Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Həkim: "Maskadan xilas olacağımızı düşünmürəm" - MÜSAHİBƏ

  • 2021.04.17 11:55
  • 1822 Baxış
Həkim: "Maskadan xilas olacağımızı düşünmürəm" -  MÜSAHİBƏ

İnfeksionist-pediatr Aytən Ziyadovanın sözlərinə görə, koronavirusu yaxınlarına yoluxduran insanlar ağır vicdan əzabı çəkirlər. Buna səbəb yoluxmuş insanın xəstəliyi ağır keçirməsi, bəzi hallarda isə dünyasını dəyişməsidir.

Medicina.az Publika.az-a istinadən həkimlə müsahibəni təqdim edir:

- Ramazan ayında kütləvi iftar məclislərinin təşkil olunması yoluxma sayında artıma səbəb ola bilərmi?

- Anlayıram ki, insanlarımız kütləvi iftar məclisləri üçün darıxıb, lakin pandemiya dövründə yaşadığımızı unutmamalıyıq. Koronavirusdan qorunmaq üçün ən önəmli şərt izolyasiyadır. Pandemiyanın qaydalarına riayət olunmazsa, Ramazan ayında iftar məclisləri təşkil olunarsa, Novruz bayramında yaşanan gərginlik təkrar oluna bilər. Bu müqəddəs ayı sağlam başa vurmaq üçün diqqətli olmalıyıq.



- Hazırda ölkədə vəziyyət necədir?

- Hazırda həm böyüklərdə, həm də uşaqlarda infeksiyanın çox yayıldığını müşahidə edirik, vəziyyət kritikdir. Üstəlik, yeni ştammı insanlar daha ağır keçirir. Onu da nəzərə alaq ki, orucluq ayını yaşayırıq. Bu ayda orqanizm uzun müddət ac qaldığı üçün insanların immun sistemi zəifləyir. Təbii ki, zəifləmiş immun sistemi həssas olduğundan virusa yoluxma riski bir qədər artacaq.

- Bu yaxınlarda sosial şəbəkələrdə açıq havada maska taxılmasına qarşı "nəfəs alaq" aksiyası başladılmışdı. Bu etiraza münasibətinizi öyrənmək istərdik.

- Burada iki nüans var. Əgər siz küçədə təkbaşınasınızsa, maska taxmağa ehtiyac olmaya bilər. Amma təsadüfən kiminləsə qarşılaşa bilərsiniz. Onsuz da yetərincə xəstə var, insanlar özlərini məsuliyyətsiz apararsa, vəziyyət daha da pisləşə bilər. Odur ki, açıq havada da maska taxmağa davam etməliyik. Yaxın zamanlarda maskadan xilas olacağımızı düşünmürəm.

Bir insan 30 nəfəri yoluxdura bilər, bunlar arasında yaxınlarınız da ola bilər. Sonrakı peşmançılıq isə fayda verməyəcək.

Pasiyentlərdən "Yaxınımı yoluxdurdum, mən yüngül keçirməyimə baxmayaraq, onun vəziyyəti ağırlaşdı və reanimasiyaya düşdü" kimi etiraflar eşidirik. Və ya yoluxdurduğu insan həyatını itirdiyi üçün bu xəstələr vicdan əzabı çəkirlər. Bunun baş verməməsi üçün 3 əsas qaydaya riayət etməyi tələb edirik. Təbii ki, maskalardan istifadə rahat deyil. İnsanlar bir neçə saatlıq işi olduğu dövrdə maska taxır, həkimlər isə 8-12 saat növbələrdə olur, daim ikiqat maskalarda gəzirik. İnsanları sağaltmaq həkimlərin işidir, amma əhali də məsuliyyətli olmalıdır. Dünyada tüğyan edən dəhşətli xəstəlikdən qurtulmaq üçün hər kəsdən fədakarlıq gözləyirik.

- Azərbaycanda artıq 1 milyondan çox insan vaksin olunub. Vaksinasiya sayəsində pandemiyaya daha tez qalib gələ biləcəyikmi?

- Koronavirusun yayıldığı ilk aylardan bu günə qədər bütün infeksionistlər o fikirdədir ki, pandemiyalar adətən peyvəndlərin hesabına sonlanır. Ya insanların əksəriyyəti virusu keçirir və bədənində antikorlar yaranır, ya da vaksinasiya yolu ilə süni immunitet qazanır. Başqa bir yolumuz yoxdur. Peyvənd olunmaq ən məntiqlisidir. Çünki xəstəliyi hər kəs eyni keçirmir. Kimi daha ağır keçirir, kimində isə yüngül simptomlar özünü göstərir. Burada riskli qruplar da var. Bəzi insanlar vaksindən sonra xəstəliklərinin daha da artacağını düşünür. Xüsusilə risk qrupuna daxil olan insanlar hamıdan birinci vaksin olunmalıdır. Ehtiyatımızı möhkəm tutmalıyıq, hər kəsi vaksinasiyaya səsləyirəm, həyatımızı riskə atmamalıyıq.

Təbii ki, xroniki və ağır xəstəlikləri olan insanlar ilk növbədə həkimlə məsləhətləşməlidir. Əgər xəstəliyin aktiv dövründədirsə, vaksinin vurulması yubadıla bilər.