali Rada sədrinin müşaviri Hikmət Cavadov deyib.
O bildirib ki, İdrak Camalbəyli 1 il öncə ürəyində yaranan problemlə bağlı həkim nəzarətində idi:
“Ukraynada ürəyinə stend qoyulmuşdu. Həkim ona idman etməyi qadağan etmişdi və başqa qadağalar qoymuşdu. O isə futbolu sevirdi, hər həftə futbol oynayırdı. Biz də demişdik olmaz, amma qismət... Mən xəbəri gecə aldım. Sonuncu dəfə dünən telefonla danışmışdıq. Səhhəti normal idi. Özünü pis hiss edən adam futbol oynamaz... Futbol oynayan zaman qəflətən ürəyi tutub. Ürəyə yük salmaq olmaz, həkimlər də qadağan etmişdi. Qismət...”
Hikmət Cavadov mərhum jurnalistin nəşinin gətirilməsi üçün lazımi işlərin görüldüyünü qeyd edib:
“İdrak Camalbəylinin nəşinin Bakıya aparılması ilə bağlı prosedur üçün lazımi sənədlər toplanır. Xüsusi ritual şirkətin vasitəsilə Moldova üzərindən gətiriləcək. Biz Ukraynada qəhrəmancasına həlak olan azərbaycanlılar üçün vida mərasimi təşkil edirik. Çətin şəraitdə hərbi reportyor olmaq asan deyil. Buna görə də İdrak Camalbəyli üçün vida mərasimi təşkil edəcəyik. Onun əziz xatirəsini yad etmək üçün mərasimin rəsmi qaydada, qarovulun müşayiəti ilə keçirilməsinə çalışacağıq. Bizdə olan məlumata görə, Masazırda dəfn olunması üçün danışıqlar aparılır. Dəqiq məlumat Bakıda bilinəcək”.